Azərbaycan səhiyyəsinin “Şirəliyev xəstəliyi” - Kardialogiya İnstitutunun direktoru G.Dadaşovanın plagiat elmi işi necə təsdiq olundu?

OXUNUB: 63 GÜNDƏM HADİSƏ
Xalq və onun elçiləri olan deputatlarımız, məmurlarımız Səhiyyə naziri Oqtay Şirəliyevin uzun müddətdən bəri göstərdiyi fəaliyyətsizlikdən narazıdırsa, PREZİDENT SON SÖZÜNÜ DEMƏLİDİR!

Oqtay Şirəliyev tərəfindən qətlinə fərman verilən Azərbaycan səhiyyəsinin acınacaqlı durumu artıq ümummilLi problemə çevrilib. Sirr deyil ki, rüşvətxorluq və total korrupsiya bu sistemi çökdürüb. Dövlətin yetərincə diqqət və qayğısına rəğmən Azərbaycan səhiyyəsi qonşu dövlətlərin səhiyyəsinə nisbətdə gülünc durumdadır. Xəstəyə potensial qazanc mənbəyi kimi yanaşılan, insan talelərinin heçə sayıldığı bu sistemdə hər şey əlahəzrət pulun iradəsinə tabe edilib. Pulsuz xəstənin baxımsızlıqdan ölməsi Azərbaycanda sıradan bir hadisədir.

Ümumiyyətlə səhiyyədə formalaşan korrupsioner şəbəkə nəinki bu günümüzü, eləcə də xalqın gələcək genefondunu təhlükə altında qoyur.

Uzun illərdir ki, Səhiyyə nazirliyinə rəhbərlik edən Oqtay Şirəliyevin fəaliyyəti bu sistemi tamamilə çökdürüb. Əgər ölkənin səhiyyəsini bilavasitə çökdürmək üçün kimisə vəzifəyə təyin etsəydilər belə yenə də O. Şirəliyev qədər bu işin öhdəsindən gələ bilməzdi. O.Şirəliyev hər şeydən öncə Azərbaycan vətəndaşının səhiyyəsinə inamını məhv etməyi bacardı- xəstələrimiz acınacaqlı durumda İranın, Gürcüstanın, Rusiyanın xəstəxanalarında dolaşırlar. Şirəliyev həkimlərin tamamilə ələbaxan,cibəgirən vəziyyətinə düşməsi prosesini rəsmən yekunlaşdırdı, rüşvət Azərbaycan səhiyyəsinin devizinə çevrildi. Yeni tikilən, tam təmir olunan xəstəxanaların göz dağına çevrilməsi prosesi baş verdi-el diliylə desək "neyniyirəm qızıl teşti, içinə qan qusum” məsəli reallaşdı. Dərman mafiyası qol qanad açdı, keyfiyyətsiz məhsullar, mənşəyi məlum olmayan kimyəvi preparatlar ömrümüzə balta çaldı.

Səhiyyə sistemində hökm sürən dəhşətli vəziyyət artıq tanınmış ziyalıları, millət vəkillərini də hərəkətə gətirib. Vəziyyətin bir müddət də belə davam edərsə fəlakətlə nəticələnəcəyini anlayan ziyalılar etiraz səslərini ucaldırlar. Bir müddət əvvəl millət vəkili Aqil Abbas səhiyyə sistemindəki faciəvi durumla bağlı geniş məqalə ilə çıxış etdi. Millət vəkili səhiyyənin vəziyyətini analiz edərək yazır:

" Bir daha soruşuruq, Səhiyyə Nazirliyinin və ya naziri Oqtay Şirəliyevin vəzifəsini Möhtərəm Prezident və ya hörmətli 1-ci vitse prezident yerinə yetirəcəksə, hamımızın sevimlisi Yalçın Rzazadənin müalicəsi üçün Türkiyəyə göndərəcəksə, onda hörmətli Oqtay Şirəliyevin işinin adı nədi? Hansısa bir jurnalisti, xəstəxanalardakı rüşvətxorluğa etiraz əlaməti olaraq üsyan etdiyinə görə, məhkəməyə verməkmi? Özü də anasının ölümünün üçündə.

Görün hökumət Səhiyyə Nazirliyinə etibarını nə qədər itiribsə «Təbib» publik bir şirkət yaradıb və 2020-ci ilin yanvarın 1-dən xəstəxanalar Səhiyyə Nazirliyindən alınaraq «Təbib»ə veriləcək. Bir «Azəravtonəqliyyat» deyilən nazirlik yaradılmışdı. Nəqliyyatla bağlı bütün nə varsa ona həvalə edilmişdi. Amma dəniz nəqliyyatı və hava nəqliyyatı ona tabe edilsə də, onlar bunu qəbul etmədilər, heç iclaslarına da getmədilər. Sonra gördülər ki, «Azəravtonəqliyyat» Nazirliyi bu işin öhdəsindən gələ bilmir, ona tabe olan təşkilatları bir-bir ayırıb müstəqil qurum halına gətirdilər. Və ən nəhayət, həmin nazirlik ləğv edildi.

