Azərbaycanda məhkəmə qarşısında şok olay: İş adamları arasında cinayət (ŞOK DETALLAR)

OXUNUB: 896 HADİSƏ

Azərbaycanda dələduzluq etməkdə, borclu olduğu şəxsə xəsarət yetirməkdə ittiham olunan Yardımlı rayon sakini, 1992-ci il təvəllüdlü Vüsal Musayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.


 Vüsal Musayev Xaçmaz şəhər sakini Sadiq Ağayevin etibarından sui-istifadə edib, əmlakını ələ keçirmək məqsədi ilə onun üçün Litva Respublikasından iritutumlu yük avtomobili gətirdəcəyinə vəd edib.


Vüsal Musayev Sadiq Ağayevi aldadaraq Sumqayıt şəhəri, Sülh küçəsi, "Cavid” Ticarət Mərkəzi ilə "Qalatasaray” Ticarət Mərkəzinin arasındakı ərazidə Əziz Əzizovun vasitəsi ilə ondan 25.000 avro, ödəniş günündə Azərbaycan manatına ekvivalent nisbəti 50.690 manat məbləğində pulu ələ keçirib. Zərərçəkmiş  Sadiq Ağayevə külli miqdarda ziyan vurmaqla dələduzluq edib.


Bundan başqa, Vüsal Musayev Xacmaz şəhəri, Nəsimi kucəsində yerləşən Xacmaz rayon məhkəməsinin inzibati binasının qarşısında pul borcuna görə məhkəmə cəkişməsi ilə bağlı Əziz Əzizov ilə mübahisə edib. O, kənar şəxslərin gözü qarşısında Əziz Əzizovu ucadan nalayiq söyüşlər söyüb, yumruqla Əziz Əzizovu vurub.


İstintaq orqanı tərəfindən Vüsal Musayevin barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq törətmək) və 221.1-ci (xuliqanlıq) maddələri ilə ittiham verilib.


"Pulu atama transfer etmişəm”


Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olur: "Özümə məxsus Litva Respublikasının Kaunas şəhərində fəaliyyət göstərən "Vüqar Valdos Transports” şirkətim var. Şirkətin icraçı direktoru atam Vüqar Musayevdir. Həmin şirkətin Azərbaycan Respublikasındakı nümayəndəsi vəzifəsini həyata keçirmişəm. Atam 1993-cü ildən Litva Respublikasının Kaunas şəhərində yaşayır. Bizim şirkətinin əsas fəaliyyət istiqaməti müxtəlif ölkələrdən işlənmiş vəziyyətdə olan müxtəlif növ avtomobilləri alıb, sifariş edən şəxslərə çatdırmaqdan ibarət olub. Yəni, sifarişlər əsasında Avropa ölkələrinin avtomobil satışı bazarlarından avtomobili tapıb, əsasən "WhatsApp” mobil telefon proqramından istifadə edərək sifarişçi ilə əlaqə yaradılmaqla avtomobilin fotoşəkilləri və videogörüntüsü sifarişçiyə göndərilib, sifarişçi avtomobili bəyəndikdən və qiyməti ilə razılaşdıqdan sonra dəyərinin bir hissəsini ya atamın Litva Respublikasındakı bank hesabına köçürüb, ya da ki, sifarişçi Azərbaycandadırsa mənimlə görüşülüb və pul mənə verilib. Mən də həmin pulu atama transfer etmişəm”.


