Azərbaycanda RƏZALƏT! 3 uşaqlı gəlini saxlayan mazaxist ƏR ARVADINA BUNU ETDİ

OXUNUB: 763 HADİSƏ

Azərbaycanda erkən nikahlara qarşı həm dövlət, həm də regional səviyyədə mübarizə aparılır. Amma kifayət etmir. Regionlarda erkən yaşda məcburi şəkildə evləndirilən, getdiyi yerdə təzyiqlər, işgəncələr və təhqirlər görən yüzlərlə qadınlar var.

Dəfələrlə bu qadınların həyat hekayələrinə ürək ağrısı ilə qulaq asmışıq.

İsti yay günlərində A24.Az olaraq yolumuzu Təmiz Dünya İctimai Birliyinə saldıq. Birliyin rəhbəri Mehriban Zeynalova bizi sığınacaqdakı qadınlarla tanış etdi.

Qapını döyüb içəri girdik. Nahar vaxtı idi. Evin ortasında o tərəf, bu tərəfə qaçışan uşaqlar masa arxasına keçdi. Analar yemək çəkirdi. Elə bu an digər otaqlardakı körpələrin səsini eşitdim. Anaları onları sakitləşdirməyə çalışırdı.

Qəhrəmanımızı da götürüb aşağı düşdüm. Üzü nurlu, gözəl bir qadın həyat hekayəsini danışmadan öncə narahatlığını bildirdi. "Adım getməsin, üzümü də göstərməyin. İstəmirəm məni kimsə tanısın".

Şərti adı Gültəkin olan iki uşaq anasının 29 yaşı var. Danışdıqca gözləri dolmağa başladı. Üzündəki məcburi təbəssüm yoxa çıxdı.

Masallıda anadan olmuşam. Orada böyüyüb, boya-başa çatmışam. 17 yaşında valideynlərimin təzyiqi ilə ailə qurmağa məcbur oldum. 11-ci sinifə getmək istəyirdim. Təhsilimi yarımçıq qoydular. Yoldaşım da məcburən evləndirilmişdi. Ailə qurduqdan sonra məcburi şəkildə həyatımla barışdım. Evimin qadını oldum. İlk vaxtlarda yoldaşım məni təhqir edir və döyürdü. Dözməli idim. Axı bu evə telli-duvaqlı gəlin gəlmişəm. Qızım dünyaya gələndən sonra təhqir və təzyiqlərin sayı-hesabı bilinmədi. Ara-sıra təhqir və təzyiqlərdən can qurtarıb ata evinə gedirdim. 2-ci övladıma hamilə qaldım. Yenə də döyülürdüm, söyülürdüm. Yoldaşım həm narkotik alüdəçisi idi, həm də spirtli içki qəbul edirdi. Hər dəfə də səbəbsiz yerə məni döyürdü. Qızımın 2 yaşı var idi. İkinci uşağa isə hamilə idim. Yoldaşım bir gün həyətdə məni möhkəm döydü. Anamgilə getməli oldum. Bütün bunların səbəbi var idi.

3 uşaqlı qadınla birlikdə olan ərin mazaxist həzzi – "Məni aparıb saxladığı qadının yanında döyürdü"

Yoldaşım bizim kənddən iki kənd aralı 3 uşaqlı bir qadınla münasibətdə idi. Günlərlə gedib onun yanında qalırdı. Hər gələndə də məni təhqir edir, döyürdü. Dəfələrlə məni aparıb o qadının yanında döyüb. Dözə bilmirdim. Ata ocağına gedirdim, yenə qayıtmalı olurdum. 3 qardaşım var. Valideynlərim və qardaşlarım övladıma görə dözməli olduğumu deyirdilər. Yoldaşım gəlib bizi evə aparırdı. Yenə həminki vəziyyət. Körpələrin yanında döyürdü, aparıb saxladığı qadının yanında təhqir edir, təzyiq edirdi. 11 il idi ki, dözürdüm.

Qardaşlarım deyir ki, övladlarını at gəl səni qəbul edirik

 

Qaynatamla, qaynanam oğlunun öhdəsindən gələ bilmirdi. Onun qarşısına keçə bilmirdi. Qaynatam bizi dolandırırdı. Mənə tapşırırdı ki, mənim aldığım yuyucu tozla oğlunun paltarlarını yumayım. Qalırdım ata ilə oğul arasında, sonda isə döyülən mən olurdum. Yoldaşım narkotikaya görə qızıllarımı satdı. Vəziyyət get-gedə pisləşirdi. Günlərlə evə gəlmirdi. Hər dəfə də qapıdan içəri girəndə məni sevmədiyini, məcburi evləndiyini əsas gətirərək məni alçaldır, təhqir edirdi.

Bir dəfə anamgilə getmişdim, yoldaşım gəldi bizi yenidən evə qaytardı. Yolda yoldaşımın dostu bizi gördü və dedi ki, bizi evə aparmasın. Yoldaşım məni və övladlarımı saxladığı qadının evinə apardı. Döydü, söydü, təhqir etdi. Mənə dedi ki, sən bu qadının hesabına evin arvadısan.

Övladlarım məktəbə gedirdi. Qızımın 11, oğlumun 9 yaşı var. Atalarını heç istəmirlər də.

Nə anam, nə qaynatam, nə də qardaşlarım yerimi bilmirlər. Heç birinə heç nə deməmişəm. Dəfələrlə qaynatam mənə arxa durub, nəvələrinə baxıb. Yoldaşım hər dəfə gəlib bizi evdə görəndə döyüb qovurdu. Övladının öhdəsindən gələ bilməyən qaynatamın da vəziyyətini çox yaxşı başa düşürdüm. Sonuncu dəfə təhqir edildikdən sonra bu sığınacağa müraciət etdim.

Qardaşlarım deyir ki, uşaqlarını at, gəl biz sənə baxacayıq. Axı mən övladlarımdan necə keçə bilərəm. Son çıxış yolum sığınacağa gəlmək oldu.

Ən böyük arzum övladlarımın yanında olmaq, onları oxutmaq, savadlı peşə sahibi etməkdir. Mən oxuya bilmədim, övladlarım oxusun. Dərslərində savadım çatdığı qədər kömək edirəm.

Valideynlərimdən, qardaşlarımdan incimişəm. Geri qayıtmaq istəmirəm. Uşaqlarım heç atasının adını belə çəkmir. Sakit, təhqirsiz, təzyiqsiz dinc həyat yaşamaq istəyirəm.

Masallıda qadınların çoxu eyni taleyi yaşayır. Eləsi var ki, gedib xoşbəxt olur. Amma çoxu getdiyi yerdə işgəncələrə, təhqirlərə məruz qalır. Övladlarına görə, ətrafın qınağına görə dözürlər. Mən bədbəxt olan nə ilk, nə son qadınam. Həyatdan tək istəyim dinclikdir. Övladlarımdan heç zaman keçməyəcəyəm.

 

 

İcmal.Az

RƏYLƏR