Azərbaycanda benzin bahalaşacaq, yoxsa ucuzlaşacaq? - GÜNÜN SUALI

OXUNUB: 5807 GÜNDƏM İQTİSADİYYAT

Səudiyyə Ərəbistanı və digər Ərəb ölkələrinin Qətərlə diplomatik əlaqələrini kəsməsi neftin qiymətini bahalaşdırıb.

İCMAL.az xəbər verir ki, xəbər verir ki, diplomatik əlaqələrin kəsilməsinin ardından "Brent" markalı neftin 1 barelinin dəyəri 1,4 % artıb.

Məsələ ilə bağlı Metbuat.az-a açıqlama verən iqtisadçı Natiq Cəfərli baş verən hadisələrin neftin qiymətinə təsirindən danışıb:

"İlkin reaksiya təbii ki, mənfi oldu. Bir çox analitiklər və beynəlxalq mətbuatda baş verən hadisənin neft bazarına mənfi təsir edəcəyini, qiymətlərin yüksələcəyini yazdılar. Amma bazarda tam əks proseslər oldu. Bazarda qiymət düşdü. Bu gün də qiymətlərin birjalarda enməsi müşahidə olunur. Bunun birinci səbəbi odur ki, Qətərin özü neft dövləti deyil. Qətər qaz dövlətidir və neft ixracında ümumiyyətlə rol oynamır. Satdığı neft ancaq daxili istehlakını ödəyəcək səviyyədədir. Ona görə də ciddi təsiri olacağını düşünmürəm. İkinci səbəb odur ki, OPEK ölkələri arasında Qətər məsələsinə görə fikir ayrılıqları mövcuddur. OPEK-ə daxil olan ölkələrin bəziləri diplomatik əlaqələrin kəsilməsini təsdiqləmədilər. Əksinə, Qətərə dəstək nümayiş etdirdilər. O cümlədən, İran burada çox böyük rol oynadı. İraqın da diplomatik əlaqələri kəsməsi gözlənilmir. Liviyadakı mövcud iki hökümətdən isə biri diplomatik əlaqələrin kəsilməsini, digəri isə əksinə, davam etdirilməsini bəyan etdi. Bütün bunlar onu göstərir ki, OPEK anlaşması da sual altına düşür. Hamı hasilatı yenidən artırmağı düşünəcək. OPEK anlaşmasına uymaya bilər ölkələr. Bu da neftin qiymətinin aşağı düşməsinə səbəb ola biləcək amillərdəndir. İkinci səbəb isə fundamental səbəblərdir. Yəni, dünyada neftin istehsalı artır, əsasən də ABŞ-da. Son yarım ildə ABŞ-da hasilat 700 min barelə yaxın artıb. Kanadada da hasilatın ciddi artımı müşahidə olunur. Yəni, OPEK-dən kənar ölkələrdə hasilatın artımı qiymətlərə basqı yaradır. Bazar daha çox fundamental səbəblərə baxır, nəinki, diplomatik münasibətlərə. Ona görə də, neftin qiymətində ciddi bir dəyişikliyin olacağını düşünmürəm. Yeganə o, ola bilər ki, münaqişə müharibəyə çevrilsə və Ərəbistan yarımadasında bir müharibə ocağı yaransa, o zaman qısamüddətli də olsa, neftin qiymətlərinə təsir edə bilər”.

Dünya bazarlarında neftin ucuzlaşması və ya bahalşması fonunda ölkəmizdə benzinin qiymətinin də dəyişib-dəyişməyəcəyi maraqla gözlənilir.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı, BƏƏ (Birləşmiş Ərəb Əmirlikləri), Misir və Bəhreyn Qətəri terrorizmə dəstəkdə günahlandıraraq, diplomatik əlaqələri kəsib.


RƏYLƏR