“Azərbaycanda yaşayan xalqları yaxından tanıyaq” - Video

OXUNUB: 907 QHT
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Jurnalist Ekspert Mərkəzi İctimai Birliyi (JEM) "Azərbaycanda yaşayan xalqları yaxından tanıyaq” layihəsinin icrasına başlayıb. 

Mərkəzdən verilən məlumata görə, iyul-noyabr ayları ərzində  4 aylıq müddətdə icra olunacaq layihə Şuranın 2019-cu il dördüncü qrant müsabiqəsində "Azərbaycanda yaşayan milli azlıqların mədəni irsinin təbliğinə dair təşəbbüslər” istiqaməti üzrə qalib olub. 
 
 

Layihə çərçivəsində Azərbaycanda yaşayan tat, udi, şahdağlılar xalqı, ləzgi, avar, ingiloy, yəhudi, talış, saxur, kürd xalqlarının tarixi, dili, etnik tərkibi, etimologiyası, mədəniyyəti, müasir yaşayış tərzləri barədə konkret faktlara əsaslanan yazılar qəzetin bir səhifəsi  həcmində (A3 formatında) hər həftənin şənbə günü "525-ci qəzet”də dərc olunacaq. 

Məqalələr Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutu Antropologiya Mərkəzinin əməkdaşları tərəfindən hazırlanacaq. 
 
 

10 yazının mətbuat orqanı vasitəsilə oxuculara təqdim olunması prosesi başa çatdıqdan sonra həmin məqalələrdən ibarət kitabça nəşr edilərək KİV orqanlarına hədiyyə veriləcək. 

Layihəyə rəhbərlik edən JEM sədri Ceyhun Musaoğlu Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri Əliağa Məmmədli və qurumun əməkdaşları ilə görüşüb. Layihənin mahiyyəti barədə fikir mübadiləsinin aparıldığı görüşdə alimlərin iştirakı ilə görüləcək işlərin detalları dəqiqləşdirilib.  
 
 

JEM sədri layihəyə donorluq edən QHT Şurasının mütərəqqi ideyalara daim dəstək verdiyini diqqətə çatdıraraq, vətəndaş cəmiyyətinin inkişafında bu qurumun göstərdiyi müstəsna xidmətlərdən söz açıb. 

Ölkə başçısı İlham Əliyevin imzaladığı sərəncamla 2016-cı ilin "Multikulturalizm ili” elan olunduğunu xatırladan Ə.Məmmədli həmin dövrdə keçirilən tədbirlərin növbəti illərdə də davamlı xarakter daşımasını təqdirəlayiq ənənə kimi dəyərləndirib. Azsaylı xalqlar haqqında ərsəyə gələcək məqalələrdə azlıqların mədəni irsinin lakonik üslubda yazılmasının məqsəduyğun olduğunu deyən Ə.Məmmədli ərsəyə gələn kitabçadan jurnalistlərin rahat və lazımlı istifadəsi üçün belə yanaşmanın vacibliyini vurğulayıb. 
 


Görüşdə layihənin icrası ilə bağlı bütün detallar ətrafında qarşılıqlı razılaşma əldə olunub.  
 

RƏYLƏR