Bakı sakinlərindən Prezidentə müraciət: "Azəravtoyol" bizi evimizdən didərgin salıb

OXUNUB: 151 HADİSƏ
Yolu daraldandan sonra həmin küçəyə təcili yardım gəlmir, maşınlar bardürə sürtünür


 
Bir neçə ay öncə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) Bakının mərkəzi küçələri sayılan Bəşir Səfəroğlu, Həzi Aslanov və həmin istiqamətdə kəsişən, həmçinin paralel küçələrdə təmir işlərinə başlayıb. Təmir işləri zamanı piyada səkiləri xeyli genişləndirib və səkilərin kənarları da hündür daşlarla əvəz olunub ki, bu da sakinlərin narazılığına səbəb olub. Belə ki, sakinlər Avtosfer.az saytına müraciət edərək bildiriblər ki, AAYDA-nin həmin küçələrdə apardığı təmin işləri onların həyat tərzini pozub. Xəstə olan zaman həkimə aparmaq, xeyir iş üçün avtomobil saxlamaq, bir dəqiqəlik minib-düşmək və s. kimi məsələlərdə ciddi problemlər yaşanır. Hələ üstəlik, təcili yardım da həmin küçələrə gələ bilmir ki, maşın saxlamağa yer yoxdur. Bütün bunları nəzərə alaraq sakinlər saytımız vasitəsilə Azərbaycan Prezidenti cənab İlham Əliyevə müraciət ediblər. Bildiriblər ki, onların narazılığı məhz aparılan təmir işləri ilə əlaqədardır.

