Bakı kəndlərinin deputatından təklif: "Qızları təhsildən yayındıran valideynlər cəzalandırılmalıdır"

OXUNUB: 724 SOSİAL

Bakıətrafı bütün kəndlərdə qızlara qadağa qoyulub. Bunun səbəbini soruşduqda isə cavab olaraq "əgər biz qızı məktəbə göndərsək, kənd camaatı bizi qınayar" deyirlər. Biz bu stereotipi ləğv etməliyik.

Bunu Milli Məclisin Elm və təhsil komitəsinin iclasında deputat Gövhər Baxşəliyeva deyib.

Bu baxımdan maraqlıdır, Bakı kəndlərində təhsil səviyyəsinin inkişafını təmin etmək, xüsusilə də qızları məktəbə cəlb etmək istiqamətində hansı təşəbbüslər irəli sürmək olar?

 Bakı kəndlərinin Milli Məclisdəki təmsilçisi, deputat Eldar Quliyev modern.az-a deyib ki, əvvəllər Bakı kəndlərindəki məktəblərdə müəyyən problemlər müşahidə edilsə də, indi bu kimi hallar aradan qaldırlıb:

"Son 20 ildə  Azərbaycanda digər sahələrdə olduğu kimi, təhsil sahəsində də irəliləyişlər müşahidə edilir. Düzdür, 1990-cı illərin əvvəllərində Bakı kəndlərindəki məktəblərdə müəyyən problemlər var idi. Amma artıq son illər, demək olar ki, elə bir kənd və ya qəsəbə, hətta məhəllə yoxdur ki, orada uşaq məktəbə getməsin. Bakı kəndlərində qızların məktəbə getməməsi ilə bağlı məsələ tam dezinformasiyadır. Bunu tam səmimiyyətimlə deyirəm və sözün arxasında da dayanıram.
Vaxtilə Nardaran qəsəbəsində belə hallara rast gəlmək olurdu. Amma son 5-6 ildir ki, bu məsələlər tam həllini tapıb. Yəni hər bir valideyn öz uşaqlarının təhsili ilə əlaqədar məsuliyyətini dərk edir. Digər tərəfdən, indi hansı zəmanədə yaşayırıq? Bu gün uşaqların məktəbə getməsində problem yoxdur. Həmçinin, Təhsil Nazirliyi, icra nümayəndələri, deputatlar buna nəzarət edir. Öz seçicilərimizlə görüşüb mümkün problemləri aradan qaldırmağa çalışırıq. Yadınıza gəlirsə, qız uşaqlarının məktəbə getməməsini adətən Nardaranla əlaqələndirirdilər. İndi isə bu cür hallar, ümumiyyətlə, müşahidə edilmir".

Eldar Quliyev təhsillə əlaqədar irəli sürmək istədiyi təşəbbüslərindən də söz açıb:

"Bilirsiniz, ölkənin birinci vitse-prezidenti Mehriban Əliyeva təhsil və mədəniyyət sahəsinin inkişafı yolunda ciddi addımlar atır. İlk növbədə, məktəblərdə maddi-texniki bazanın yaradılması, köhnə məktəblərin təmiri, yenilərin tikilməsi istiqamətində müəyyən işlər görülüb. Düzdür, məktəblərin daimi təmirin aparılmasına, avadanlıqların dəyişdirilməsinə ehtiyacı var. Bu məsələlər də hazırda ölkə Prezidenti cənab İlham Əliyevin nəzarətindədir. Uşaqlar bizim gələcəyimizdir və onları təhsilsiz qoymaq  nəinki insafsızlıq, vicdansızlıqdır.
Mən də, öz növbəmdə, Bakı kəndlərindəki məktəblərin təmiri ilə əlaqədar məsələ qaldırdım. Yeni dərs ili ilə əlaqədar Bakı kəndlərindəki məktəblərdə təmir işləri görülüb. Hesab edirəm ki, bu gün  hələ də yeni məktəblərə ehtiyac var".

 

Bakı kəndlərinin Milli Məclisdəki digər təmsilçisi deputat Dilarə Cəbrayılova da deyir ki, təhsillə bağlı səsləndirilən fikirlər yanlışdır:

"Bu gün Bakı kəndlərində çox böyük dəyişikliklər müşahidə edilir. Məsələn, əgər 2-3 il bundan əvvəl Nardarandakı məktəbə qız uşaqlarının  gəlməsi böyük problem idisə, indi qızların dərsdən yayınması halları müşahidə edilmir. Son zamanlar ölkə başçısı möhtərəm prezident İlham Əliyevin Bakı və Bakıətrafı qəsəbələrin  sosial infrastrukturunun yaxşılaşdırılması sahəsində gördüyü tədbirlər nəticəsində Nardaran qəsəbəsində sosial yönümlü müxtəlif tədbirlər görüldü. Məktəblər təmir edildi, yollar çəkildi, qəsəbədə bir neçə dövlət əhəmiyyətli obyekt tikildi. Bir sözlə, Nardaranda baş vermiş bu kimi yeniliklər nəinki Nardaranın simasını, hətta insanların dünyagörüşünü, baxış bucağını da dəyişdi. Digər Bakı kəndlərinə gəlincə, deputatı olduğum Sabunçu rayonunda 12 sentyabr tarixində keçirilmiş təhsil konfransında bir daha vurğulandı ki, son 5 ildə qəsəbələrdə qızların təhsildən yayınma halları az müşahidə edilir və ümumilikdə təhsilə maraq artıb. Təhsil sahəsində  aparılan uğurlu islahatlar təhsil ocaqlarında yüksək nəticələrin əldə olunmasına gətirib çıxarır".

D.Cəbrayılova təhsil istiqamətində görüləcək işlərdən danışarkən valideyn üzərində qanunların sərtləşdirilməli olduğunu bildirib: 

"Əvvəlki illərlə müqayisədə bu tədris ilində Sabunçu rayonunda 46 məktəbdə 2600 şagirddən 2514 nəfər ali məktəblərə sənəd verib, onlardan 1397 gənc ali təhsil ocaqlarına qəbul olunub. Bu il ali məktəblərə qəbul olan abituriyentlərdən 94 nəfər 600-dən çox, 200 nəfər isə 500-dən artıq bal toplayıb. Təkcə Nardaran qəsəbəsində 295 nömrəli tam orta məktəbi bitirən 40 məzundan 29 nəfər ali məktəbə sənəd verib, onlardan 28 nəfər tələbə adını qazanıb. Onlardan bir nəfər 673 bal, 6 nəfər isə 500-dən yuxarı bal toplayıb. Fərəhli haldır ki, tələbələrdən 18 nəfəri məhz qızlardır.

Təhsilə göstərilən dövlət qayğısını nəzərə alaraq, uşaqların təhsildən yayınma hallarının baş verməməsi üçün valideyn üzərində qanunlar sərtləşdirilməlidir. Uşaqları təhsildən yayındıran valideynlər birmənalı surətdə cəzalandırılmalıdır. Qanunlar üzərində nəzarət mütləq gücləndirilməlidir. Bu səbəbdən cəza tətbiqi ilə bağlı tədbirlər görülməlidir. Eyni zamanda, təhsillə bağlı təbliğatlar aparılmalıdır. QHT-lər, Təhsil Nazirliyinin işçiləri müntəzəm olaraq Bakı kəndlərində, o cümlədən cənub zonası və digər bölgələrdə mütləq maarifləndirici tədbirlər görməlidir. Təbliğat ən böyük silahdır. Tərəqiyyə gedən yol təhsildən başlayır".

İcmal.Az

RƏYLƏR