Azərbaycanın mədəniyyətlərarası dialoqun inkişafı sahəsində gördüyü işlər yüksək qiymətləndirilir – TƏHLİL

OXUNUB: 466 index-manşet TƏHLİL

Amerikalı alim Samuel Hantiqtonun 90-cı illərin əvvəllərində özünün "Sivilizasiyaların toqquşması” əsərində proqnozlaşdırdığı kimi "Soyuq müharibə”dən sonra dünyada mövcud olan əsas sivilizasiyalar arasında toqquşmaların baş verməsi nəzəriyyəsi özünü doğrultmadı. Hantiqton hesab edirdi ki, XXI əsrdə Qərb, İslam, Konfutsiançılıq, induizm, slavyan-provoslav, Latın Amerikası və Afrika sivilizasiyalarının kəsişmə nöqtələrində əks mədəniyyət nümayəndələrinin genişmiqyaslı münaqişələrinə bəşəriyyət şahidlik edəcək. Ancaq sivilizasiyalararası toqquşmalar baş vermədi və bu günün geosiyasi təhlili prizmasından baxdıqda yaxın dövr üçün bu tip toqquşmaların baş qaldıracağını gözləməyə dəyməz.

Əslində Hantiqton yanılmamışdı, dünyanın və bəşəriyyətin taleyinin Avrasiya qitəsində həll olunduğunu və SSRİ dağıldıqdan sonra onun yerində yaranan dövlətlərin əksəriyyətində xalqların etnik-dini köklərə sitayişinin yüksəlməsi fonunda ehtimal oluna bilərdi ki, növbəti tarixi mərhələdə dövlətlərarası müttəfiqlik əsasən dini və etnik prinsiplər əsasında qurulacaq.

Bu isə son nəticədə, müxtəlif mədəniyyətlərin ayrı-ayrı mərkəzlərdə birləşərək geosiyasi qütblərə çevrilməsi və bir-biri ilə konfrantasiyaya getmələrinə şərait yarada bilərdi. Məsələn, özünün slavyan köklərinə, provaslav keçmişinə qayıdan Rusiya onunla eyni dini dəyərləri paylaşan Ukrayna, Belorus, Moldova, Gürcüstan, Sloveniya, Slovakiya, Serbiya kimi dövlətlərlə ittifaq yarada bilərdi. Yaxud, Orta Asiya və Qafqazın müsəlman post sovet respublikaları Yaxın Şərqin müsəlman ölkələri ilə birləşməsi mümkün idi. Eyniylə, Çin öz ətrafında oxşar dini görüşləri paylaşan, yaxud etnik identikliyə əsaslanan dövlətlərlə ittifaq qura bilərdi. Ancaq bu baş vermədi və əsas səbəb də, dünya dövlətlərinin Hantiqtonun nəzəriyyəsinə ciddi yanaşıb əvvəlcədən qarşısıalma tədbirləri görmələri oldu.

Söhbət ondan gedir ki, ABŞ "Soyuq müharibə”dən qalib olaraq çıxdıqdan sonra geosiyasi strategiyasını elə qurdu ki, ayrı-ayrı regionlarda dövlətlərin etnik-dini və s. mədəni xüsusiyyətlərinə əsaslanan alyans və ittifaqların yaranmasına imkan verilməsin.

Paralel olaraq beynəlxalq təşkilatlar tərəfindən qlobal anlamda tolerantlıq, dini dözümlülük kimi anlayışlar təbliğ olunmaqla yanaşı, qloballaşma prosesi də, özü-özlüyündə kütləvi şüurlarda mədəni dəyərlərin əhəmiyyətini azaltdı.

Məsələn, Ukrayna ilə münaqişə, Gürcüstandakı konflikt təsadüfi sayıla bilməz və ilk növbədə provoslav-slavyan bayrağı altında Rusiya ətrafında birləşməni önləmək üçün hesablanmışdı. Çünki şərqdə provoslav-slavyan ittifaqının formalaşması Qərb üçün ciddi təhlükə mənbəyi hesab olunur. Rusiya Provoslav Kilsəsinin xalqların vahid Rusiya çətiri altında birləşməsini təbliğ edən "Rus sivilizasiyası”, "Şərqi slavyan sivilizasiyası” və "Rus dünyası” kimi konsepsiyalara əsaslanaraq belə bir alyansın formalaşdırmasına illərdir cəhd göstərir.

Eyni zamanda, Yaxın Şərqdə uzun illərdir davam edən sünni-şiə konfrantasiyası, həmçinin Cənubi Çin dənizində Spartli və Parasel adaları uğrunda Çinin dəniz sahili digər ölkələrlə apardığı qarşıdurmalar vahid mədəni baza ətrafında dövlətlərin ittifaqına maneə yaradıb. Diqqət edərsək, bütün bu münaqişə ocaqlarında Amerikanın xüsusi rolu və iştirakı göz önündədir.

Qeyd olunmalıdır ki, beynəlxalq təşkilatlar tərəfindən qlobal anlamda tolerantlıq, dini dözümlülük və mədəniyyətlərarası dialoqun qurulması kimi anlayışların təbliğ olunması işində Azərbaycanın fəaliyyəti xüsusilə əhəmiyyət daşıyır. Azərbaycan coğrafi məkan olaraq müxtəlif sivilizasiyaların mümkün toqquşma nöqtəsində yerləşdiyinə görə, ölkəmizin həm qlobal anlamda mədəniyyətlərin dialoqunun təşfiqatçısı kimi beynəlxalq tədbirlərin təşəbbüskarı və ev sahibi kimi çıxış etməsi xüsusi qeyd olunmalıdır. Azərbaycan sanki, həm ölkədaxili tolerantlıq nümunəsi həm də bu mənada daşıdığı qlobal əhəmiyyətinə görə mədəniyyətlər arası dialoqun simvoluna çevrilmişdir.

Azərbaycan dəfələrlə Beynəlxalq Humanitar Foruma, Dünya Dini Liderlərinin Zirvə Görüşünə, BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumuna uğurla ev sahibliyi edib.

Bu cür tədbirlər sivilizasiyalararası gərginlik və risklərin azaldılması, müxtəlif xalqlar və dinlər arasında anlaşmanın təmin olunması yollarının müəyyənləşdirməsində xüsusi rol oynayır. Azərbaycanın mədəniyyətlərarası dialoqun inkişafı sahəsində gördüyü işlər dünyanın nüfuzlu aparıcı təşkilatlarının rəhbərləri tərəfindən yüksək qiymətləndirilib.

Azərbaycanın beynəlxalq səviyyədə mədəniyyətlərin dialoquna dəstək verməsi, eyni zamanda, ölkə daxilində tolerantlıq və dözümlülüyün geniş təbliği erməni lobbisinin Ermənistan-Azərbaycan münaqişəsinə dinlərlərarası konflikt xarekteri verməsinə şərait yaratmadı. Azərbaycanın tarixi qələbəyə hesablanmış 44 günlük haqq savaşında beynəlxalq müdaxilənin minimal səviyyədə olmasının səbəblərindən biri də bu idi.

 

Tofiq Vahid

 

7NEWS.az

Material Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.İstiqamətin kodu 6.3.15

 

 

RƏYLƏR