Azərbaycanda 80-dən çox müəllim işdən çıxarıldı

OXUNUB: 775 SOSİAL
"23 ildir ibtidai siniflərə dərs deyirəm. İndi diplomum dövlət nümunəli olmadığı üçün təhsil verə bilməyəcəyimi deyirlər”.

İCMAL.AZ xəbər verir ki, bu sözləri Cəlilabad rayonunun Sərhədabad kənd orta məktəbinin müəllimi Aybəniz Əmirova qafqazinfo-ya şikayətində deyib.

O bildirib ki, hazırda rayonda 80-dən çox müəllim onunla eyni taleyi yaşayır. Həmkarları ilə birlikdə məhkəməyə müraciət edib işə bərpa edilsələr də, dekabr ayında yenidən işdən çıxarılıblar: "Biz Elmlər Akademiyasının nəzdindəki Günəş Assosiasiyasının Cəlilabad rayon qızlar kollecində təhsil almışıq. Hazırda diplomlarımız dövlət nümunəli olmadığı üçün işləyə bilməyəcəyimizi deyirlər. Kollec 8 il fəaliyyət göstərib və hər il 30 məzun verib. Bu, hazırda 200-dən çox müəllimin işsiz qalması deməkdir. Bütün sənədlərimiz əlimizdədir. Bu günə qədər nazirliyin təşkil etdiyi bütün təlimlərdə, imtahanlarda iştirak etmişəm. Diaqnostik qiymətləndirmə imtahanı vermişəm. İndi deyirlər ki, nazirlik bütün nəticələrimizi ləğv edib. Aramızda yüksək titul qazanmış müəllimlər var”.

Müəllimlər Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli ilə də görüşüb. Millət vəkili məsələnin müzakirə edildiyini və müəyyən güzəştlərin oluna biləcəyini bildirib.

Məsələylə bağlı Təhsil Nazirliyinə sorğu göndərsək də, qurum hələ ki sözügedən mövzu ilə bağlı mövqeyini açıqlamayıb.

Xatırladaq ki, Təhsil Nazirliyinin aparat rəhbəri Fariz Rzayev bir neçə ay əvvəl verdiyi açıqlamasında 1000-ə yaxın müəllimin təhsil sənədinin dövlət nümunəli olmadığını bildirmişdi.
 
İCMAL.AZ

RƏYLƏR