Erməni siyasi şərhçi Akop Badalyan Koçaryanın dediklərinin yanlış olduğunu yazıb.
Erməni şərhçi yazır: "Kazan planı”nın Ermənistan üçün təhlükəsi haqqında analitiklər, ekspertlər zaman-zaman danışıb. Həm hakimiyyət, həm də müxalifət bu planı pisləyib. Çünki "Kazan planı” Azərbaycanın müharibə hüququnu tanıyır. 2016-cı ildə "aprel müharibəsi”ndən sonra Serj Sarkisyan "Kazan planı”nın Ermənistan üçün təhlükəsini tanıdı. Sarkisyan ərazilərin Azərbaycana qaytarılması və Qarabağın müvəqqəti statusunu özündə ehtiva edən planla razılaşmışdı. Lakin İlham Əliyev sənədi imzalamaqdan imtina etdi. Həmin vaxt Bakının niyə imzadan imtina etməsi haqqında suallar yaranmışdı, lakin sonrakı proseslər göstərdi ki, Azərbaycan müharibə hüququndan istifadə etmək üçün sənədi imzalamayıb. Və "aprel müharibəsi”ndə onlar bu hüquqdan istifadə edərək, ərazilərin bir qismini qaytardı. Əgər "aprel müharibəsi”ndə Azərbaycan Ordusu Xankəndinə qədər irəliləsəydi, Minsk qrupunun həmsədr ölkələri ona heç bir etiraz edə bilməyəcəkdi. Lakin Rusiyanın vasitəçiliyi ilə müharibə dayandı. İndi Koçaryan "Kazan planı”nın hansı üstünlüklərindən danışır? Bu plan Azərbaycana müharibə hüququ verir və "aprel müharibəsi” ilə Bakı bu hüququnu daha da möhkəmləndirdi”./publika
İcmal.Az