Yaxta gəzintisində batan azərbaycanlı modelin meyiti tapıldı – YENİLƏNİB

OXUNUB: 811 HADİSƏ

Bakıda dənizdə batan modelin meyiti tapılıb.

İcmal.Az xəbər verir ki, Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis Bölməsindən APA-ya bildirilib ki, bu gün Günel Mirzəyevanın meyiti batdığı yerin yaxınlığında aşkar edilərək sudan çıxarılıb.

Qeyd edək ki, Günel Mirzəyeva bir neçə gün əvvəl Bilgəh çimərliyində dostları ilə birlikdə yaxta gəzintisinə çıxıb. Sahildən 200 metr uzaqlıqda yaxta çevrilib. Nəticədə G. Mirzəyeva dənizdə batıb.

Xatırladaq ki, G. Mirzəyeva "Miss Lafarella” internet müsabiqəsinin iştirakçısı, fitness məşqçisi olub.

İcmal.Az

***


Bakıda gənc model, gözəllik müsabiqələrindən birinin iştirakçılarından olan Günel Mirzəyeva vəfat edib.

İcmal.Az xəbər verir ki, bu barədə Facebook sosial şəbəkəsində Günelin tanışları məlumat yayıb.

Onun rəfiqələrindən biri 1news.az-a söhbət zamanı qızın üzə bilmədiyini deyib.  

"Bu, əsasən, bağ evlərinin sakinlərinin yığışdığı  "vəhşi” çimərlikdə baş verib. O, dostları ilə birlikdə yaxta gəzintisinə çıxıb. Onlar birlikdə 200 metr uzaqlığa gediblər, yaxta aşıb. Günel üzə bilmirdi. Yanındakı şəxs xilas ola bilib, bu isə yox. Onun cəsədi hələ də tapılmayıb. Axtarışlar davam edir”, - agentliyin həmsöhbəti bildirib. 

Bildirək ki, Günelin ölümü ilə bağlı rəsmi orqanlara heç bir məlumat daxil olmayıb.  

"Bunun həqiqət olduğuna inana bilmirəm. inana bilmirəm ki, sən artıq yoxsan! Bizim ən şən, həyatsevər qızımız. Sən həyatı çox sevirdin, planlar qururdun, hər zaman gülürdün. Yardımsevər qızımız. Günlərdir ağlayırıq. Hələ də düşünürük ki, sən sağsan və bizimlə zarafat etmək istəmisən. İnanmaq istəmirəm! Sən belə ölümə layiq deyilsən! Sənə "əlvida” demək istəmirəm, sən hər zaman mənim qəlbimdə yaşayacaqsan... Bizim sevimli Günelimiz”, - Nailə Sultanova adlı rəfiqəsi yazıb.

"Axı niyə? Necə?! Axı niyə səni xilas edə bilmədilər?! İnanmıram! Bu haqda danışmaq istəmirəm! Aman Allah. Günel əbədi olaraq bizim xatirələrimizdə yaşayacaq”, - sosial şəbəkə istifadəçisi İmran Dadaşov yazıb. 

Günel ilə tanış olan sosial şəbəkə istifadəçiləri onun boğularaq öldüyünü bildiriblər. 

Xatırladaq ki, Günel Mirzəyeva "Miss Lafarella” layihəsinin iştirakçısı olub. 

 

 

RƏYLƏR