"Sifarişi icra etmişik”


Təqsirləndirilən şəxsin sözlərinə görə, avtomobilin Azərbaycana gətirilmə xərci əgər yüksüz gətirilirsə 6.000 avro, yüklə gətirilirsə 3.000 avro yol xərci alıblar: 


"Azərbaycan Respublikasının müxtəlif bölgələrində yaşayan bir çox müştərilərimiz olub. Onlardan bir neçəsi də Xaçmaz rayonunda yaşayıb, yük daşıma ilə məşğul olan Sadıq Ağayev, Rövşən Məmmədov və Hikmət Musayevdir. Rövşən və Sadiqi mənimlə tanış edən məhz Hikmət Musayev olub. Hikmətdən başqa nə Sadıq, nə də ki, Rövşən atası Vüqarla şəxsən tanış deyilləm. Onlar atası Vüqarla yalnız mobil telefonla, ya da ki, "WhatsApp” proqramı vasitəsilə görüntülü danışmışıq. Rövşənlə Sadıq 3-4 ildir ki, bizimlə iş görüb, atam Vüqara qoşqulu yük avtomobilləri sifariş etdilər. Biz də həmin sifarişləri icra etmişik, avtomobilləri şəxsən özüm gətirərək onlara təqdim etmişəm”.


"Məhkəmənin qabağında hücum etdilər”


Vüsal Musayevin sözlərinə görə, sonradan aralarında yaranmış mülki məsələlərlə bağlı işlərə məhkəmələrdə baxılıb: 


"Dekabrın 4-də Xaçmaz rayon Məhkəməsində Sadıq Ağayevlə aralarında olan mülki məsələyə baxıldıqdan sonra məhkəmə baxışı təxirə salınıb. Təxminən saat 13 radələrində nümayəndəm Yaşar Şirvanovla birlikdə məhkəmənin inzibati binasından çıxanda Sadıq Ağayevin köməkçisi kimi tanıdığım Əziz Əzizov üstümə gəldi, ünvanıma nalayiq söyüşlər söyərək əl-qol atmağa başladı. Bu zaman Yaşar Şirvanov araya keçdi, bizi ayırmağa başladı. Hətta Sadıq Ağayevin yanında olan bir neçə nəfər, o cümlədən Əzizin qardaşı Vidadi də mənə hücum etdi, yumruqla vurmağa başladı. Əzizgilin əlindən çıxaraq istifadəmdə olan telefonla Daxili İşlər Nazirliyinin "102” xidmətini yığdım, Sadıq Ağayev tərəfindən döyülməyim barədə məlumat verdim, kömək istədim. Ondan sonra Əziz Əzizov da "102” xidmətini yığdı, guya mənim tərəfimdən döyülməyim barədə müraciət etdi. Bundan sonra hadisə yerinə gələn polis əməkdaşları bizi Xaçmaz rayon polis şöbəsinə dəvət etdilər. Polis şöbəsində Əziz Əzizov tərəfindən döyülməyim barədə şikayət ərizəsi verdim. Bununla bağlı izahat verdim”.


7 il 6 ay cəza verildi


Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Vüsal Musayev 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.


Hökmdən narazı qalan Vüsal Musayev apelyasiya şikayəti verib. O, günahsız olduğunu, barəsində bəraət hökmünün çıxarılmasını istəyib.


Vüsal Musayevin şikayəti araşdırılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilib. Hakim Nazim Mövsümovun sədrliyi ilə baş tutan iclasda apelyasiya şikayətinin dəlilləri araşdırılıb, sonda qərar elan edilib.


Qərara görə, Vüsal Musayevin şikayəti təmin edilib, onun barəsində bəraət hökmü çıxarılıb. Vüsal Musayevin barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilib. O, məhkəmə zalından azadlığa buraxılıb.


Bəraət hökmü çıxarıldı


Bu qərardan narazı qalan prokuror apelyasiya protesti verib. Prokuror Sumqayıt Apelyasiya Məhkəməsinin qərarının ləğv edilməsini, işin ağırlaşdırıcı hallarının müəyyən edilməsi üçün cinayət işinin yenidən araşdırılması üçün apelyasiya instansiyasına qaytarılmasını istəyib.


Prokurorun kasasiya protesti araşdırılması üçün Ali Məhkəməyə göndərilib. Hakim Hafiz Nəsibovun sədrliyi ilə baş tutan iclasda prokurorun kasasiya protestinin dəlilləri araşdırılıb, sonda qərar elan edilib.


Qərara görə, prokurorun kasasiya protesti təmin edilməyib.



RƏYLƏR