Azərbaycan Qarabağın bərpasında da gücünü bütün dünyaya nümayiş etdirir

OXUNUB: 582 SİYASƏT
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Şuşa şəhərinə səfəri bir daha göstərdi ki, Azərbaycan Vətən müharibəsində olduğu kimi, Qarabağın bərpasında da gücünü bütün dünyaya nümayiş etdirir. Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa-quruculuq işləri sürətlə həyata keçirilir, Ermənistanın işğalı zamanı yerlə-bir edilən şəhər və kəndlərimiz, dağıdılan tarixi, mədəni və dini irsimiz bərpa olunur.

Avtomobil yollarının tikintisinə xüsusi önəm verilir. Naxçıvan Muxtar Respublikasına çıxışa imkan verən Zəngəzur nəqliyyat dəhlizinin Azərbaycan tərəfindəki Horadiz–Cəbrayıl–Zəngilan–Ağbənd hissəsinin layihəsi hazırlanır və pa­ralel olaraq tikintisi aparılır. Bununla bərabər, Böyük Qayıdış proqramı çərçivəsində müasir texnologiyala­ra əsaslanan "Ağıllı şəhər”, "Ağıllı kənd” layihələrinin icrası da diqqətdə saxlanılır.

Dövlətimizin başçısı səfər çərçivəsində Əhmədbəyli- Füzuli-Şuşa Zəfər yolunda son tamamlama işlərinin, həmçinin Füzuli Beynəlxalq Hava Limanında aparılan tikintinin gedişi ilə tanış olarkən, bu mühüm obyektlərin inşasının Qarabağ və Şərqi Zəngəzurun dirçəldilməsində mühüm rol oynayacağını bildirdi. Dövlətimizin başçısının "Qarabağın hava qapısı” adlandırdığı Füzuli Beynəlxalq Hava Limanının salın­ması isə, sözün əsl mənasında, misli görünməmiş hadisədir. Bu, düşməndən azad olunmuş torpaq­larımızda yenidənqurma və tikinti işlərinin aparılmasının prioritet istiqamət olduğunu göstərir.

Qeyd edim ki, Füzuli aeroportu işğaldan azad edilmiş ərazilərimizin dirçəldilməsində və inkişafında mühüm xidmət göstərəcək. Belə ki, hava limanı yükdaşımalar, xüsusən də beynəlxalq yükdaşımalar üçün vacib kompleks rolu oynayacaq. Eyni zamanda, Qarabağ torpağına xarici turistlərin gediş-gəlişini asan­laşdıracaq. İşğaldan azad olunan ərazilərimizin sənaye potensialını da nəzərə alsaq, sözügedən hava limanı, həmçinin Qarabağ və Şərqi Zəngəzurda istehsal olunacaq sənaye məhsullarının dünya ba­zarlarına çıxarılması və bütövlükdə regionun ixrac imkanlarının genişləndirilməsi baxımından da mühüm önəm daşıyacaq.

Prezident İlham Əliyev və bi­rinci xanım Mehriban Əliyevanın Şuşa səfəri də Azərbaycanın bu mədəniyyət paytaxtında bərpa, tikinti-quruculuq işlərinin necə geniş miqyas aldığını göstərdi. Belə ki, səfər çərçivəsində şəhərdə "Otel və Konfrans Mərkəzi”nin təməli qoyuldu, Xüsusi nümayəndəliyin yerləşəcəyi inzibati binada aparılan bərpa işlərinin gedişi ilə maraqlanıldı, Üzeyir Hacıbəylinin ev-muzeyində aparı­lacaq işlər nəzərdən keçirildi. Eyni zamanda, görkəmli bəstəkar Üzeyir Hacıbəylinin heykəlinin, Bülbülün ev-muzeyinin, dahi şair Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinin və büstünün, həmçinin "Qarabağ” otelinin açılışı mərasimləri reallaşdı.

Qarabağın incisinin-Azərbaycanın mədəniyyət paytaxtının tezliklə yenidən tikilib-qurulacağı, abadlaş­dırılacağı, dünyanın ən möhtəşəm şəhərlərindən birinə çevriləcəyi, Prezident İlham Əliyevin ötən il noyabrın 8-də xalqımızı Şuşanın işğaldan azad edilməsi münasibətilə təbrik edərkən dediyi "Əziz Şuşa, biz səni dirçəldəcəyik!” sözlərinin gerçəkləşəcəyi bu gün heç kimdə şübhə doğurmur. Dövlətimizin baş­çısının qətiyyəti, prinsipiallığı, verdiyi vədə hər zaman sadiq olmağı bu əminliyi ifadə edir. Ölkə rəhbəri İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Şuşa şəhərinə səfərində də bunun bir daha şahidi olduq.

Azər VERDİYEV,
politoloq, İkinci Qarabağ müharibəsi qazisi

RƏYLƏR