Azərbaycanın Kənd Təsərrüfatı naziri Fransanın Yeni Akiten regionunun vitse-prezidenti və Bordo şəhərinin meri ilə görüşüb

OXUNUB: 605 İQTİSADİYYAT

Fransada səfərdə olan Azərbaycanın Kənd Təsərrüfatı naziri İnam Kərimov Bordo şəhərinin meri Nikola Floryan və Yeni-Akiten regionunun vitse-prezidenti Jan-Pyer Reno ilə görüşüb.

Nazir İnam Kərimov görüşlərdə kənd təsərrüfatı sahəsində ölkəmizdə aparılan islahatlardan söz açıb, Prezident İlham Əliyevin qeyri-neft sektorunun inkişafına, kənd təsərrüfatı, xüsusilə də ərzaq təhlükəsizliyinin təmin olunmasına xüsusi önəm verdiyini diqqətə çatdırıb. Həmçinin iki ölkə arasında bu sahədə mövcud əməkdaşlıqdan danışıb.

Qeyd olunub ki, Bakı-Bordo şəhərləri 1979-cu ildən qardaşlaşıb. Hər iki şəhərin sakinlərinin bir-birini, eləcə də mədəniyyətlərini yaxından tanımasını təşviq etmək üçün əməkdaşlıq əlaqələri genişləndirilməlidir.

Ölkəmizin kənd təsərrüfatı sahəsində də Fransa ilə əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu bildirən nazir, Nikola Floryanı Azərbaycana səfərə dəvət edib.

Nikola Floryan Bordo-Bakı əməkdaşlığını yüksək qiymətləndirərək, onun daha da dərinləşdirilməsində maraqlı olduğunu söyləyib. Dəvəti qəbul edən Bordo şəhərinin meri qarşıdan gələn bələdiyyə seçkilərindən sonra ölkəmizə səfər edəcəyini bildirib.

Yeni-Akiten regionunun vitse-prezidenti Jan-Pyer Reno ilə görüşdə isə regionun kənd təsərrüfatı haqqında ətraflı məlumat verilib. Jan-Pyer Reno Yeni Akiten regionunda əsasən ətlik istiqamətli iribuynuzlu cins heyvanların bəslənildiyini bildirib, üzümçülük və şərabçılığın inkişafından söz açıb.

Nazir İnam Kərimov fransız şirkətlərini ölkəmizdə hər il keçirilən "CaspianAgro” beynəlxalq kənd təsərrüfatı sərgisində iştirak etməyə dəvət edib.

Bordoya səfəri çərçivəsində Kənd Təsərrüfatı naziri yerli şərab şirkətində də olub, üzümçülük və şərabçılıq sahələrinin inkişafına göstərilən dövlət dəstəyi ilə maraqlanıb.

 

İcmal.Az


RƏYLƏR