Azərbaycanın İran və Səudiyyə seçimi

OXUNUB: 1161 SİYASƏT TƏHLİL

Rəsmi Bakı İranın daha  bir "düşməni” ilə yüksək səviyyədə əməkdaşlıq edir; politoloq: "Hər iki dövlətlə balanslı siyasət yürüdülür və münasibətlər qurulur”

Azərbaycan dövlət siyasətində ikitərəfli əməkdaşlığa üstünlük verdiyini daim bəyan edir. Rəsmi Bakı hətta bir-biri ilə gərgin münasibətlərdə olan ölkələrlə də ayrı-ayrılıqda normal münasibətlər qurmaqla da bir neçə nümunə ortaya qoyub.

Vaxtaşırı Bakının həm İran, həm də İsraillə normal münasibətlər qurması, tərəfləri ciddi şəkildə narazı salacaq hərəkətlərə yol vermədən əlaqələrində olduqca korrekt olması müzakirə mövzularından biridir. Artıq həm İsrail, həm də İran hökumətləri reallıqla barışaraq rəsmi Bakının xarici siyasətində müstəqil olması faktını qəbul ediblər. Son illər Azərbaycanın Səudiyyə Ərəbistanı ilə əməkdaşlığını genişləndirməsi təbii ki, qonşu İranı o qədər də məmnun etmir. Çünki Ər-Riyadla Tehran arasında uzun illərə söykənən gərginliklər mövcuddur. Xüsusilə də ABŞ və Səudiyyə arasındakı anlaşmalar Tehranda sərt reaksiyalar doğurur. Qüds ətrafında vəziyyətin bu münasibətləri daha da gərginləşdirəcəyi şübhə doğurmur. ABŞ və Səudiyyə Ərəbistanının Qüds barədə qurduğu planın detalları məlum olub. (axar.az) Plana əsasən, Qüds İsrailin yeni paytaxtı olacaq, Fələstin isə yeni paytaxt olaraq Əbu Dis şəhərini seçəcək. 1948-ci ildə baş tutan Ərəb-İsrail müharibəsi zamanı İsraili tərk edən fələstinlilərin geri qayıtmaq haqları da əllərindən alınacaq. Planın əsas müəlliflərindən birinin ABŞ prezidenti Donald Trampın baş müşaviri Cerad Kuşner olduğu bildirilib. İddialara əsasən, Kuşner Ər-Riyad səfəri zamanı vəliəhd Məhəmməd bin Salmanı da razı salmağı bacarıb. Vəliəhddən sonra Kuşnerin Fələstin rəhbəri Mahmud Abbasa da bu planı təklif etdiyi qeyd olunub. Qeyd edək ki, Fələstin mətbuatı ABŞ prezidentinin ötən gün Mahmud Abbasla telefon danışığı zamanı ABŞ səfirliyinin Tel-Əvivdən Qüdsə köçürüləcəyini açıqladığını iddia edib. Belə olan halda Tehranın qıcıqlı reaksiyalarını müşahidə etmək mümkündür.

Yeri gəlmişkən, bu günlərdə Bakıda Azərbaycan Respublikası ilə Səudiyyə Ərəbistanı Krallığı arasında ikitərəfli əlaqələrin inkişafı məsələləri barədə fikir mübadiləsi aparılıb. Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfiri Rasim Rzayevin bu ölkənin Şura Məclisinin Səudiyyə Ərəbistanı-Azərbaycan parlamentlərarası dostluq komitəsinin sədri Fayiz Əl-Şəhri və komitənin üzvləri ilə görüşündə qanunverici orqanlarımız arasında əməkdaşlıqdan da ətraflı söhbət açılıb. Bütün bunlar yəqin ki, İranda da diqqətlə izlənilir. Ancaq hesab olunur ki, Azərbaycan və İran arasındakı münasibətlərin yeni mərhələyə adlaması, dəmir yolu çəkilişi ilə bağlı nəhəng layihə, həmçinin Azərbaycan, Rusiya, İran üçbucağında əlaqələrin inkişafı Tehranın təsirlərini neytrallaşdıracaq. 

Politoloq Arzu Nağıyev "Yeni Müsavat”a dedi ki, İran və Səudiyyə Ərəbistanı arasında münasibətlər İslam tarixi boyunca o qədər də müsbət olmayıb: "Əsasən də buna səbəb kimi sünni və şiə cərəyanlarının və müxtəlif məzhəblərin təsiridir. İranda Şah rejimi dövründə münasibətlər normal olub, sonradan, yəni İslam inqilabından sonra yenə münasibətlərdə soyuqluq yaranıb və bu proses 1988-ci ilə qədər davam edib. 1988 və 2016-cı ildə diplomatik münasibətlər ümumiyyətlə kəsilib. Ərəb baharından sonra məlum cəza kimi şiələrin qətli və bu kimi amillər yenə iki dövlət arasında münasibətləri dəyişib və bu gün demək olar ki, yox dərəcəsindədir”.

A.Nağıyev bildirdi ki, Azərbaycan dövləti hər iki ölkə ilə diplomatik münasibətləri olan və siyasi, iqtisadi, mədəni ilə ticarət əlaqələri yaradıb: "”Əsrin müqaviləsi" imzalanan zaman Səudiyyə Ərəbistanı Krallığı da bu müqavilədə təmsil olunub, ölkəmizdə həyata keçirilən bir sıra layihələrdə kreditor kimi çıxış edib. Bundan başqa, Ermənistanla diplomatik münasibəti olmayan çox az dövlətlərdən biridir. 1999-cu ilin iyun ayından Səudiyyə Ərəbistanı Krallığının Azərbaycanda səfirliyi fəaliyyət göstərir". Politoloq İranla da normal münasibətlərimiz mövcud olduğunu qeyd etdi: "Unutmaq lazım deyil ki, hazırda İranda 25 milyondan çox azərbaycanlı yaşayır, bu ölkə ilə 765 km. uzunluğunda sərhədlərimiz var. Azərbaycanla İran arasında qarşılıqlı əlaqələrimiz inkişaf edir. Son vaxtlar həm ikitərəfli, həm də üçtərəfli platformalarda təmsil edilirik. Bu, istər loqistika, istər müəyyən nəqliyyat infrastruktur layihələrin reallaşmasında özünü büruzə verir. Azərbaycan multikultural dəyərləri olan, tolerantlığı təbliğ edən və qoruyan bir dövlət olaraq hər iki dövlətlə müsbət istiqamətdə əlaqələr qurub. Təbii ki, xarici siyasətdə əsas dostluq deyil, ümumi siyasi, iqtisadi və digər maraqlardır. Buna görə də hər iki dövlətlə balanslı siyasət yürüdülür və münasibətlər qurulur. Zənnimcə, bu paralel siyasət daim aparılacaq”.

RƏYLƏR