Azərbaycan və Qazaxıstan həm strateji tərəfdaşdır, həm də müttəfiqdir” – Elşən Musayev

OXUNUB: 721 Özəl SİYASƏT
"Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Azərbaycana səfəri zamanı yaşanan hadisələr, atılan müsbət addımlar iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin növbəti təzahürüdür. Prezidentlərin görüşü də son dərəcə səmimi atmosferdə keçdi və ələlxüsus da Azərbaycan və Qazaxıstan arasında imzalanan çox önəmli sənədlərlə yadda qaldı. Eyni zamanda Tokayev tərəfindən Azərbaycan Prezidentinə Qazaxıstan ali ordeni təqdim edildi. Bu jestin özü də möhtərəm Prezidentimiz İlham Əliyevə və Azərbaycana göstərilən diqqətin, eyni zamanda rəhbərimizin və dövlətimizin nüfuzunun göstəricisidir".  Aktual.az xəbər verir ki, bu fikirləri Azərbaycan Demokratik Maarifçilik Partiyasının sədri, millət vəkili Elşən Musayev səsləndirib.

"Hazırda Azərbaycan və Qazaxıstan bir çox məsələlərlə bağlı eyni mövqe nümayiş etdirir. Daha dəqiqi, ikitərəfli münasibətlərdə və beynəlxalq peoblemlərə dair bütün məsələlərdə ölkələrimizin mövqeləri üst-üstə düşür. Qazaxıstan və Azərbaycan bir-birinə yaxın dövlətlərdir. Biz həm strateji tərəfdaşıq, həm də müttəfiqlərik. 

Qazaxıstanın Qarabağın yenidən qurulmasında iştirakı da bizim dostluğumuzun əyani sübutudur. İlkin olaraq qardaş dövlətin dəstəyi ilə işğaldan azad edilmiş ərazilərdə Uşaqların Yaradıcılığının İnkişafı Mərkəzinin tikilməsi nəzərdə tutulub və hətta Tokayevin gəlişi zamanı təqdimat mərasimi də keçirilib. Mərkəz Füzuli şəhərində tikiləcək. Bu, həqiqətən gözəl və səmimi dostluq, müttəfiqlik addımıdır. 

Xüsusilə vurğulamaq yerinə düşər ki, nəqliyyat-logistika sahəsində də çox ciddi işlər gedir. Orta Dəhliz layihəsi həyata keçirilir. Orta Dəhliz çox böyük perspektivə malikdir və əlbəttə, bu layihənin həyata keçirilməsində Azərbaycanın və Qazaxıstanın çox mühüm rolu var. 

Arzumuz budur ki, Azərbaycan və Qazaxıstan münasibətləri bundan sonra da müsbət dinamika xətti ilə inkişaf etsin və bu iki dövlətin dostluq, qardaşlıq, səmimi müttəfiqlik münasibətləri əbədi olsun" - deyə partiya sədri fikirlərinə davam edib. 

RƏYLƏR