Bakıda Formula-1-ə hazırlıqlar başladı

OXUNUB: 999 İDMAN

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) 27-29 aprel 2018-ci il tarixlərində keçiriləcək növbəti Formula-1 Azərbaycan Qran-Prisinə hazırlıq çərçivəsində trekin ətrafına təhlükəsizlik baryerlərini quraşdırmağa başlayır.

BŞH-dan İcmal.Az-a daxil olan məlumatda bildirilib ki, əməliyyat şirkəti ictimaiyyətin diqqətinə çatdırmaq istəyir ki, bu həftədən başlayaraq Xaqani küçəsinin Puşkin küçəsi ilə Bülbül prospekti arasında olan hissəsinə baryerlər quraşdırılacaq. 

Sürücülərdən xahiş olunur ki, gecə saatlarında (22:00 – 06:00) Xaqani küçəsinin bu hissəsində avtomobilləri saxlamasınlar, əvəzində yaxın ərazilərdə yerləşən parklanma yerlərindən istifadə etsinlər.

Yarışla əlaqədar aparılan tikinti-quraşdırma işlərinin iki mərhələdə həyata keçirilməsi nəzərdə tutulur. İlkin mərhələ martın sonunadək davam edəcək və bu mərhələdə trekin bəzi hissələrində asfalt qatında bərpa işləri aparılmaqla yanaşı, trek boyunca təhlükəsizlik baryerlərinin əksəriyyəti də quraşdırılacaq. Həmçinin martın əvvəllərində trek ətrafında tribunalar və digər müvəqqəti tikililərin inşasına başlanacaq.

İkinci mərhələ martın sonundan yarış həftəsinədək davam edəcək və bu mərhələdə avtomobil yolları açıq saxlanılmaqla trekin qalan hissələrinə təhlükəsizlik baryerləri quraşdırılacaq, trek ətrafında digər müvəqqəti obyektlərin quraşdırılması davam etdiriləcək və trek yarışa tam hazır vəziyyətə gətiriləcək.

İcmal.Az

RƏYLƏR