Azərbaycanda evin həyətindən türk şəhidlərinin məzarı tapılıb - FOTO

OXUNUB: 1004 SOSİAL
Ermənilər 1918-ci ildə azərbaycanlılara qarşı soyqırımı siyasətini paytaxt Bakı ilə yanaşı, ətraf rayonlarda da həyata keçiriblər.   

Erməni vəhşiliyinə məruz qalan rayonlardan biri də Hacıqabul olub. Burada 535 nəfər qətlə yetirilib. Onlardan 250 nəfəri kişi, 150-si qadın, 135 uşaqdır. Hacıqabulda erməni terrorçularına qarşı mübarizə aparan Qafqaz İslam Ordusunun 6 türk əsgəri şəhid olub.

İcmal.Az xəbər verir ki, modern.az saytı 1918-ci ildə ermənilərin şəhid etdiyi 6 türk əsgərinin naməlum hesab olunan  məzarı barədə maraqlı məlumat əldə edib.

Belə ki, Hacıqabul rayonunun Qubalıbaloğlan kəndində 1918-ci ilə aid türk məzarlığı aşkar edilib. Bu məzarlıq həmin o 6 türk əsgərinə məxsusdur.

Məlumata görə, o zaman meyitlərin Türkiyəyə aparılması qeyri-mümkün olduğundan şəhid türk əsgərləri Hacıqabulda həyətyanı ərazidə torpağa tapşırılıb. Meyitlərin qadınlar tərəfindən basdırılması təsadüfi deyil. Çünki həmin vaxt törədilən qırğınların qarşısını almaq üçün bütün kişilər könüllü olaraq döyüşə səfərbər olmuşdu.

Düz 99 il Azərbaycan ictimaiyyəti Hacıqabulun Qubalıbaloğlan kəndindəki o məzarlıqdan xəbərdar olmayıb. Həmin məzarlıq bir Hacıqabul sakininin həyətində yerləşir. 

Qeyd edək ki, məzarlıqda 12 şəhid uyuyur. Onlardan 6-sı türk, 6-sı azərbaycanlı döyüşçü olub.

Sözügedən saytı 12 şəhidin dəfn olunduğu həyətin sahibi Kamilə Əkbərova ilə əlaqə saxlayıb. 

Kamilə xanım deyir ki,  o zaman türk hərbçilər Şamaxıdan Hacıqabul rayonunun Qubalıbaloğlan kəndinə azərbaycanlılara köməyə gəliblər.

"Həmin vaxt bizim kənddən də xeyli sayda insan öldürülür. Hərə öz ölüsünü aparıb dəfn edir. Amma ermənilərin şəhid etdiyi türklərin meyitlərini  aparan olmur. Meyitlər yiyəsiz qalır. Babam 12 cəsədi gətirib həyətə qoyur. Həmin dövrdə şəhid döyüşçüləri dəfn də etməyiblər. Kişilər döyüşdüyündən meyitləri qadınlar basdırmalı olur ki, qurd-quş yeməsin. Hətta üstündən bir müddət keçəndən sonra meyitləri çıxarıb qəbiristanlıqda basdırılması təklifi səslənib. Amma babam razı olmayıb. Babam dünyasını dəyişəndən sonra türk qəbirlərini anam qoruyub saxlayıb".

Kamilə Əkbərova bildirir ki, ötən ilin sonlarında məzarlığın üzərində abidə ucaldılıb. 

"2016-cı ilin dekabr ayında rayon İcra hakimiyyətinə qəbirlərin üstünün düzəldilməsi ilə bağlı müraciət etdik. Kənd camaatından başqa kimsə bilmirdi ki, həyətimizdə şəhid məzarları var. Elə alındı ki, Türkiyənin Azərbaycandakı Səfirliyinə də bu məsələ barəsində məlumat verildi. Səfirlik əraziyə baxış keçirdi. Məzarlığa abidə qoyuldu. Hətta qəbirlərin başqa yerə daşınmasını istəmədilər. Dedilər ki, həyətinizdə qalsın, ruhları belə daha rahatdır. Artıq həmin məzarlıq ziyarətgaha çevrilib".
 
İcmal.Az

RƏYLƏR