BAK prezidenti Elsevər Məmmədov: “Azərbaycana qarşı təbliğat aparan qrupların Avropada heç bir təsir gücü yoxdur”

OXUNUB: 141 SİYASƏT
"Avropada ölkəmizin imicinə zərbə vurmağa çalışan bir qrup insan buradakı soydaşlarımızın çox az bir hissəsini təşkil edir və onların müəyyən güclərin oyuncağı olması Avropanın siyasi dairələrinə də məlumdur”. Bu fikirləri  20 ildir Niderland Krallığında yaşayan soydaşımız, iş adamı, eyni zamanda Benilüks Azərbaycanlıları Konqresinin (BAK)  prezidenti Elsevər Məmmədov deyir.
E.Məmmədov bildirir ki, güclü Azərbaycan dövlətinin Avropa ilə yaxınlaşması bəzi qüvvələri narahat etdiyi üçün onlar müxtəlif vasitələrlə bu əməkdaşlığa mane olmağa çalışırlar: "Azərbaycanla Avropa Birliyi (AB) arasında hər hansı yaxınlaşma olduğu, uğurlu addımların atıldğı vaxtda bir qrup insan ortaya çıxır və ölkəmizin imicini aşağılamağa cəhd göstərirlər. Halbuki, bu qruplar indiyə qədər nə Qarabağ, nə də Xocalı ilə bağlı hər hansı tədbirdə iştirak edib. Çünki onlar milli marağı, ruhu olmayan, Azərbaycan dövlətinə zərbə vuran insanlardı. Lakin bu qrupların Avropada heç bir təsir gücü yoxdur”. 
BAK prezidenti vurğulayır ki, Avropada yaşayan azərbaycanlıların əsas gücü – uzun illərdir burada yaşayan, yerli cəmiyyətə inteqrasiya olan iş adamları, ziyalılar, eləcə də ölkəmizi sevən insanlar Azərbaycan Prezidentini, onun daxili və xarici siyasətini dəstəkləyir: "Mayın 13-də keçirilən mitinq bunu bir daha sübut etdi. Almaniya, Fransa, İsveç, Hollandiya, Danimarka, demək olar ki, Avropanın bütün ölkələrindən vətənpərvər soydaşlarımız aksiyaya qoşularaq Azərbaycan dövətinə, Prezidentinə dəstək nümayiş etdirdi.  Coşqulu keçən aksiyanın fonunda bəzi qüvvələrin etirazı çox cılız qalırdı. Onlar nə qədər çalışsa da, Azərbaycanın gücü qarşısında tab gətirə bilməz, bu qruplara ölkəmizin imicini aşağılamasına imkan verilmir və verilməyəcək.  
Aksiyada iştirak edənlərin əksəriyyəti Avropada doğulub böyümüş, təhsil almış gənclərdi. Azərbaycan dövlətinə dəstək nümayiş etdirən bu gənclər də, Avropanın rəsmi dairələri də həmin qrupların müəyyən güclərin oyuncağı olduğunu bilir. Məhz buna görə, həmin qrupların tələbi ilə Avropa İttifaqının güclü iqtisadiyyata, diplomatik əlaqələrə və orduya malik Azərbaycan dövləti ilə müqavilələr imzalamaqdan geri çəkilməsi inandırıcı deyil” -  deyə E.Məmmədov vurğulayır.

RƏYLƏR