Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ilə Rumıniyanın Konstantsa limanı arasında anlaşma memorandumu imzalanıb

OXUNUB: 798 İQTİSADİYYAT

Rumıniyanın Konstantsa şəhərində keçirilən "İpək yolu” sammiti çərçivəsində "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” (BBDTL) QSC və bu ölkənin Konstantsa Limanı (Dəniz Limanları Milli Administrasiyası) arasında anlaşma memorandumu imzalanıb.

İcmal.Az xəbər verir ki, bu barədə Report-un Şərqi Avropa bürosu məlumat yayıb. Sənədi Azərbaycan tərəfdən BBDTL-nin baş direktoru Taleh Ziyadov, Rumıniya tərəfdən isə Konstantsa limanının baş direktoru Dan Nikolae Tivililchi imzalayıblar.

T.Ziyadov açıqlamasında memorandumun mühüm əhəmiyyət kəsb etdiyini bildirib: "100 mln. ton yükaşırma qabiliyyətinə malik Konstantsa limanı Çindən Qərbə ixrac olunan və Azərbaycandan keçən yüklərin əsas dəhlizlərindən biri hesab olunur. Memoranduma əsasən, tərəflər hər iki limanın imkanlarından istifadə etməklə, bütün növ yüklərin nəqliyyatının kəmiyyət və keyfiyyətinin artırılmasını təmin və təşviq etmək niyyətindədirlər”.

Qeyd edək ki, Konstantsa limanı özünün istismar imkanları hesabına "İpək Yolu” dəhlizinin inkişaf etdirilməsinə imkan yaratmaq gücünə malikdir. Belə ki, limanla Çindən gələn yüklərin dəmir yolu vasitəsilə Mərkəzi və Qərbi Avropaya, eləcə də, Dunay çayı ilə Şərqi Avropa və Baltik ölkələrinə daşınması mümkündür.

Bu gün Konstantsa limanı – sərnişin terminalında keçirilən və iki gün davam edəcək "İpək yolu” sammitində 12 ölkədən 200-ə qədər nümayəndə iştirak edir. Sammitdə T.Ziyadov "Bakı limanı: İpək Yolunun bərpası, qitələrin birləşdirilməsi” mövzusunda çıxış edəcək. 

 

RƏYLƏR