“Azəriqaz”ın məsul işçisi İrandan Azərbaycana külli miqdarda narkotik vasitələr keçirdi — Onu satarkən tutuldu

OXUNUB: 406 İQTİSADİYYAT HADİSƏ

"Azəriqaz” İstehsalat Birliyinin Lənkəran Qaz İstismari İdarəsinin Lerik Xidməti Sahəsində nəzarətçi çilingər işləmiş Fuad Bayramov və Xalid Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.


Demokrat.az-ın əldə etdiyi məlumata görə, Fuad Bayramov qanunsuz yolla qazanc əldə etmək üçün tanışı Xalid Əliyev və şəxsiyyəti məlum olmayan İran İslam Respublikası vətəndaşı, həmçinin şəxsiyyəti məlum olmayan digər şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda müxtəlif növlü narkotik vasitələrin qanunsuz olaraq satış məqsədi ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına qaçaqmalçılıq yolu ilə gətirilməsi ilə bağlı qabaqcadan razılıq əldə edib.


Bundan sonra cinayətkar qrupun üzvlərinin aralarında olan razılaşmaya və ümumi cinayətkar niyyətə uyğun olaraq, şəxsiyyəti məlum olmayan şəxs bir bağlamada olan vəkülli miqdar təşkil edən narkotik vasitələri- ümumi təmiz çəkisi 995,0 qram tiryəki, ümumi təmiz çəkisi 380,200 qram heroini, ümumi təmiz çəkisi 995,0 qram həşiş qətranını və təsir maddəsinin ümumi miqdarı 11,4 qram təşkil edən 285 həbdə Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələrin II siyahısının I bəndinə daxil olan metadonu satış məqsədi ilə qanunsuz olaraq əldə edib,  məlum olmayan vaxtda Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini, dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənar Xəzər dənizindən keçməklə həmin külli miqdarda narkotik vasitələri gömrük sərhədindən gömrük nəzarətindən kənar, yəni qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirib.


Həmin şəxs narkotik vasitələri Fuad Hüseynov və Xalid Əliyevə təhvil vermək üçün Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin Cənub şöbəsinin Astara rayonunun Şahağacı kəndinin ərazisində yerləşən xidməti ərazisində gizlədib.


Cinayətkar qrupun üzvləri Fuad Bayramov və Xalid Əliyev Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar, qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilmiş, bir bağlamada olmaqla külli miqdar təşkil edən narkotik vasitələri – heroini, tiryəki, həşiş qətranını və metadonu gizlədildiyi yerdən qanunsuz olaraq satış məqsədi ilə götürmək üçün 3 sentyabr 2018-ci ildə saat 23 radələrində Fuad Bayramov özünə məxsus, lakin Xalid Əliyev tərəfindən idarə olunan "NİVA” markalı», 43 BC 686 dövlət qeydiyyat nişanlı avtomaşınla həmin əraziyə gəlib.


Aralarındakı razılığa əsasən Xalid Əliyev avtomaşından düşərək bir ədəd bağlamada içərisində külli miqdarda olan narkotik vasitələri qanunsuz olaraq satış məqsədi ilə əldə edərək saxlayıb, daşıyarkən Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində saxlanılıb.


İstintaq orqanı tərəfindən Fuad Hüseynov və Xalid Əliyevin barəsində Cinayət Məcəlləsinin 32.5,206.3.2-ci (iştirakçılıq; qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq törətmək), 234.4.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) və 234.4.3-cü (külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə ittiham elan edilib.


Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Fuad Hüseynov 9 il, Xalid Əliyev isə 9 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.


Hər iki təqsirləndirilən şəxs barələrində olan hökümdən apelyasiya şikayəti veriblər. Onlar barələrində olan cəzanın yüngülləşdirilməsini istəyiblər.


Onların şikayətləri araşdırılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilib. Hakim Elşad Əliyevin sədrliyi ilə baş tutan iclasda hər iki təqsirləndirilən şəxsin apelyasiya şikayətinin dəlilləri araşdırılıb, sonda qərar elan edilib.


Qərara görə, onların apelyasiya şikayətləri təmin edilməyib.


7News.Az

RƏYLƏR