Belə getsə yəqin ki, Səhiyyə Nazirliyi də ləğv olunacaq, onun tabeliyində olan qurumlar müstəqil təşkilat olacaq və Oqtay Şirəliyev daha səhiyyə nazirinin maaşını ala bilməyəcək.”

Hələ ki, səhiyyə nazirinin maaşını alan O.Şirəliyev öz yaxınlarını, qohumlarını yüksək vəzifələrə gətirməklə məhvetmə əməliyyatını daha da sürətləndirir. Onun son belə "uğurlu” təyinatlarından biri kimi C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutuna direktor təyin olunan Gülnaz Dadaşovanı qeyd etmək yerinə düşər. Şirəliyevlə şəriklikdən, qohumluqdan, "qudalıqdan” yararlanan Dadaşova bu təyinatın ona yaratdığı prestijdən gen-bol yararlanmaqdadır. Nazirinin qohumbazlığından ilhamlanan G.Dadaşova rəhbərlik etdiyi institutda da eyni siyasəti yürüdür. İllərlə burada çalışan adlı-sanlı həkimlər müxtəlif yollarla işdən uzaqlaşdırılır, əvəzinə qohumlardan ibarət komanda toplanılır. Kardiologiya institutunda korrupsiya və rüşvət son həddə çatıb. G.Dadaşovanın gəlişindən sonra qiymətlər dəfələrlə bahalaşıb. Başqalarının uzun illərə əldə etdiklərini az vaxtda qazanmağı qarşısına məqsəd qoyan G.Dadaşova öz komandasına hər gün daha amansız olmağı tapşırır. Nəzərə alsaq ki, nə vaxtsa özəl xəstəxanalarda baş həkim vəzifəsini icra edən G.Dadaşova bu dövlət institutuna da biznes məqsədi ilə yanaşır və öz çirkin niyyətini bu institutda davam etdirməkdədir. 
Rubrika.az saytına G.Dadaşovanın "elmi fəaliyyəti” ilə bağlı ilginc məlumatlar daxil olub. Bildirilir ki, böyük bir tibb ocağına rəhbərlik edən, Şirəliyevlə qohumluğun dadını çıxaran Dadaşovanın elmi işi başdan-ayağa plagiatdır. "Cinsdən asılı olaraq ürək çatışmazlığının müalicəsi” mövzusunda olan bu elmi işin 38 səhifəsi tamamilə köçürmə-plagiatdır (halhazırda bu barədə araşdırma aparırıq, nəticəsi barədə geniş yazı dərc edəcəyik). Məlumata görə, zəif tərzdə yazılmış,plagiat olan elmi iş əvvəllər təsdiq olunmasa da O.Şirəliyevlə qohumluq və şəriklik yaranandan sonra bu "dahiyanə əsər”in də bəxti açılıb. Çox məhdud dairədə "müzakirə” olunan elmi iş təsdiq olunub və G.Dadaşova öz adını alimlər sırasına yazdıra bilib. Tibb aləmində "limandra” yetişdirməyi bacaran O.Şirəliyev beləcə öz qohumunu tibb elminə də calaq edə bilib.
Ümumiyyətlə Səhiyyə nazirliyinin işə qəbulla bağlı prosedurları gülünc formadadır. Belə ki, paytaxtın mərkəzində yerləşən tanınmış, gəlirli xəstəxanalara vakant yerlərə həkim qəbulu prosesi daha çox "göndəriş” üsulu ilə həyata keçirilir. Yəni nazirlik prosedur qaydalarını qanuni şəkildə həyata keçirsə də son mərhələdə məhz xüsusi maraqları çərçivəsində işə qəbul həyata keçirdir. İmtahan verən şəxs lap təbib-loğman olsa belə mərkəzi xəstəxanalara qəbul üçün tələb olunan "kriteryalara” cavab verməlidir. Gözdən pərdə asmaq üçün il ərzində cəmisi 3-4 həkim işə qəbul edilir. Araşdırmalarımıza əsasən nüfuzlu xəstəxanalara demək olar ki, işə qəbul aparılmır. Gözdən pərdə asmaq üçün Bakı ətrafı xəstəxanalara bir neçə həkim işə qəbul edilir. Mərkəzi xəstəxanalara isə tapşırıqla, göndərişlə işə düzəlmək mümkündür. Beləliklə O.Şirəliyev səhiyyənin bütün sahələrini manapoliyaya alaraq onu çökdürür. Təcili surətdə vəziyyətə müdaxilə edilməlidir. Yoxsa bu xəstəliyi sağaltmaq mümkün olmayacaq!/Rubrika.Az

İcmal.Az

RƏYLƏR