Azərbaycan-Türkiyə sənədləri imzalanıb- YENİLƏNİB - FOTO

OXUNUB: 739 index-manşet SİYASƏT

Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının VII iclası başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə sənədlərin imzalanması mərasimi olub.

İcmal.Az bildirir ki, Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının yeddinci iclasının Protokolu"nu imzaladılar.

"Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında ətraf mühitin qorunması sahəsində əməkdaşlığa dair Sazişin tətbiqi ilə bağlı ikiillik (2018-2019) İş Proqramı"nı Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim və Türkiyənin ətraf mühit və şəhərsalma nazirinin müavini Mehmet Ceylan imzaladılar.

"Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə Türkiyə Respublikasının Nəqliyyat, Dənizçilik və Rabitə Nazirliyi arasında elektron imza sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu"nu Azərbaycanın nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə və Türkiyənin nəqliyyat, dənizçilik və rabitə naziri Əhməd Arslan imzaladılar.

"Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında preferensial ticarət sazişi üzrə müzakirələrə dair Anlaşma Memorandumu"nu Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev və Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu imzaladılar.

"Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Mədəniyyət mərkəzlərinin təsis olunması, iş mexanizmi və fəaliyyətləri haqqında Saziş"i Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu imzaladılar.

"Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında şəxsi heyətin mübadiləsinə dair Protokol"u Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov və Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Hulusi Akar imzaladılar.

--------------------------

25.04.2018

15:02

İcmal.Az bildirir ki, aprelin 25-də təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının VII iclası keçirilib.

---------

13:11

Aprelin 25-də Türkiyə Respublikası Prezidentinin Sarayında - Külliyedə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub.

İcmal.Az bildirir ki, Azərbaycan Prezidenti İlham Əliyev süvari dəstəsinin müşayiəti ilə Türkiyə Prezidentinin Sarayına gəldi.

Sarayın qarşısındakı meydanda Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevi qarşıladı.

Prezident İlham Əliyevin şərəfinə toplardan yaylım atəşinin müşayiəti ilə Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndi.

Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə raport verdi.

Dövlət başçıları fəxri qarovul dəstəsinin qarşısından keçdilər.

Prezident İlham Əliyev fəxri qarovul dəstəsini salamladı.

Türkiyənin rəsmi şəxsləri Prezident İlham Əliyevə, Azərbaycan nümayəndə heyətinin üzvləri Prezident Rəcəb Tayyib Ərdoğana təqdim edildi.

Sonra Azərbaycan və Türkiyə prezidentləri rəsmi foto çəkdirdilər.

-----------

12:08

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 25-də Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün dəfn olunduğu məqbərəyə - Anıtqəbirə gəldi.

İcmal.Az bildirir ki, dövlətimizin başçısı böyük Atatürkün məzarını ehtiramla ziyarət etdi.

Prezident İlham Əliyev Mustafa Kamal Atatürkün məzarı önünə əklil qoydu.

Türk dünyasının böyük oğlunun əziz xatirəsi yad edildi.

Sonra xatirə şəkilləri çəkdirildi.

Dövlətimizin başçısı Xatirə kitabına ürək sözlərini yazdı.

----------------

24.04.2018

18:56

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 24-də Türkiyə Respublikasına rəsmi səfəri çərçivəsində Ankaradakı Heydər Əliyev Parkında Ulu Öndərin abidəsini ziyarət edib.

İcmal.Az xəbər verir ki, dövlətimizin başçısı ümummilli lider Heydər Əliyevin parkda ucaldılan abidəsi önünə gül dəstəsi qoyaraq xatirəsini ehtiramla yad etdi.

Qeyd edək ki, Ankaradakı Heydər Əliyev Parkı 2004-cü ildə salınıb. 2012-ci ildə parkda əsaslı yenidənqurma işləri aparılıb. Nəticədə bu park Türkiyə paytaxtının ən gözəl istirahət məkanlarından birinə çevrilib. Parkın girişində Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın 2004-cü il aprelin 4-də əkdikləri Xan çinarı ağacları və bu barədə məlumatın qeyd edildiyi mərmər lövhələr var. Bu istirahət məkanındakı şərait - mərasim meydanı, idman meydançası, uşaq əyləncə sahəsi bütün yaş qrupundan olan şəhər sakinlərinin öz zövqünə uyğun istirahət etmələri üçün imkanlar yaradır. Hazırda parkın ərazisində inşa edilən "Buta" Azərbaycanı Təbliğ Evinin tikintisi yekunlaşmaq üzrədir.

----------

17:29

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 24-də Türkiyə Respublikasına rəsmi səfərə gəlib.

İcmal.Az xəbər verir ki, Azərbaycanın və Türkiyənin dövlət bayraqlarının dalğalandığı Ankaranın "Esenboğa" hava limanında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Dövlətimizin başçısını Türkiyənin Baş nazirinin müavini Fikri İşık və digər yüksək vəzifəli dövlət və hökumət nümayəndələri qarşıladılar.

Fəxri qarovul dəstəsinin rəisi Prezident İlham Əliyevə raport verdi.

Dövlətimizin başçısı fəxri qarovul dəstəsini salamladı.

İcmal.Az


RƏYLƏR