Azərbaycanda sovet repressiya rəhbərləri və faşizm təbliğ olunur

OXUNUB: 738 MARAQLI

Bakıda olduqca "maraqlı” konsepsiyaya malik restoran öz qapılarını müştərilərin üzərinə açıb.

 Bir neçə gündür ki, sosial şəbəkə istifadəçiləri "Partizan” adlanan bu məkandan şəkillər paylaşır, restoranın "unikallığını” göstərən məqamlara toxunurlar. Belə ki, restoran Bəşir Səfəroğlu 170 ünvanında yerləşir. Xüsusi qeydlər əks olunmuş vahiməli qapıda qonaqları sovet əsgərinin geyimindəki "növbətçi” qarşılayır. Hələ bu harasıdır, içəri keçmək üçün parolu da söyləməlisən. Çünki "Partizan”da parol məsələsinə xüsusi əhəmiyyət verirlər. Yəni burada parolsuz içəri daxil olmaq qeyri-mümkündür. Odur ki, qapının üzərindəki telefon nömrəsinə zəng edib parol alırsan. Növbətçi "əsgərə” parolu təqdim edib içəri keçəndə isə sözün əsl mənasında başqa bir aləmə düşürsən. Sanki zaman maşını ilə keçmişə – Böyük Vətən Müharibəsi dövrünə düşürsən.
 
 
"Partizan” Restoranı İkinci Dünya Büharibəsinin ruhunu, sadizmi, leninizmi, fazişmi və stalinizmi yaşadan restorandır. Restoran iki hissəyə bölünür – Alman və Sovet tərəfinə. Hər iki hissədə həmin dövrə aid müxtəlif tarixi eksponatlar və maraqlı şəkillər yer alıb. Dövrün məşhur şüarları və faşist Almaniyasının emblemləri üzərində müəyyən dəyişikliklər aparılıb və məzəli ifadələrlə ümumi ansambılla incə sadist elementləri qatılıb. Qapıda müştərilərə Lenin, Stalin andı içirdirlər. Təlxəklik edən ofisiantın "Stalinin sağlığına”, "gəlin, burda SSRİ-nin dadını hiss edəcəksiz” dediyi videosu da sosial şəbəkələrdə paylaşılıb. Restoranın giriş qapısı, içərisi SSRİ simvolları ilə doludu. SSRİ-nin faşizm üzərində qələbəsinə "işarə” kimi dər-divarı həm də faşizm simvolları ilə "bəzəyiblər”. Giriş qapısı ötən əsrdə yüzlərlə aydınımız haqqında güllələnmə qərarı verən KQB, NKVD qapılarının eynisidir. Qapını açan "partizan” elə bağırır ki, olan-qalan iştahın da qaçır. Ucuz şou, əttökən yamsılamalar isə ikrah hissi doğurur. Paytaxtın tən ortasında faizmi, sosializmi, şəxsiyyətə pərəstiş dövrünün liderlərinin təbliğatı qurulub.
Bu şəhərin ən yüksək yerində "Partizan” adıyla bu faşizm təbliğatı aparan restoranda təbliğ olunan SSRİ əsgərinin güllələdiyi yüzlərlə dinc insanımızın uyuduğu Şəhidlər Xiyabanı var. Orda SSRİ dağılanda torpaq itirməməyimiz üçün canından keçən minlərlə gəncin məzarı var.

Nə tez unuduldu bütün bunlar?

Ruhları tutsun bağımsız Azərbaycanda SSRİ təbliğatı aparan, şəhidlərimizin ruhunu təhqir edən nakəsləri… Keçmiş SSRİ respublikalarının çoxunda SSRİ-nin simvolları qanunla qadağandır. Bəs, Azərbaycanda niyə bitmir bu SSRİyə olan həsrət? Kimlərdir SSRİ əsgərinin süngüsü altında millətə nahar təklif edən? Müstəqilliyin əleyhinə işləyənlər niyə dövlətin və millətin təhlükəsizliyi üçün məsul qurumun gözündən yayınırlar?Azərbaycanın müstəqillik ideyasına sadiq olanlar nəyə görə susurlar? Azad bazar, demokratiya, multikultural dəyərlər deyib yaxa cıranlar şəhidlərimizi kimlərin qətlə yetirdiyini nə tez unutdular? Hamımız bu ölkədə azadlığın sərhədlərinin hara qədər olduğunu əla bilirik axı…

 

Kimlərdir məqsədyönlü şəkildə ölkənin müstəqilliyinə qarşı gizli təbliğat aparan?
Azərbaycan Respublikasının atributlarını faşizmlə, leninizm və stalinizmlə əvəzləyənləri nəyə görə Azərtac kimi nüfuzlu dövlət agentliyi təbliğ edir?

Qeyd edək ki, 2017-ci ildə Bakının mərkəzində "26” adlı kafe fəaliyyətə başlayanda Bakı Şəhər İcra Hakimiyyətinin sabiq başçısı Hacıbala Abutalıbov demişdi ki, "26” adlı kafe bağlanacaq və cavabdeh şəxslər cinayət məsuliyyətinə cəlb olunacaqlar.
Hətta H.Abutalıbov demişdi ki, tarix göstərdi ki, bu qatillər öz havadarlarının əli ilə xaricə qaçmış, azərbaycanlıların qızıl və digər sərvətlərini də xaricə aparmışlar. Təəssüf edirəm ki, Bakının mərkəzində, Yazıçılar Birliyinin binasının birssəsini icarəyə götürərək "26” adlı kafe açıblar. Bu sözü təkcə Azərbaycan dilində yox, hətta ingilis dilində yazmağa cürət etmişlər. Qoy ermənilər və havadarları bilsinlər ki, nə qədər ki Azərbaycan xalqı var, nə qədər ki Azərbaycan xalqı yaşayır, erməni qatillərə, soyqırımı təşkilatçılarına və onların havadarlarına nəinki Bakıda, ümumiyyətlə, Azərbaycanda yer yoxdur və heç zaman da olmayacaq”.
"26” kafesi nin fəaliyyəti dayandırılıb, əmlakı müsadirə olunub.

Necə oldu ki, belə vətənpərvərlik nümayiş etdirən məmurların gözündən "Partizan” yayına bilib?

Tezliklə bu yöndə araşdırmalarımızı dərinləşdirib sizlərə təqdim edəcəyik.


İcmal.Az

RƏYLƏR