Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığı yeni mərhələdə

OXUNUB: 121 SİYASƏT
Azərbaycan Prezidenti cənab İlham Əliyevin vurğuladığı kimi, regionun siyasi, iqtisadi və mədəni mərkəzinə çevrilən, dinamik və hərtərəfli inkişaf yolu keçən respublikamızın iqtisadi qüdrəti və fəal xarici siyasəti beynəlxalq aləmə daha sıx inteqrasiyanı, ikitərəfli və çoxtərəfli əlaqələrin möhkəmlənməsini təmin edib. 

Ölkəmizdə sosial-iqtisadi islahatların sürətləndirilməsi beynəlxalq və regional təşkilatlar çərçivəsində çoxtərəfli əməkdaşlığın genişləndirilməsinə əlverişli zəmin yaradır. Möhtərəm dövlət başçımızın müəyyənləşdirdiyi siyasətə uyğun olaraq hazırda Azərbaycanın xarici iqtisadi əlaqələrinin möhkəmləndirilməsi istiqamətində kompleks tədbirlərin həyata keçirilməsi davam etdirilir.
Müxtəlif maraqların toqquşduğu Cənubi Qafqaz regionunda balanslaşdırılmış xarici siyasət xətti yürüdən rəsmi Bakı bütün beynəlxalq və regional məsələlərə münasibətdə beynəlxalq norma və prinsiplərə əsaslanaraq ayrı-ayrı dövlətlər və təşkilatlarla bərabərhüquqlu, eyni zamanda, qarşılıqlı hörmətə əsaslanan əlaqələri diqqət mərkəzində saxlayır. Azərbaycanın belə əməkdaşlığın inkişafına böyük önəm verdiyi nüfuzlu təşkilatlardan biri olan Avropa İttifaqı ilə səmərəli və davamlı münasibəti getdikcə inkişaf edir. 
Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında əlaqələrin hüquqi əsası Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi ilə qoyulub. Xatırladım ki, həmin sənəd 1996-cı il aprel ayının 22-də Lüksemburq şəhərində imzalanıb və onu imzalayan bütün dövlətlər tərəfindən ratifikasiya edildikdən sonra 1999-cu il iyunun 1-də qüvvəyə minib. 
Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi əməkdaşlığı möhkəmləndirmək üçün müvafiq mexanizmlər təmin etməklə, Azərbaycanın Avropa İttifaqı arasındakı münasibətlərə yeni təkan verib. Adıçəkilən saziş siyasi dialoq, insan hüquqları, ticarət, investisiya, iqtisadi, qanunverici, mədəni və digər əməkdaşlıq sahələrində genişmiqyaslı münasibətləri nəzərdə tutur. Sazişin əsas məqsədlərindən biri Azərbaycan qanunvericiliyinin Avropa İttifaqı qanunvericiliyinə uyğunlaşdırılması təşkil edir.
Azərbaycan Prezidenti İlham Əliyevin mayın 13-də Brüsselə səfəri çərçivəsində Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk ilə görüşündə tərəflər arasında əlaqələr yüksək qiymətləndirilib. Donald Tuskun adından Şərq Tərəfdaşlığı ölkələrinin dövlət və hökumət başçılarının şərəfinə verilən şam yeməyində çıxış edən Prezident İlham Əliyev Azərbaycanın bu mövqeyini bir daha diqqətə çatdırıb. Dövlətimizin başçısının nitqində vurğuladığı faktlar və səsləndirdiyi fikirlər Azərbaycanla Avropa İttifaqı arasında əlaqələrin uğurlu inkişafını, tərəflərin bu münasibətlərə böyük əhəmiyyət verdiyini təsdiqləyib. O cümlədən, ­Prezident İlham Əliyevin Brüsselə səfəri və keçirdiyi görüşlər də Azərbaycanla bu nüfuzlu qurum arasında tərəfdaşlığın möhkəmlənməsi baxımından mühüm əhəmiyyət kəsb edib, bir sıra sahələr üzrə əməkdaşlıq prioritetləri bir daha nəzərdən keçirilib.
Mərasimdə ölkəmizin Avropa İttifaqı üçün etibarlı və məsuliyyətli tərəfdaş olduğunu qeyd edən Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk Azərbaycanın regiondakı rolunun Avropa İttifaqı tərəfindən yüksək qiymətləndirildiyini vurğulayıb. 
Avropa İttifaqı Azərbaycanı güclü iqtisadi imkanlara malik ölkə hesab edir və respublikamızın beynəlxalq münasibətlər sistemində mövcud rolunu yüksək qiymətləndirir. Son illər ərzində Azərbaycanın təşəbbüsü və birbaşa iştirakı ilə reallaşdırılan enerji layihələri sayəsində Avropanın enerji daşıyıcılarına istehlakının ödənilməsi də bu fikrin bariz ifadəsidir. 

 

Azər VERDİYEV, 
Qlobal Araşdırmalar Liqası İctimai Birliyinin sədri, politoloq

RƏYLƏR