Azərbaycan Prezidenti Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə verənlərə təşəkkür etdi

OXUNUB: 808 index-manşet SOSİAL
"Bilirsiniz, Azərbaycan bu sahədə də birincilik göstərdi. Mənə bu gün səhər verilən məlumata görə, bəzi başqa ölkələrdə də buna oxşar fondlar yaradılır. Biz buna ancaq sevinə bilərik. Çünki bu, birinci dəfə deyil ki, Azərbaycan tərəfindən irəli sürülmüş təşəbbüslər sonra başqa ölkələr tərəfindən də əsas götürülərək eyni addımların atılmasına gətirib çıxarır".

7News.Az xəbər verir ki, bunu Hövsan yaşayış kompleksi ilə tanışlıqdan sonra Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsində deyib.

Dövlət başçısı vurğulayıb ki, Fondun yaradılmasının əsas məqsədi milli həmrəyliyi daha da gücləndirməkdir: "Sirr deyil ki, bu gün Azərbaycan dövləti güclü dövlətdir və bizim kifayət qədər böyük maliyyə imkanlarımız var. Bax, bu gözəl şəhərsalma layihəsi bunun əyani təzahürüdür. Böyük vəsait tələb edən bir çox işlər görülür. Fondun yaradılmasının əsas məqsədi ondan ibarətdir ki, hər bir vətəndaş imkan daxilində öz vətəndaş mövqeyini göstərsin, həmrəylik göstərsin, cəmiyyətimizin əsas sütunlarından biri olan həmrəylik və mərhəmət bir daha özünü büruzə versin. Biz həm özümüzə, həm də bütün dünyaya göstərək ki, biz böyük xalqıq".

"Şadam ki, qısa müddət ərzində bu fonda verilən ianələr artıq böyük rəqəmlərə gəlib çatıbdır. Fond yarandıqda Prezidentin ehtiyat fondundan 20 milyon manat ayrılıb. Fond bir neçə gündür ki, artıq o ianələri qəbul etməyə başlamışdır. Ancaq dünən axşam mənə verilən məlumata görə, Fondda artıq 60 milyon manat vəsait yığılıbdır. Bu, xalqımızın nə qədər böyük və yüksək keyfiyyətlərə malik olduğunu bir daha göstərir. Mənim göstərişimlə "koronavirusinfo.az” saytında bütün vətəndaşların və şirkətlərin adları, onların ianələrinin məbləği göstərilir, özü də əlifba sırası ilə. Biz hamımız bərabərik və vəsaitdən asılı olmayaraq, bütün insanların, bütün şirkətlərin adları əlifba sırası ilə dərc edilir. Fürsətdən istifadə edərək bu günə qədər Fonda ianə vermiş bütün insanlara, bütün şirkətlərə dərin minnətdarlığımı bildirirəm. Bu, bir daha bizim birliyimizi, gücümüzü göstərir və onu göstərir ki, biz birgə səylərlə bu xəstəliyə qalib gələcəyik", - Prezident İlham Əliyev qeyd edib.
 
 
7News.Az

RƏYLƏR