Azərbaycanın başladığı nöqtə: “Qartalın dimdiyi”ndən - REPORTAJ

OXUNUB: 1137 SOSİAL

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən "Təbiətimiz evimizdir” layihəsi çərçivəsində təşkil olunmuş media-tur davam edir.

İcmal.Az xəbər verir ki, bu dəfə bir qrup jurnalistlər Abşeron Milli Parkına yollanıb.

Saytımızın əməkdaşının da iştirak etdiyi turun əsas məqsədi ictimaiyyəti Abşeron Milli Parkı haqqında məlumatlandırmaq və burada görülən işlər haqqında jurnalistlərə məlumat verməkdən ibarət olub.

783 hektar sahəsi olan bu park Abşeron yarımadasının cənub-şərq qurtaracağı - Şah dili burnu ərazisində yerləşir.

Şah dili burnu isə həm təbii-coğrafi mövqeyinə görə unikal mənzərə və təbiət hadisəsi sayılır, həm də vizual görünüşünə görə romantik bir ərazi hesab olunur.

Bu ərazini çox vaxt tanıtmaq üçün Azərbaycan xəritəsindəki "qartalın dimdiyi” də deyirlər.

Rəvayətə görə, əvvəllər bura yüksək mənsəbli əyanlar, o cümlədən şahlar (xanlar) ova gələrmiş. Ona görə də buranı yerli əhali Şah dili adlandırır.

Şah dili burnu Abşeron yarımadasını Xəzər dənizi ilə birləşdirən ən ucqar nöqtədir.

Abşeron Milli Parkı Azərbaycan Respublikası prezidentinin 2005-ci il 8 fevral tarixli Sərəncamı ilə Abşeron Dövlət Təbiət Yasaqlığının bazasında yaradılıb.

Buranın yaradılmasında əsas məqsəd ətraf mühitin mühafizəsi, ondan səmərəli istifadə edilməsi, nəsli kəsilməkdə olan nadir flora və fauna növlərinin qorunub-saxlanılması, ekoturizmin inkişaf etdirilməsi, turizm və istirahət zonalarının yaradılması, ekoloji monitorinqin həyata keçirilməsi və əhalinin ekoloji cəhətdən maarifləndirilməsinin təmin edilməsidir.

Parka daxil olarkən ilk olaraq gələn qonaqları məlumatlandırmaq üçün yerə dirək şəklində vurulmuş lövhə diqqəti cəlb edir.

Həmin lövhədə parkda mövcud olan flora və fauna haqqında ətraflı məlumat verilib.

Girişdə mətbuat nümayəndələrinə məlumat verən Abşeron Milli Parkının direktoru Fərahim Hüseynov bildirib ki, burada 50-yə yaxın fauna, 25-ə yaxın flora növü var:

"Bununla yanaşı, park ərazisində "Qırmızı kitab”a düşən altı növ heyvan – suiti, ceyran, qutan, qu quşu, soltan toyuğu və flaminqo var. Hazırda həmin heyvanların balalama dövrü olduğundan ərazidə müşahidə etmək qeyri-mümkündür. Çünki onlar, adətən, noyabr ayının sonunda gəlib mart ayında vətənlərinə geri dönürlər”.

O, söhbətində göstərilən marşrutlardan kənara çıxmağın, özü ilə ov ləvazimatları gətirməyin, xüsusi icazə olmadan quşları, balıqları, vəhşi heyvanları və sürünənləri ovlamağın və ya tutmağın, onların yuvalarına toxunmağın və ya dağıtmağın, ərazini zibilləməyin qadağan olunduğunu qeyd edib.

Bununla yanaşı, öyrəndik ki, Abşeron Milli Parkı Azərbaycanın ən kiçik milli parkıdır. Bura əvvəllər yasaqlıq kimi fəaliyyət göstərib. İşçi heyəti isə cəmi 14 nəfərdən ibarətdir.

Keçən il ərzində parkı 622 nəfər ziyarət edib. Onların 422-si yerli, 204 nəfəri isə xarici ölkələrin vətəndaşlarıdır. Daha sonra öyrəndik ki, bu ilin dörd ayı ərzində parka 179 nəfər yerli sakin, 90 nəfər əcnəbi gəlib.

Milli parkın torpaq örtüyü yaxşı inkişaf etməyib. Ərazi, əsasən, dəniz sahili qumluqlarla örtülüb. Abşeron Milli Parkında bitki örtüyünün növ tərkibi və fitokütləsi xeyli azdır.

