“Azərbaycanın İntellektual Birİncisi” layihəsinin icrası başa çatıb

OXUNUB: 1351 QHT
"İrəli” İctimai Birliyinin Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə reallaşdırdığı "Azərbaycan İntellektual Birİncisi” layihəsinə dekabrın 6-da yekun vurulub.

İCMAL.az xəbər verir ki, layihənin sonuncu günündə ulu öndər Heydər Əliyevin əziz xatirəsinə həsr olunan final mərhələsi keçirilib.

Tədbirdə Gənclər və İdman Nazirliyinin sektorun müdiri Fuad Babayev, Milli Məclisin deputatı Mahir Abbaszadə, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun aparat rəhbəri Faiq Qürbətov çıxış edərək belə layihələrin həyata keçirilməsinin gənclərin inkişafında əhəmiyyətindən danışıblar. Qeyd edilib ki, gənclərin intellektual oyunlarda iştirakı onların zehni inkişafına, bilik və bacarıqlarının artırılmasına böyük töhfə verir. Bu baxımdan belə layihələr gənclərin inkişafında mühüm rol oynayır.

İctimai Birliyin sədri Mirhəsən Seyidov çıxışında "Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramında gənclərin asudə vaxtının səmərəli təşkili üçün intellektual və kompüter oyunları üzrə yerli və beynəlxalq çempionatların keçirilməsinin əksini tapdığını vurğulayıb. O, "Azərbaycan İntellektual Birİncisi” layihəsinin Dövlət Proqramına uyğun olaraq həyata keçirildiyini deyib. Bildirib ki, Azərbaycanın bütün regionlarını əhatə edən layihənin məqsədi ölkə gənclərinin maarifləndirilməsi və intellektual potensiallarının qiymətləndirilməsi olub.

Layihə çərçivəsində dörd intellektual oyun ("Xəmsə”, "Nə? Harada? Nə zaman?”, "Axtar tap”, "Vətəni tanı”) üzrə 11 regionda keçirilən yarışlarda Naxçıvan Muxtar Respublikası da daxil olmaqla ümumilikdə 70 rayondan 1500-ə yaxın gənc iştirak edib. Hər rayon yarışlarda 18 nəfərlik komanda ilə təmsil olunub. Layihənin icrası müddətində Bakı, Sumqayıt, Quba, Tərtər, İsmayıllı, Şəmkir, Mingəçevir, Şəki, Sabirabad, Lənkəran rayon və şəhərlərindəki Gənclər evlərində və mərkəzlərində, Naxçıvan Muxtar Respublikasında regional turnirlər keçirilib.

Layihənin yekununda "Vətəni tanı” oyunu üzrə Sabirabad, Qobustan və Naxçıvan gəncləri müvafiq olaraq ilk üç pillədə qərarlaşıblar. "Axtar tap” oyununun nəticələrinə görə Abşeron rayonunun təmsilçiləri ilk sırada yer alıblar. İkinci yerə Biləsuvar, üçüncü yerə isə Sabunçu gəncləri layiq görülüblər. "Nə, harada, nə zaman?” oyunu üzrə birinci yerə Abşeron, ikinci yerə Gəncə, üçüncü yerə Naxçıvan gəncləri sahib olublar. "Xəmsə” oyunu üzrə isə Şabran, Lənkəran və Goranboy rayonlarının gənc intellektualları qalib adını qazanıblar.

Qalib gələn komandalar medallar, şəhadətnamələr və hədiyyələrlə təltif olunublar.


RƏYLƏR