Azərbaycanlı rəssamın əsəri Fransada birinci oldu - FOTO

OXUNUB: 961 MƏDƏNİYYƏT

Parisin yaxınlığında yerləşən Bulon-Biyankur şəhərində "Beaux-Arts" Cəmiyyətinin payız sərgisində azərbaycanı rəssam Məryəm Ələkbərlinin əsəri mükafata layiq görülüb.

İcmal.Az Report-un Fransa bürosuna istinadla məlumat verir ki, Məryəm Ələkbərlinin "Rosemarie çimərliyi" adlı əsəri sərgidə yer alan rəsm əsərləri içərisində ən yaxşı əl işi elan edilib.

Azərbaycanlı rəssam bu əsərini qeyri-standart ölçüdə (250/180) böyük ustalıqla ərsəyə gətirib. O, möcüzə dolu təbiət mənzərəsini kətan üzərinə canlı rənglərin improvizasiyası ilə, yüksək peşəkarlıqla köçürüb.

Təbiət mövzusuna həsr edilmiş sərgidə 60-a yaxın rəssam, heykəltəraş və fotoqrafın təbiətin ən ağlasığmaz möcüzələrini əks etdirən əsərləri nümayiş etdirilir. Sərgi noyabrın 22-dək davam edəcək.

Qeyd edək ki, "Beaux-Arts" Cəmiyyətinin əsası Fransanın tanınmış rəssam və heykəltaraşı, Parisdə ucaldılan bir sıra bürünc heykəllərin müəllifi Marsel Loyu tərəfindən 1934-cü ildə qoyulub.

 

RƏYLƏR