Dəfələrlə müraciət etsələr də iş icraçıları onların təkliflərinə əhəmiyyət verməyib və öz bildikləri kimi hərəkət edirlər. Təmir prosesi zamanı sakinlərin evlərinin qarşısında maşın saxlamasına belə icazə verilməyib. Amma əvvəllər orada bir cərgə avtomobil park edəndə insanlar rahat şəkildə həm səkilərdə hərəkət edir, həm də avtomobillər digər zolaqla gedə bilirdi. Hazırda isə vəziyyət o həddə çatıb ki, hətta texniki nasazlıq səbəbindən bir maşın küçədə dayanmış olsa hərəkət iflic olur. 
Sakinlər bildirirlər ki, səkilərin kənarlarının hündür qoyulması, yola nisbətən səkiyə daha çox yer ayrılması avtomobillərin hərəkətində problem yaradır. "Biz dəfələrlə iş icraçılarına müraciət etdik. Bildirdik ki, buradan gün ərzində piyadadan çox avtomobil keçir. Piyadalar üçün səki olmalıdır, lakin yolun sağ və sol hissəsində bir metr yer saxlamaq kifayət idi. Yol isə iki cərgə ola bilərdi. Amma iş icraçıları inad göstərərək öz bildiklərini etdilər”. 
Avtosfer.az xatırladır ki, bir neçə ay əvvəl bu proses başlayanda mövzunu gündəmə gətirmişdik. O vaxt tanınmış ekspertlər, Bakı Nəqliyyat Agentliyi və Dövlət Yol Polisi İdarəsi həmin küçələrdə işlərin bu cür aparılmasına etiraz etmişdi. Qeyd olunmuşdu ki, yolun bu cür təmiri və daraldılması hərəkətin təhlükəsizliyi baxımından ziyanlı bir addımdır. Bu da nəqliyyat vasitələrinin axınına ciddi təsir göstərəcək. Lakin AAYDA nə həmin ekspertlərin fikirlərinə önəm verdi, nə də digər dövlət qurumlarını saydı. O gündən də öz bildikləri kimi işləri davam etdirirlər. Artıq digər küçələr də eyni qaydada təmir olunur ki, bu da əhalinin haqlı narazılığına səbəb olur. Sakinlər deyir ki, hətta 10-15 saniyəlik belə avtomobil saxlamaq, uşaq düşürmək, xəstə aparmaq belə mümkün deyil. Çünki bu böyük tıxaca səbəb olur. 
Hündür avtomobillər məcbur halda səkinin üstündə park edir ki, nəticədə BNA onlara cərimə yazır. Sakinlər çıxılmaz vəziyyətə qalıb. Nə səkidə maşın saxlaya bilir, nə də yol kənarında dayanıb evlərinə düşə bilirlər. Ona görə də ölkə rəhbərliyinə müraciət edən sakinlər bildirirlər ki, AAYDA-nın bu cür özbaşınalığına son qoyulsun və bu işlərə mütəxəssislərin rəyi əsasında yanaşsınlar.
Vəziyyət o həddə çatıb ki, bəzi sakinlər avtomobilini satmaq məcburiyyətində qalıb. Çünki maşını saxlamaq olmursa nə etməlidirlər? Həmçinin sakinlər gərək toy etməsin. Çünki gəlin maşını dayana bilməyəcək, ölmək də olmaz ki, cənazə maşını gələ bilmir. Taksiyə və yaxud, şəxsi avtomobilə isə ancaq hərəkət halında minib düşmək mümkündür. Hətta həmin ərazidə yaşayanlara qonaq da gəlmir ki, maşın saxlamağa yer yoxdur. 
Sakinlər hesab edir ki, AAYDA bu işi ilə onları mühasirədə saxlayır. Bu da sakinləri incidir və narazı salır. Bunu nəzərə alaraq sakinlər ölkə rəhbərliyinə müraciət edərək AAYDA rəhbərliyinə bu məsələyə yenidən baxılmasını barədə göstəriş verilsin. Çünki hazırda görülən işin mahiyyəti yoxdur. O genişlikdə piyada səkisi heç kimə lazım deyil. Hündür daşlar isə yaşlı insanların düşüb çıxmasına maneə yaradır: "Mühəndislər araşdırma aparsalar görərlər ki, gün ərzində həmin küçələrdə avtomobillərin sayı piyadalardan dəfələrlə çoxdur. Odur ki, bu məsələ diqqətə alınmalıdır.  Nəzərə almaq lazımdır ki, Bəşir Səfəroğlu küçəsi Azərbaycan prospekti ilə Rəşid Behbudov küçəsini birləşdirir. Mərkəzi küçələrində sıxlıq yarananda, yaxud hər hansı tədbirlər əlaqədar bağlananda alternativ yol kimi istifadə olunur. Digər paralel küçələr də həmçinin. Yolun asfalt örtüyünün yenilənməsi, təmir işləri təqdirəlayiqdir. Amma bu qədər enli və hündür səkilər heç kimə lazım deyil. Hazırda gəlib baxsalar özləri də görəcək ki, döngələrdə qoyulan səkilərin üzərində maşınların izləri var. Çünki yolu o qədər daraldıblar ki, sağa-sola dönən maşınların buferi bardürə sürtünür və bu da sürücülərə ziyan vurur. Bütün dönmə yerlərində vəziyyət bu cürdür”.
Qeyd edək ki, bu işləri görən AAYDA nə BNA, nə də DYP ilə razılaşdırmır. Hətta bir neçə ay əvvəl DYP Avtosfer.az saytında məlumat gedəndən sonra təmirdən xəbər tutmuş və işləri dayandırmışdı. Lakin sonradan Dövlət Agentliyi açıqlama verərək bəyan etdi ki, yolların bu formada təmirini onlar həyata keçirsələr də, layihəni Bakı şəhər İcra Hakimiyyətinin hansısa qurumu verib. Ancaq maraqlı sual ortaya çıxır: layihəni qəbul edəndə baxan olmadımı ki, bu cür iş görmək biabırçılıqdır? Həmin küçələrdə 100 metrdən bir yalnız 1 avtomobilin dayanması üçün yer saxlanmışdı, ona da gətirib gül dipçəyi qoyublar ki, ümumiyyətlə heç kim dayanmasın. Bu qədər biabırçı iş nə BŞİH-ə, nə də AAYDA-ya başucalığı gətirmir...


İcmal.Az

 

RƏYLƏR