Azərbaycanın altı şəhərində simulyatorlarla çempionat keçiriləcək – FOTO

OXUNUB: 1027 İDMAN

Bu gün Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) və Azərbaycan Avtomobil Federasiyasının (AAF) təşkilatçılığı ilə "Sənin sürət formulan” regionlarda avtoidman üzrə maarifləndirmə ayı ilə əlaqədar mətbuat konfransı keçirilib. 

 Bakı Kristal Zalında baş tutan tədbirdə BŞH-nin Marketinq və Kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai və AAF-ın mobillik üzrə koordinatoru Zafiq Xəlilov iştirak edib.

Konfransda çıxış edən Nigar Arpadarai sözügedən layihənin təşəbbüskarları barədə danışıb: "Bu layihənin təşəbbüsü Bakı Şəhər Halqası tərəfindən oldu. Qarşı tərəf də bunu müsbət qarşıladı... Son illər ölkədə keçirilən "Formula-1” yarışları ölkə ictimaiyyəti arasında bu idmana böyük maraq oyadıb. Yarışlar Bakıda keçirildiyindən, paytaxt sakinləri F1-in gətirdiyi əyləncə və coşğunu daha çox yaşaya bilirlər. Biz bu layihə vasitəsilə çalışırıq ki, region ictimaiyyəti də Bakıda olan yarış həyəcanı və coşğusuna qoşula bilsin. İnanırıq ki, bu layihə region sakinlərini F1-lə daha yaxından tanış edərək, ölkə ictimaiyyəti arasında bu avtoidmana maraq göstərən azarkeşlərin sıralarını əhəmiyyətli dərəcədə genişləndirəcək”.

AAF-ın nümayəndəsi Zafiq Xəlilov isə bildirib ki, layihə çərçivəsində məktəblilərə yol hərəkətinin təhlükəsizliyinə dair seminarlar veriləcək: "AAF yol hərəkəti təhlükəsizliyinə dair mütəmadi olaraq maarifləndirmə işləri, o cümlədən məktəblilər arasında "Yol hərəkəti qaydalarını öyrənək” adlı seminarlar keçirir. Regionlarda keçiriləcək bu seminarlarda məktəblilərə yol hərəkəti təhlükəsizliyi, o cümlədən yol nişanları, işıqforlar, piyada keçidi, təhlükəsizlik kəmərindən istifadə və digər zəruri mövzular haqqında ətraflı məlumat veriləcək. Həmçinin seminar iştirakçılarına müvafiq videoçarxlar təqdim olunacaq, nəşrlər paylanacaq. İnanırıq ki, bu layihə region məktəblilərin yol hərəkəti təhlükəsizliyi barəsində ətraflı şəkildə maariflənməsinə öz töhfəsini verəcək”.

Layihənin keçirilməsində əsas məqsəd Azərbaycanın regionlarında gənclər arasında F1 və yol hərəkəti təhlükəsizliyi haqqında məlumatlılığı artırmaqdır. Fevralın 19-dan martın 10-dək davam edəcək layihə çərçivəsində keçiriləcək çempionat və seminarlarda Lənkəran, Şirvan, Füzuli, Mingəçevir, Qax və Qubada olan yuxarı sinif şagirdləri iştirak edəcəklər. Növbəti illərdə bu layihə başqa şəhərlərdə keçirilə bilər.

Çempionatın ilk mərhələsində hər regiondan bir qalib seçiləcək və həmin qaliblər Bakıda Novruz bayramı ərəfəsində baş tutacaq final mərhələsində mübarizə aparacaqlar. Yarışın sonunda qaliblə yanaşı, final mərhələsinin digər iştirakçılarına da sertifikat və dəyərli hədiyyələr təqdim olunacaq.

Mətbuat konfransından sonra yuxarı sinif şagirdlərinin istifadə edəcəyi simulyatorlar KİV nümayəndələrinə nümayiş etdirilib./oxu

 

İcmal.Az

RƏYLƏR