Azərbaycanda dövlət siyasətinin mərkəzində insan amili dayanır

OXUNUB: 75 SİYASƏT

Prezident İlham Əliyev Qarabağ, Böyük Vətən müharibələri, Çernobıl əlillərinə və şəhid ailələrinə hər zaman diqqət və qayğı göstərir, onların sosial şəraiti ilə daim maraqlanır. Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsində bu kateqoriyadan olan insanlara avqustun 1-də mənzillərin və avtomobillərin verilməsi mərasimində də bunun bir daha şahidi olduq. Onu da qeyd edim ki, dünyanın heç bir yerində əlillərə, şəhid ailələrinə belə həssaslıq göstərilmir.

Bu, 1997-ci ildən başlayaraq indiyədək davam edir. Həmin vaxtdan etibarən ulu öndər Heydər Əliyevin diqqəti sayəsində respublikanın şəhər və rayon mərkəzlərində çoxmərtəbəli yaşayış binaları, kənd yerlərində isə fərdi yaşayış evləri inşa olunaraq mənzil növbəsində dayanan Qarabağ müharibəsi əlilləri, həmçinin 1990-cı il 20 Yanvar hadisələri zamanı əlil olmuş şəxslərin və şəhid ailələrinin istifadəsinə verilir. Qarabağ müharibəsi əlilləri, şəhid ailələri və bu kateqoriyadan olan insanlar daim dövlətin diqqət və qayğısı ilə əhatə olunurlar. Əlil insanların özlərinin işləyib vəsait toplayaraq belə evlər, maşınlar alması qeyri-mümkündür. Bunu nəzərə alan dövlət bu sahədə böyük işlər görür, təmənnasız olaraq bu xidməti öz üzərinə götürərək, şəhid ailələrini mənzillə təmin edir.

Qaradağ rayonunun Lökbatan qəsəbəsində mənzillərin və avtomobillərin Qarabağ, Böyük Vətən müharibələri, Çernobıl əlillərinə və şəhid ailələrinə verilməsi, həm də Azərbaycan dövlətinin güclü sosial dövlət olduğunu təsdiqləyir. Mən bu barədə dəfələrlə fikirlərimi bölüşmüşəm, bir daha demək istəyirəm ki, dövlətimiz sosial dövlətdir. Sosial dövlət isə o dövlətdir ki, insanlara böyük diqqət göstərilir və siyasətinin mərkəzində insan amili dayanır. Bu gün müstəqil Azərbaycanda sosial dövlət anlayışı tam şəkildə təmin edilir.

Prezident İlham Əliyevin əhalinin sosial problemlərinin həllinə xüsusi diqqət və qayğı göstərməsi digər sosial qruplar kimi, əlillərin də həyat şəraitinin yaxşılaşmasına, onların ictimai hüquqlarının bərpa olunmasına şərait yaradıb. Əlil şəxslərlə bağlı qanunvericilik son illərdə təkmilləşdirilib, bu çərçivədə çox sayda hüquqi-normativ akt qəbul edilib. Belə şəxslərin maddi təminatının gücləndirilməsi dövlət siyasətinin əsas istiqamətlərindən birini təşkil edir.

Prezident İlham Əliyev tərəfindən imzalanan müvafiq fərman və sərəncamlara əsasən, əlillərə ödənilən pensiya və müavinətlərin məbləği hər il artırılır. Dövlət əlil vətəndaşların çoxsaylı sosial proqramlara, o cümlədən reabilitasiya, pulsuz istirahət, texniki-bərpa və nəqliyyat vasitələri ilə təminat proqramlarına cəlb olunmasını həyata keçirir. Dövlətin əlil vətəndaşlara qayğısı çərçivəsində yeni reabilitasiya mərkəzlərinin tikintisi də həyata keçirilir.

Bu gün Azərbaycan Ordusu çox güclü bir orduya çevrilib. Həm şəxsi heyətin döyüş hazırlığının, təchizatının yaxşılaşması, həm döyüş texnikalarının, silah-sursatın günü-gündən yenilənməsi, həm də Ali Baş Komandanın Silahlı Qüvvələrə ayırdığı diqqət bunu deməyə əsas verir. Xalqımız bunu açıq şəkildə görür və inanır ki, Azərbaycan Ordusu istənilən vaxt işğal altında olan torpaqlarımızı azad etməyə qadirdir. Əgər Ali Baş Komandan döyüşə başlamaq əmri verərsə, hamı bir nəfər kimi, vahid amal uğrunda o tapşırığı yerinə yetirməyə hər an hazırdır./Xalqqazeti/

Azər Verdiyev,
Qlobal Araşdırmalar Liqası İctimai Birliyinin sədri, politoloq

"Xalq qəzeti"


RƏYLƏR