“AzTV-nin siması tamamilə dəyişib” – Millət vəkili

OXUNUB: 680 SOSİAL

""Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətində son altı ayda çox ciddi keyfiyyət dəyişiklikləri baş vermesini hem tamaşaçı həm də keçmiş bir həmkar olaraq böyük məmuniyyətlə izləyirəm”.

İcmal.Az xəbər verir ki, bunu millət vəkili Qənirə Paşayeva deyib. O, bildirib ki, efirin siması demək olar ki, büsbütün dəyişib, televiziyada böyük canlanma yaranıb. 

"Qısa müddət ərzində belə dəyişikliklərə nail olmaq önəmli uğurdur və ümid edirəm ki, uğurlar daha da artacaq. Bir sözlə görünən odur ki, uzun sürən durğunluq dövrü başa çatıb və Az.TV-nin həyatında yeni mərhələ başlanıb. Yeni mərhələ isə özündə yeniləşmə, müasirləşmə və yüksək zövq ehtiva edir. Efir dinamikasına nəzər salan hər kəs bunun canlı şahidi olur”.

Q. Paşayeva bildirir ki, burada xüsusi qeyd ediləsi məqamlardan biri də təqdim olunan yeni verilişlərdir. Təbii ki böyük zəhmət və gərgin fəaliyyət tələb edən verilişlərin ərsəyə gəlməsi, efirin yüksək zövqlə təqdimatı həm də mənəvi-psixoloji amillə də birbaşa bağlıdır. 

"Şübhəsiz ki, sağlam mühit yaradıcılıq imkanlarını artırır, yeni-yeni ideyalara yol açır. Xüsusilə ictimai-siyasi proqramları qeyd etmək istəyirəm. Dəfələrlə qonaq qismində dəvət aldığım bu istiqamətdə proqramların hər birində aktuallıq və operativlik başlıca prinsip kimi diqqətdə saxlanılır. 

Bəzi hallarda isə bu verilişlər birbaşa park və xiyabanlardan yayımlanır. Bu da məncə AZTV-nin efir praktikasında ilklərdən biridir. 

Mədəniyyət kanalında da yeni və bir-birindən maraqlı layihələr izləyirik. Telekanalda yayımlanan bütün yeni proqramlar tamaşaçının maariflənməsinə, milli-mənəvi dəyərlərin, xüsusilə gənclərdə vətənpərvərlik əhval-ruhiyyəsinin artmasına zəmin yaradır. Bütün bunlar efir palitrasını zənginləşdirir, nəticə etibarı ilə tamaşaçının intellektini zənginləşdirir. Bir sözlə, Az.TV son 6 ayda müsbətə doğru çox böyük addımlar atıb və bunu görməmək sadəcə mümkün deyil. AZTV –dəki həmkarlarıma bundan da böyük uğurlara imza atmalarını diləyirəm”.

RƏYLƏR