Azərbaycanın xüsusi qrupundan Ermənistana ŞOK HÜCUMLAR: məxfi məlumatlar ələ keçirildi

OXUNUB: 901 SİYASƏT
Azərbaycanın "Anti-Armenian Team” haker qrupu 6 yaşını qeyd edir.

Qrup 6 illik fəaliyyəti ilə bağlı məlumat yayıb.

Əsas hədəfi işğalçı Ermənistan olan haker qrupu indiyə kimi bir sıra uğurlu əməliyyat həyata keçirib.

Kod adı "31 mart”

31 mart 2012-ci ildə 31 mart Dünya Azərbaycanlılarının soyqırımı gününə həsr olunmuş "31 mart” kod adı altında kiber əməliyyat keçirilib və iri həcmli kiber hücumlar zamanı düşmən və onlarla əlaqələri təsbit edilən 816 sayt zərərsizləşdirilib.

Ermənistan DİN-in serveri məhv edildi

16 dekabr 2013-cü il tarixində keçirilən kiber əməliyyat nəticəsində Ermənistanın Daxili İşlər Nazirliyinin mərkəzləşdirilmiş serverinə kənar müdaxilə nəticəsində həmin serverlərdən nazirliyinin xidməti fəaliyyəti ilə bağlı 1.44 GB həcmində informasiya, vətəndaşların pasport məlumatları, avtomobillərin dövlət qeydiyyat məlumatları, habelə düşmən ərazisində fəaliyyət göstərən VivaCell və OrangeCell mobil operatorlarının verilənlər bazası götürülərək ələ keçirilibdir.

Serj Sarkisyanın saytı dağıdıldı

26 iyun 2014-cü il Azərbaycan Respublikası Silahlı Qüvvələri gününə həsr olunmuş kiber əməliyyatda "Anti-armenia Team”-in hakerləri Ermənistan prezidentinin və bu ölkənin bir çox mühüm nazirliklərinin saytlarını dağıdaraq sıradan çıxarıb. Erməni ekspertlər də öz müsahibələrində dəfələrlə "Anti-armenia Team”-in hakerlərinin Ermənistana milli səviyyədə problem yaratdığını etiraf edərək, həmin qrupla mübarizə etmək üçün kifayət qədər intellektual resursa malik olmadıqlarını dilə gətiriblər.

Separatçılara zərbə

8 avqust 2014-cü ildə qondarma "Dağlıq Qarabağ respublikası”na qarşı kiber hücum həyata keçirilib. Hücum nəticəsində qondarma rejimin bir sıra "nazirlik”lərinin rəsmi veb saytı sıradan çıxarılıb. Sözügedən saytlarda haker qrupu tərəfindən hazırlanmış xüsusi foto yerləşdirilib. Fotoda cəbhə xəttində şəhid olan əsgərlərimizin adları və Ermənistan prezidenti Serj Sarkisyana ünvanlanmış müraciət yer alıb.

Kod adı "20 Yanvar

20 yanvar 2016-cı ildə 20 Yanvar faciəsinə həsr olunmuş Kod adı "20 Yanvar” əməliyyatı altında keçirilən kiber hücum zamanı azərbaycanlı hakerlərdən ibarət qrup Ermənistanın bütün səfirliklərinin rəsmi saytlarını, Ermənistanın Xarici İşlər Nazirliyinin rəsmi saytını, eləcə də beynəlxalq təşkilatların saytları dağıdıb. Dağıdılan saytlardan 41-i səfirliyə, 6-sı beynəlxalq təşkilatlara aid olmaqla 47 sayt sıradan çıxarılıb. Dağıdılan saytlarda 20 Yanvarla bağlı video və fotolar yerləşdirilib.

Ermənistanın məxfi məlumatları ələ keçirildi

25 Avqust 2016-cı ildə keçirilən kiber hücum nəticəsində Ermənistanın dövlət strukturlarına, hüquq-mühafizə orqanlarına məxsus böyük həcmli məxfi informasiyalar ələ keçirilibdir. Həyata keçirilən kiber hücum nəticəsində Ermənistanın Milli Təhlükəsizlik Nazirliyinin serverlərinə giriş əldə edilib, həmin serverlərdən tam məxfi informasiyalar ələ keçirilibdir. Əldə olunmuş informasiyalar arasında Ermənistana səfər edən bütün xarici vətəndaşlar haqqında məlumatlar da aşkar edilərək götürülübdür.

Hər şeydən öncə - VƏTƏN !

Qeyd edək ki, 19 oktyabr 2011-ci ildə yaradılan qrupun təsisçiləri vətənini sevən, ölkəsinə və millətinə bağlı azərbaycanlı hakerlərdir. Yarandığı gündən etibarən qrupun tək missiyası Azərbaycanın informasiya təhlükəsizliyini təmin etmək, Azərbaycana və azərbaycanlılara qarşı törədilmiş soyqırımları, ədalətsizlikləri, erməni terrorizmini, erməni vəhşiliyini dünyaya çatdırmaq, Azərbaycanın Konstitusiyasına və milli maraqlarına zidd olan, ölkəmiz, mədəniyyətimiz, tariximiz haqqında yanlış informasiyalar yayan informasiya resurslarının fəaliyyətinə qarşı mübarizə aparmaqdan ibarətdir.

"Anti-Armenian Team” bəyan edir ki, müasir dünyada informasiya müharibəsinin böyük əhəmiyyət kəsb etdiyi danılmaz faktdır və kiber müharibə III Dünya savaşının mühüm komponenti kimi dəyərləndirilə bilər: "Bu baxımdan düşmən saytlarının zərərsizləşdirilməsi, bu saytlara kiber hücumların təşkili mühüm əhəmiyyət kəsb edir. Hələ 2016-cı ildə bir neçə təşkilatlar "Anti-armenia Team” haker qrupunun dövlət tərəfindən dəstəklənməsi təklifi ilə çıxış edib. Qrup fəaliyyət göstərdiyi müddət ərzində keçirdiyi bir sıra irimiqyaslı kiber-əməliyyatlar nəticəsində düşmən tərəfinə məxsus dövlət və özəl informasiya resurslarını sıradan çıxararaq çox mühüm və məxfi informasiyalar əldə edibdir. Bütün əməliyyatların uğurlu keçirilməsində qrup üzvlərinin tək motivasiyası Azərbaycan dövlətinə və dövlətçiliyinə təmənnasız xidmətidir. Odur ki, qrupumuz adından bütün üzvlərimizi, habelə bizi yaxından izləyən insanları təbrik edir, o cümlədən, Azərbaycan ictimaiyyətinə, media nümayəndələrimizə bizə dəstək və qayğı göstərdikləri üçün dərin təşəkkürümüzü bildiririk! Əmin ola bilərsiniz ki, qrupumuz öz missiyasını bundan sonra da davam etdirəcək, kiber-mühitdə düşmən təxribatının qarşısının alınması istiqamətində apardığı mübarizədən əl çəkməyəcəkdir! Qrup üzvləri üçün tək bir şüarvardır – hər şeydən öncə - VƏTƏN!”./publika
 
İcmal.Az

RƏYLƏR