Azərbaycan Ordusunun gücünə dost baxıb sevinir, düşmən isə kədərlənir - Deputat

OXUNUB: 1395 İQTİSADİYYAT SİYASƏT
Ordumuzun hərbi potensialı yüksəkdir. Vaxtilə adi bir gülləni də xaricdən alan dövlət bu gün artıq onun ixracını da bacarır.

Bunu Milli Məclisin deputatı Arzu Nağıyev deyib.

Deputatın sözlərinə görə, əvvəllər əsgərlər müxtəlif işlərə cəlb olunurdu, lakin son 10 ilə nəzər salsaq, görərik ki, əsgərin işi sadəcə, Vətənə xidmət etməkdir:

"Biz həm səhra, həm də dağlıq ərazidə döyüş taktikasını öyrənməli olduq. Bu gün NATO standartlarına uyğun olan ən döyüşkən ordulardan biri Türkiyə ordusudur və biz onlarla birgə təlim keçirə bilirik. Bu da onu göstərir ki, kadr potensialımız çox yüksəkdir. Moskvada keçirilən "Tank biatlonu” müsabiqəsində ölkəmizin 4-cü olmağı böyük əhəmiyyət kəsb edir. Bu nəticəni qazanmaq bizim ciddi kadr hazırlığımızı göstərir. Azərbaycan Ordusunun gücünə dost baxıb sevinir, düşmən isə kədərlənir”.

A.Nağıyev bildirib ki, hazırda ölkəmizin hərbi sənaye kompleksi də sürətlə inkişaf edir. Biz təkcə silah alan dövlət deyilik, həm də silah ixrac edən dövlətik:

"Vaxtilə adi bir gülləni də xaricdən alan dövlət bu gün artıq onun ixracını da bacarır. Azərbaycan Ordusuna ayrılan vəsait Ermənistanın ümumi büdcəsinə bərabərdir. Bu da Azərbaycan Ordusunun gücünü şərtləndirən səbəblərdən biridir”. (trend)

RƏYLƏR