Bakıda gecə klubunda Rövşən Lənkəranskiyə həsr olunmuş mahnı istədi, öldürüldü

OXUNUB: 1317 HADİSƏ
Bakıda gecə klubunda müştərini bıçaqlayaraq qətlə yetirməkdə təqsirli bilinən Vüsal İbrahimovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə şahid qismində barda "DJ” işləyən Abdurrahman Almiyaşov dindirilib.

O ifadəsində qeyd edib ki, barda musiqi kəsiləndə bıçaqlanmanın olduğunu bilib: "Mənim bıçaqlanmadan xəbərim sonradan olub. Səs-küy çox idi. Bu vaxt birdən səs kəsildi, onda bildim ki, dava-dalaş olub”.

Hakimin suallarını cavablandıran şahid qətlə yetirilən şəxsin ona oğru aləminə aid mahnı sifariş verdiyini deyib: "Rövşən Lənkəranskiyə  həsr  olunmuş mahnıydı. Vermədim. Çünki bar rəhbərliyi tərəfindən icazə verilmirdi. Ümumiyyətlə, oğru aləmi ilə bağlı mahnı səsləndirmirdik. Rəhbərlik özü də deyirdi ki, belə məsələ olanda heç mənə zəng edib narahat etməyin. Mən də o mahnını verə bilmədim, rəhmətlik əsəbiləşib dedi: "Bu mahnı çalınacaq”. Dedim, get icazə al, mən də sifarişi yerinə yetirim. Əlində də bakal var idi. Çıxıb getdi. Bir az keçəndən sonra belə hadisə baş verdi”.

İstintaq materiallarından məlum olur ki, mərhum Nurlan Atakişiyev mahnı sifarişi yerinə yetirilmədiyi üçün daha sonra barda işləyən Vüsal İbrahimovla mübahisə edib. Əvvəlcə əlbəyaxa dava olub. Sonra V.İbrahimov Nurlanı bıçaqlayıb.

Məhkəmə prosesi iyulun 27-də davam edəcək.

Qeyd edək ki, hadisə Nizami rayonu, "Neftçilər” metrostansiyası yaxınlığında yerləşən "Arbotaj” gecə klubunda baş verib.

1991-ci il təvəllüdlü İbrahimov Vüsal Bəhir oğlu işlədiyi barda mübahisə etdiyi müştəri, Tovuz rayon sakini, 1989-cu il təvəllüdlü Atakişiyev Nurlan Azər oğlunu bıçaqlayıb.

Xəstəxanaya  aparılan Nurlan Atakişiyev orada dünyasını dəyişib. 

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1 (qəsdən sağlamlığa ağır zərbə vurma) maddəsi ilə cinayət işi başladılıb.
 
 
İcmal.Az

RƏYLƏR