Azərbaycanın xarici dövlət borcu 6% azalıb

OXUNUB: 940 İQTİSADİYYAT

Azərbaycanın xarici dövlət borcu illik müqayisədə 448,7 mln. dollar və ya 6,0% azalaraq 2017-ci il aprelin 1-nə 7,0 mlrd. ABŞ dollarına bərabər olub.

Bu barədə 2017-ci il dövlət büdcəsinə dəyişiklik haqqında qanun layihəsində qeyd edilib.

Bildirilib ki, ölkədə həyata keçirilən iqtisadi islahatların dəstəklənməsi və ayrı-ayrı prioritet layihələrin maliyyələşdirilməsi məqsədilə 2017-ci il 1 aprel tarixinə beynəlxalq maliyyə-bank qurumları və digər kredit təşkilatları ilə 11,1 mlrd. ABŞ dolları məbləğində kredit sazişləri imzalanıb. Bu sazişlər əsasında istifadə olunmuş kreditlər üzrə Azərbaycanın xarici dövlət borcunun ümumi məbləği borclu təşkilatların təqdim etdiyi məlumatlara əsasən, 7 mlrd. ABŞ dolları olub.

İmzalanmış sazişlər üzrə istifadə edilən kreditlərə görə xarici dövlət borcu ümumi daxili məhsulun 18,1%-ni təşkil edib, adambaşına düşən xarici dövlət borcu isə 713,5 dollar olub. 2017-ci il aprelin 1-nə xarici borc üzrə alınan kreditlərin 7,5%-i Beynəlxalq Valyuta Fondunun Xüsusi Borcalma Hüquqları (SDR), 76,7%-i ABŞ dolları, 11,8%-i avro, 2,4%-i Yaponiya yeni, 1,6%-i isə digər valyutaların payına düşüb.

Ölkəyə cəlb edilən kreditlərin 32,1%-ni sabit dərəcə ilə olan kreditlər, 67,9%-ni isə dəyişkən dərəcə ilə olan kreditlər təşkil edib. Xarici dövlət borcunun 57,3%-i 10 ilə qədər olan müddətdə, 38,8%-i 10-20 il müddətdə, 3,9%-i isə 20 ildən yuxarı olan müddətdə kreditorlara qaytarılmalıdır.
İmzalanmış kredit sazişləri üzrə 2017-ci ilin I rübü ərzində 83,2 mln. dollar məbləğində vəsait istifadə edilib. 

Bununla yanaşı, qeyd olunur ki, 2017-ci il aprelin 1-nə dövlətin daxili borcu 7 mlrd. manat təşkil edib.

Qeyd edək ki, 1 yanvar 2017-ci il tarixinə Azərbaycan Respublikasının xarici dövlət borcu 6 913,2 mln. dollar (12 241,3 mln. manat), xarici dövlət borcunun ÜDM-ə nisbəti 20,4% təşkil edib. Ötən il aprelin 1-nə xarici dövlət borcu 7 448,7 mln. dollar (11 486,6 mln. manat), borcun ÜDM-ə nisbəti isə 21% olub./report

 İcmal.Az


RƏYLƏR