Azərbaycanın ilk qadın bəstəkarının vəfatından 42 il ötür

OXUNUB: 1272 MƏDƏNİYYƏT

Bu gün Azərbaycanın ilk qadın bəstəkarı, Əməkdar incəsənət xadimi olmuş Ağabacı Rzayevanın vəfatından 42 il ötür.

İcmal.Az xəbər verir ki, Ağabacı İsmayıl qızı Rzayeva 15 dekabr 1912-ci ildə Bakıda ziyalı ailəsində anadan olub. Atası İsmayıl ixtisasca iqtisadçı olsa da, muğamların sirlərinə yiyələnmiş, onları tarda ifa etməyi öz atası məşhur tarzən Mirzə Fərəcdən (15 mart, 1847-26 mart, 1927) öyrənmişdi.

Ağabacı babasının vəfatından sonra əvvəlcə Pedaqoji texnikumu bitirib (1929), bir neçə il Saray, Kürdəxanı və Maştağa kəndlərində müəllimlik edir. Lakin o, uşaqlıqdan sevdiyi musiqidən heç cür ayrıla bilmirdi. Yaxşı səsi olan qızları başına yığıb xor yaradır, özü də onları tarda müşayiət edirdi. Maştağada yerli radio qovşağı yaradılarkən gənc müəllimənin təşəbbüsü və yaxından iştirakı ilə xəbərlər arasında musiqi nömrələri də verilərdi. Onu da qeyd etmək lazımdır ki, A. Rzayeva musiqi-maarifçilik işini ömrünün sonuna kimi davam etdirib.

1934-cü ildə əvvəlcə konservatoriyanın nəzdində xalq musiqisi şöbəsi təşkil olunarkən Üzeyir bəy Ağabacı ilə bacısı Ruqiyyəni öz yanına çağırtdırıb və "Qoçaq qızlarsınız, heç kəs öz qızını tar çalmağa qoymur, özümüzünkülər gəlsə, başqaları da baxıb həvəsə düşərlər”.

Ağabacı Rzayeva not çalğısı üzrə ali təhsilli tarzən və bəstəkar Səid Rüstəmovdan, muğam üzrə Mirzə Mənsur Mənsurovdan dərs alır.

Azərbaycan Dövlət Konservatoriyasında Üzeyir Hacıbəyovun kompozisiya sinfində təhsil almış, onun ən sevimli tələbələrindən biri olmuşdur.

Bir il sonra o, Üzeyir Hacıbəyovun yaratdığı ilk notlu xalq çalğı alətləri orkestrinə qəbul olunur, 1938-ci ildə isə Moskvada keçirilən Azərbaycan incəsənəti dekadasında iştirak edir. O, həm Azərbaycanda, həm də bütün Şərqdə peşəkar musiqi təhsilini almış ilk qadın-bəstəkardır.

Onun ardınca digər istedadlı qızlar da (Ədilə Hüseynzadə, Hökümə Nəcəfova, Şəfiqə Axundova) bəstəkarlıq sahəsinə gəlirlər.

Onun bəstələdiyi ilk əsər "Gənc vətənpərvərlər marşı” olub. Bundan başqa, bəzən Ağabacı Rzayeva özü də şairliyə meyil etmiş, bəzi mahnıları öz sözlərinə bəstələmişdir – "Durna qatarlı qızlar”.

Böyük Vətən müharibəsi illərində sənətkar, xalqımızın qəhrəmanlıq şücaətini və vətənpərvərlik hisslərini tərənnüm edib; "Vətən”, "Partizan oğlu”, "Qəhrəman ananın qəhrəman oğlu”, "Sevgilim əsgər gedir”, "Gözləyəcəyəm, sevgilim”də doğma vətənə dərin məhəbbət hissləri ilə aşılanıb.

Bəstəkarın qəhrəman neftçilərimizin əmək şücaətini tərənnüm edən "Neftçi Qurban”, ata-anaların gözlərini sevincdən yaşardan "Evimizə gəlin gəlir”, "Oxuma gözəl”, "Çoban Qara”,  uşaqlar üçün "Kukla”, "Qaranquş”, "Ağ göyərçinim”, "Sabahın ustaları”, "Balaca kapitan”, "Qərənfiləm mən” və s. əsərləri milli mədəniyyətimizdə layiqli yer tutur. İlk dəfə Moskvada oxunan "Kukla” mahnısı ona xalqın rəğbətini qazandırıb.

Ağabacı Rzayeva bir çox mahnı və romansların, həmçinin "Höcət eləmə” (1965, İsmayıl Quliyevlə birgə) musiqili komediyasının, "Ögey ana” dramı, Xalq Çalğı Alətləri Orkestri, simli kvartet üçün pyeslərin, simfonik əsərlərin, Nəsiminin sözlərinə 7 romansın və s. əsərlərin müəllifidir. İfa olunmamış əsərləri İncəsənət Arxivində saxlanılır.

Azərbaycan caz-muğam sənətinin əsasını qoymuş unudulmaz pianoçu Vaqif Mustafazadə də zaman-zaman bəstəkarın mahnılarına müraciət edib, məsələn, "Ey pəri” və "Evimizə gəlin gəlir” kimi məşhur mahnılarına bənzərsiz möhür vurub.

Xalq çalğı alətləri orkestrinin tərkibinə klarnet alətinin salınması da Ağabacı Rzayevanın adı ilə bağlıdır.

Ağabacı Rzayeva respublikanın ictimai həyatında da fəal iştirak edib. O, bir neçə çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı olub, 2 dəfə "Qırmızı Əmək Bayrağı” ordeni, "Şərəf Nişanı” ordeni və müxtəlif medallarla təltif olunub. 1960-cı ildə ona "Əməkdar incəsənət xadimi” fəxri adı verilib.

5 iyul 1975-ci ildə (63 yaşında) Bakıda vəfat etmiş bəstəkar II Fəxri Xiyabanda torpağa tapşırılıb.

İcmal.Az

RƏYLƏR