Azərbaycan xarici ölkələrdən müasir döyüş texnikası və silahlar alıb

OXUNUB: 688 SİYASƏT

Ötən il Azərbaycan ordusunun qoşun döyüş sursatları üzrə ehtiyatlarının yaradılması məqsədilə yerli sənaye müəssisələrindən və xarici ölkələrdən müxtəlif təyinatlı müasir döyüş texnikası, eləcə də digər hərbi məhsullar alınaraq Silahlı Qüvvələrin istifadəsinə verilib, hərbi texnika və avadanlıqların təmiri və təkmilləşdirilməsi həyata keçirilib.

Bu, Nazirlər Kabinetinin 2017-ci ildə fəaliyyəti haqqında hesabatında əksini tapıb.

Sənəddə qeyd olunub ki, uzun müddət istifadədə olan, texniki tələblərə cavab verməyən, istifadəyə yararsız silahlar, döyüş texnikası və digər hərbi təyinatlı vasitələr istismardan çıxarılıb və yeniləri ilə əvəzlənib. Ordunun silah arsenalının daha da gücləndirilməsi üçün müasir silahların, qabaqcıl texniki vasitələrin alınması istiqamətində işlər davam etdirilir.

Hesabatda bildirilib ki, ötən il müdafiə xərclərinə dövlət büdcəsinin 15 faizi həcmində vəsait yönəldilib ki, bu da 2016-cı illə müqayisədə 429 milyon manat və ya 19.6 faiz, büdcə xərclərinin tərkibində isə 2016-cı illə müqayisədə 2.6 faiz çoxdur.

Qeyd edək ki, Nazirlər Kabinetinin hesabatı Milli Məclisə təqdim olunub. Sənəd parlamentin martın 16-da keçiriləcək plenar iclasda müzakirə olunacaq. /report

İcmal.Az

RƏYLƏR