Azərbaycan tarixində fikir, söz və məlumat azadlığının və plüralizmin inkişaf mərhələləri: BİZ NƏYİ QAZANDIQ? (ARAŞDIRMA)

OXUNUB: 567 index-manşet TƏHLİL

 

 

 

Tarix sübut etdi ki, dövlətin və cəmiyyətin inkişafı üçün ən mütərəqqi ideoloji inkişaf modeli liberalizmdir. Əslində SSRİ ilə ABŞ arasında uzun illər davam edən "Soyuq müharibə” iki dövlətin deyil, iki ideologiyanın mübarizəsi idi və bu mübarizədə liberalizm qalib gəldi. Liberalizmin qələbəsini heç də bu dəyərlərə sahib olan dövlətin hərbi potensialı təmin etmədi, liberalizmin qələbəsini demokratiyanın cəmiyyətin müxtəlif sahələrinin inkişafına şərait yaratması təmin etdi. Liberalizmin əsasında isə, söz, fikir və məlumat azadlığı, plüralizm dayanır.

İnsan hüquq və azadlıqlarının təməl prinsipləri olan söz, fikir və məlumat azadlığı ilk növbədə vətəndaş cəmiyyətinin inkişafını şərtləndirir və inkişaf etmiş cəmiyyət demokratik institutları tədricən formalaşdırmaqla liberalizmin təmin olunduğu dövlətin formalaşdırılmasına nail olur. Fikir və söz azadlığı cəmiyyətdə ilk növbədə dözümlülük, əks fikrə qarşı tolerantlığı aşılayır. Tolerantlıq dəyərlərinin hakim olmadığı cəmiyyətlərdə ani liberal sistemə keçid bir çox hallarda anarxiyaya gətirib çıxarır ki, tarixdə bunu sübut edən kifayət qədər nümunələr yer almışdır.

 

Demokratiyaya aparan iki fərqli yol

 

Ümumiyyətlə cəmiyyətlərin demokratik inkişaf istiqamətləri ilə bağlı əsasən iki yolun olduğunu demək mümkündür.

Birinci yol - demokratik dəyərlərə yad olan, demokratik cəhətdən inkişaf etməmiş dövlətlərin birdən-birə liberal ideologiya əsaslı iderəetmə üsullarına keçidi və nəticədə anarxiya və xaosla üzləşməsi, bundan sonra isə, cəmiyyət üzvlərinin tədricən öz aralarında razılığa gəlməklə, anarxiyadan çıxaraq demokratik dəyərlərə sadiq tolerant cəmiyyət qurmasıdır.

İkinci yol isə, cəmiyyətin demokratik inkişafının dövlətin təsir resursları vasitəsilə idarə olunmasıyala tədricən demokratikləşməsidir. Bu halda, dövlət cəmiyyətin demokratik inkişaf tempinə uyğun olaraq idarəetmə sistemini tədricən liberallaşdırır. Bu prosesin hər-hansı mərhələsində dövlətin avtoritarlaşması cəmiyyətin müqavimətinə səbəb olacağı üçün demokratikləşmə prosesinə girmiş dövlət artıq bu prosesdən geri çəkilə bilməz.

Burada sual yarana bilər ki, hansı halda demokratiya daha möhkəm və uzunömürlü və avtoritar meyillərə qarşı daha dayanıqlıdır?

Ayrı-ayrı dövlətlərin demokratik inkişaf yollarının müqayisəli təhlilindən belə bir qənaətə gəlmək olar ki, anarxiyadan yaranan demokratiya daha möhkəm, dövlətin avtoritar meyillərinə qarşı daha dayanıqlı olur. Çünki bu halda demokratiyanı cəmiyyəti təşkil edən fərdlər qəbul edir, demokratiya cəmiyyət üzvlərinin bir-biri ilə razılaşmasının nəticəsi kimi ortaya çıxır. Demokratik dəyərlər cəmiyyətin norma və qaydaları kimi mövcud olur. Dövlət isə cəmiyyətin öz mənafelərini qorumaları üçün yaratdıqları formasiya kimi çıxış edir. Dövlətin əsas funksiyası neytrallığını qoruyaraq qanunla üzərinə düşən funksiyaları yerinə yetirməklə cəmiyyətin maraqlarını qorumaq olur. Demokratiyanın bu tip inkişaf yolunu keçən cəmiyyətlərdə dövlətin avtoritar meyillərə əl atması demək olar ki, mümkünsüzdür.

Demokratiyanın inkişafında təşəbbüskar kimi cəmiyyət deyil dövlət çıxış edirsə, bu zaman dövlət cəmiyyətlə müqayisədə daha güclü göründüyü üçün cəmiyyətin dövlətə təsir etmə formaları zəif olur. Cəmiyyət üçün demokratik dəyərlər norma sayılmadığı və bəzi hallarda möcud normalarla ziddiyyət təşkil etdiyi üçün fərdlər bu dəyərlər ətrafında birləşmir və dövlətə qarşı müqavimət göstərmirlər. Belə olan halda cəmiyyətdə demokratiyanın inkişafı vəzifəsi dövlətin üzərinə düşür.

Bu məqamda yaranan sual isə odur ki, nəyə görə dövlət cəmiyyətdə demokratiyanın inkişafında maraqlı olmalıdır? Axı demokratik dəyərlərə bağlı olmayan cəmiyyəti avtoritar qaydalarla idarə etmək daha asandır.

Söhbət ondan gedir ki, dövlət liberal ideologiyanın cəmiyyətin və dövlətin inkişafı üçün yeganə yolun olduğunu anlayır, lakin birdən-birə cəmiyyətə demokratiyanı verməyə ehtiyat edir ki, bu yuxarıda qeyd olunduğu kimi anarxiyaya, ardından isə dövlətin dağılmasına səbəb ola bilər. Buna görə, dövlət məcburən cəmiyyətin demokratik inkişafına uyğun olaraq tədricən özü də liberallaşma yolunu tutur.

