Azərbaycanda benzin bahalaşacaqmı?

OXUNUB: 1052 İQTİSADİYYAT

Xəbər verdiyimiz kimi, Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu oktyabr ayında əsaslı təmirə dayandırılacaq.

Dövlət Neft Şirkətinin (SOCAR) emal üzrə vitse-prezidenti David Məmmədovun sözlərinə görə, istehsalın dayandırılması səbəbindən "Ai-92” markalı benzinə mövcud ehtiyatlardan çox ehtiyac yaranarsa, Rusiyadan benzin idxal ediləcək. Bununla bağlı sazişin gələn ay imzalanması nəzərdə tutulur.

Nəzərə alsaq ki, son bir həftə ərzində  Rusiyada "Aİ-92” markalı benzinin qiyməti bahalaşaraq, 1 litr üçün 42,21 rubl (1,20 AZN) təşkil edib, bu, Azərbaycanın sözügedən ölkədən yüksək qiymətə benzin  idxal etməsinə səbəb ola bilər.  

Neft Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şaban İcmal.Az-a açıqlamasında bildirdi ki, neftayırma zavodlarının cari təmirə dayanması bütün dünyada ildə bir dəfə baş verir:

"Hesab edin ki, hər beş min kilometrdən bir avtomobilləri aparıb yağını və filtrlərini dəyişirsiniz, bu da həmin prosesdir, təqribən 20-25 gün çəkir, baxır, kim zavodu necə istismar edib.

Digər tərəfdən, Azərbaycanda neft məhsullarının qiyməti dövlət tərəfindən tənzimlənir, 2014-cü ilin 1 aprelindən isə yüksək oktanlı benzinlərin qiyməti bu kateqoriyadan çıxarılsa da, orada kartel sazişi tətbiq edilir - yəni eyni gündə, eyni saatda bazar iştirakçıları eyni qiyməti tətbiq edirlər”. 

Yanacaq istehsal edən NEZ-in hər il təmirə dayandığını deyən İ.Şaban bildirir ki, son iki ildə zavodun cari təmiri onun modernizasiyası ilə paralel aparıldığından müddəti bir qədər uzanır:

"Ona görə də anbarlarda yığılan ehtiyat heç də yerli tələbatı ödəmir. Adətən, avqust ayında Nazirlər Kabineti sərəncam verərək müəyyən limitlənmiş dövrdə "Ai-92” markalı benzinin idxal vergilərini sıfırlayır. Bu, ona görə edilir ki, daxili bazarda həmin marka neft məhsulunun satış qiyməti NEZ fəaliyyətini bərpa edənə qədər artmasın”.

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) İctimaiyyətlə əlaqələr üzrə rəsmisi İbrahim Əhmədov isə deyir ki, prosedurlara uyğun olaraq ildə bir dəfə bütün neft emalı zavodlarında sazlama işləri aparılır:

"Bakı Neft Emalı Zavodunun təmirə bağlanması və xaricdən müvəqqəti benzin idxalı daxili bazarda qiymətlərə təsir etməyəcək. Adətən, biz həmin müddət üçün müəyyən həcmdə benzini tədarük edirik.

Hazırda və bundan sonra Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda genişmiqyaslı modernizasiya və yenidənqurma işləri aparılır. Bu işlərin məqsədi "Avro-5” standartına uyğun olan keyfiyyətli yanacağın və yüksək oktanlı benzinlərin istehsal olunmasıdır. 

Modernizasiya aparıldığı üçün sazlama işlərinin müddəti bir qədər də artır. Buna görə həmin müddətdə tələbatı qarşılamaq üçün xaricdən benzin idxal edirik. Bunu keçmişdə də belə etmişik, bu il də belə olacaq.

Yeni bir şey deyil. Keçmişdə də bazardakı qiymətlərdə heç bir dəyişiklik olmayıb, bu il də heç bir dəyişiklik gözlənilmir. Yəni müvəqqəti benzin idxalı bazara heç cür təsir etməyəcək”.

Qeyd edək ki, Heydər Əliyev adına Neft Emalı Zavodunun modernizasiya və yenidənqurma proqramı 2021-ci ilin I rübündə yekunlaşacaq. 

İcmal.Az

RƏYLƏR