Bunlara baxmayaraq, buranın heyvanat aləmi çox zəngindir. Milli parkın ərazisində suda-quruda yaşayanlardan göl qurbağası, yaşıl quru qurbağası, sürünənlərdən Aralıq dənizində tısbağası, Xəzər tısbağası, Qafqaz kələzi, Xəzər gekkonu, koramal, uzunayaq Şneyder, əlvan kərtənkələcik, cəld kərtənkələcik, xaltalı eyneris, suilanı, gürzə və s., quşlardan gümüşü qağayı, fısıldayan qu quşu, boz və qırmızıbaş qazlar, bizquyruq, yaşılbaş ördək, ağgöz qara ördək, kəkilli dalğıc, böyük ağ vağ, qumluq cüllütü, qaşqaldaq, bataqlıq belibağlısı, dəniz bozcası və s., məməli heyvan növlərindən isə ceyran, canavar, çaqqal, çöl pişiyi, yenot, oxlu kirpi, tülkü, porsuq, dovşan, Xəzərin sularında suiti və həmçinin müxtəlif növ balıqlar məskunlaşıb.

Abşeron Milli Parkını digərlərindən fərqləndirən əsas özəlliklərdən biri də burada dünya okeanının ən kiçik suitisinin mövcud olmasıdır. Həmin suiti "Ginnes”in rekordlar kitabına düşüb.

Ərazidə olarkən yuxarıda qeyd olunan heyvan və quş növlərinin əksəriyyətinə rast gəlmədik. Bunun balalama dövrü və vətənlərinə köçmə ilə bağlı olduğu deyildi. Burada ceyranlar da vardır ki, onlar Şirvan Milli Parkından tutularaq gətirilib.

Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin direktor müavini Hikmət Əlizadə bildirir ki, Abşeron Milli Parkı Azərbaycanda mövcud olan ən kiçik milli parkdır:

"Buranın yaradılmasında əsas məqsəd fauna biomüxtəlifliyinin mühafizəsidir. Park Azərbaycan xəritəsində quru ərazi olan ən son nöqtədə yerləşir. Ərazi kiçik olsa da, burada nadir növlü heyvanlara rast gəlinir. Xüsusilə də miqrasiya dövründə quşlar koloniya şəklində məhz parkın ərazisində qışlayır.

Parkın əlverişli coğrafi şəraiti var. Buranı yaratmaqda məqsədimiz isə həm yerli, həm də xarici turistlərin gəlişini stimullaşdırmaqdır”.

Daha sonra turizm marşrutları və turistlər üçün yaradılan infrastruktur imkanları haqqında danışan nazirlik nümayəndəsi qeyd edir ki, ərazidə dörd turist marşrutu mövcuddur və turistlər üçün dincəlmə, piknik nöqtələri yaradılıb:

"Böyük marşrut səkkiz kilometrdir. Bu marşrut Milli Parkın giriş hissəsindən başlayır, Şah dili nöqtəsinə qədər davam edir. O cümlədən kiçik marşrutlar da vardır ki, azyaşlı uşaqlar üçün nəzərdə tutulub.

Qəbul olunmuş konsepsiyaya əsasən, Milli Park və digər təbiət ərazilərində nazirlik olaraq təbiətə daha az müdaxilə etməyə çalışırıq. Bu ərazilərdə infrastruktur obyektlərinin qurulması, restoran və kafelərin fəaliyyət göstərməsi təbiəti mühafizə baxımından bəyənilmir.

Turistlər üçün həm dincəlmə nöqtələri, həm də piknik nöqtələri yaradılıb. Burada onlar istirahət edə və yemək yeyə bilərlər”.

Park haqqında məlumat verən H.Əlizadə Abşeronda tarixən ceyranların mövcud olduğunu vurğulayıb:

"Lakin sonradan onların buradakı kökü kəsilib. Məhz bu səbəbdən Şirvandan ceyranlar tutularaq buraya gətirilib və xeyli artım müşahidə olunub”.

Bu məlumatlardan sonra parkın ərazisini gəzməyə davam edirik. Dəniz sahilinə yaxınlaşarkən yuva quraraq yaşayan ilanları görürük. Hətta aramızda ilanları gördükdən sonra qışqıran həmkarlarımız da oldu.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimovanın sözlərinə görə, Milli Parklarda ekoturizmin inkişafı üçün geniş imkanlar var:

"Təbiətimiz-evimizdir” devizi ilə ETSN tərəfindən təşkil olunmuş press-tur ikinci həftədir ki, davam edir. Milli Parklarda ekoturizmin inkişafı üçün geniş imkanlar var. Məqsədimiz milli parklardakı ekoturizm potensialını göstərmək, bir-birindən gözəl təbiət abidələrinə gediş-gəliş imkanlarını genişləndirmək və təbiəti evimiz kimi qoruyaq çağırışı ilə ictimai fikri nazirliyin ideyaları ətrafında səfərbər edərək, ətraf mühitə sivil münasibəti tam olaraq formalaşdırmaqdır”.

İcmal.Az

RƏYLƏR