Bakı sakini “Kalaşnikov” satmaq istəyərkən tutuldu - FOTO

OXUNUB: 517 HADİSƏ

Daxili işlər orqanlarının əməkdaşları tərəfindən əllərdə qanunsuz olaraq saxlanılan odlu silah-sursatın aşkar edilməsi məqsədilə növbəti əməliyyat tədbiri həyata keçirilib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən İcmal.Az-a verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsi 5-ci Polis Bölməsinə paytaxt sakini, əvvəllər məhkum olunmuş Anar Hacıyevdə odlu silah-sursat olması və satmaq istəməsi barədə əməliyyat məlumatı daxil olub.

Bölmə əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbiri nəticəsində həmin şəxs saxlanılıb. Hal şahidlərinin iştirakilə A.Hacıyevin əlindəki çantaya baxış keçirilən zaman bir ədəd "Kalaşnikov” markalı avtomat, bir ədəd patron darağı və patronlar aşkar olunaraq götürülüb.

Faktla bağlı 5-ci Polis Bölməsində toplanan material araşdırılması üçün Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Zəruri istintaq hərəkətləri və əməliyyat tədbirləri davam etdirilir.

 

İcmal.Az

RƏYLƏR