Suverenlik qurban tələb edir

 

Hər iki variantda demokratiya gediləsi uzun bir yoldur və demokratik dəyərlərin tam bərqərar olması üçün cəmiyyətə uzun bir tarixi dövr tələb olunur. Burada mübahisəyə səbəb olacaq məqm ondan ibarətdir ki, əgər hər iki halda demokratiyanın bərqərar olması uzun zaman alacaqsa və anarxiyadan sonra demokratiya daha davamlıdırsa nəyə görə bu yol cəmiyyət tərəfindən prioritet kimi seçilmir.

Səbəb ondan ibarətdir ki, müasir tarixi mərhələdə cəmiyyətin demokratiya yolunda "özbaşına” buraxılması dövlətin suverenliyi üçün risk yaradır. Odur ki, dövlətin suverenliyinin davamlılığı üçün cəmiyyət fərdləri bir çox hallarda şüurlu və ya şuursuz olaraq bəzi hüquq və azadlıqlarının məhdudlaşdırılmasını anlayışla qarşılayırlar. Təbii ki, bu proses daimi xarakter daşımır və tədricən – yəni, dövlət insitutları möhkəmləndikçə və cəmiyyətin demokratik dəyərlərə bağlılığı artıqca liberalizmin xeyrinə dəyişir və dövlət heç bir halda bu prosesi dayandırmaq iqtidarında deyil.

 

"Əkinçi”nin yolu

 

Azərbaycanda demokratiyanın inkişaf tarixi əslində ikinci dəfə müstəqillik əldə olunduqdan sonra deyil, XIX əsrin sonlarından, yəni Rusiya imperiyasında demokratik təsisatların yaranmasından hesablanmalıdır. Daha dəqiqi desək, Azərbaycan cəmiyyətində demokratiyanın inkişaf tarixinin başlanğıc nöqtəsi 1875-ci il iyulun 22-də Azərbaycanın ilk mətbu orqanı - "Əkinçi" qəzeti nəşr olunmağa başlanmasından götürülməlidir. Çünki, məhz bu nöqtədən Azərbaycan cəmiyyətində fikir və söz azadlıqlarının aliliyinin rüşeymləri atılmağa başladı. Və bu rüşeymlər cəmiyyətdə demokratik dəyərlərin bərqərar olaraq tədricən inkişafına şərait yaratdı.

Lakin tək Azərbaycanda deyil, bütöv Rusiya İmperiyası daxilində bu tip proseslər gedirdi, və prosesin məntiqi nəticəsi olaraq imperiya parçalanaraq yerində müstəqil dövlətlər yarandı. 1918-ci ildə yaranan müstəqil Azərbaycanla yanaşı, suverenlik qazanmış digər respublikaların da ömrü qısamüddətli oldu. Bunun əsas səbəbi isə ondan ibarətdir ki, dövlətlər demokratikləşmə şüarı ilə müstəqillik əldə etmiş və cəmiyyətlər bu demokratikləşməyə hazır olmasalar belə liberal dəyərlərə uyğun dövlət qurmalı oldular. Lakin cəmiyyətlər bu dəyərlərə bağlı olmadığı üçün asanlıqla yeni kommunizm ideologiyası ilə silahlanmış Rusiyanın tərkibinə qatıldılar.

 

Heydər Əliyev dövləti demokratiyaya doğru

Sonrakı tarixi mərhələdə, SSRİ-nin dağılmasından sonra müstəqillik qazanan Azərbaycanda cəmiyyətin milli-azadlıq arzusunun qanadlarında hakimiyyətə yiyələnmiş Xalq Cəbhəsinin liderləri demokratiyanı qəbul etməyə hazır olmayan cəmiyyətin qarşısına məhdudiyyətsiz "demokratiya” sərərərək bununla enində sonunda inkişafa nail olacaqlarına ümidləndilər. Ancaq anarxiyanın yaranacağı qanunauyğun idi və yarandı da. Proses davam edə bilərdi, nə zamansa cəmiyyət bəlkə də demokratiyaya gəlib çıxardı ancaq Azərbaycanın dövlətçiliyinin qalacağına heç kəs zəmanət verə bilməzdi.

Heydər Əliyevin xalqın təkidi ilə hakimiyyətə ikinci dəfə gəlməsi əslində Azərbaycan cəmiyyətinin dövlətçiliyin qorunması üçün bəzi hallarda hüquq və azadlıqlarının məhdudlaşdırılmasına və demokratik inkişafın dövlətçilik modelinə keçidinə razılıq verməsi idi. Buna görə Azərbaycanda dövlətçiliyin simvolu Heydər Əliyevdir və dövlətin gəlməsi Heydər Əliyevin gəlməsi ilə eyni anlamda başa düşülməlidir.

1995-ci ildə qəbul olunan konstitusiyamızda fikir və söz azadlıqları da daxil olmaqla əsas insan hüquqlarının qorunması prinsiplərin yer alması dövlətin – Heydər Əliyevin demokratik inkişaf modelinə sədaqətinin göstəricisi idi. Sonrakı mərhələdə Heydər Əliyev tərəfindən "İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı” və "Azərbaycan Respublikasında söz, fikir və mətbuat azadlığının təmin edilməsi sahəsində tədbirlər haqqında” Fərmana qol qoyması dövlətin cəmiyyətlə olan demokratiyanın dövlətçiliyə ziyan vermədən mərhələli inkişafına sadiqliyinin sübutu idi.

Tofiq Vahid

7NEWS.az


Material Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır. 
İstiqamətin kodu 6.3.2


 

RƏYLƏR