Bakıda oğrular günahı bir-birinin üstünə atdı - VİDEO

OXUNUB: 985 HADİSƏ

Məhəmməd Əsgərov Binəqədi Rayon Polis İdarəsinə müraciət edərək bildirib ki, gecə avtomobilinin şüşəsini qırıblar və oradan 2 ədəd mobil telefon, iki mobil nömrə oğurlamaqla ona 2375 manat məbləğində ziyan vurublar.

İcmal.Az ARB TV-yə istinadla xəbər verir ki, Təhlükəsiz şəhər xidməti və Binəqədi Rayon Polis İdarəsinin 5-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bu işdə şübhəli bilinən Bakı şəhər sakinləri Nicat Ələkbərov, Ramin Cəbrayılov və Eldar Baxışov tutulub, daha 2 nəfər isə müəyyən edilib.

Adı çəkilən şəxslər yanvarın 24-dən mayın 4-dək olan müddətdə rayon ərazisində 15 avtomobildən yan güzgüləri, səsgücləndiricilər, videoqeydiyyat qurğusu, təkər, qaldırıcı qurğu, pul, qızıl və məişət əşyaları, sənəd, maqnitofon və tütün məmulatı oğurlayıblar.

Ramin Cəbrayılov - saxlanılan şəxs: "Onlar sadəcə yanımda olublar 2 epizodda. Maşının yanında saxlamışam, "sveça"yla qırmışam götürmüşəm. Telefon, bir də 120 manat pul götürmüşəm".

Nicat Ələkbərov isə iddia edir ki, Raminin oğurluq edəcəyindən xəbəri olmayıb.

Nicat Ələkbərov - saxlanılan şəxs: "Raminin maşınında fırlanırdıq. Gəldi, saxladı. Maşında oturmuşam. Heç bir xəbərim də yoxdur. Pul da verməyib. Heç bilmirəm nə qədər şey oğurlayıb".

Əvvəllər də məhkumluq həyatı yaşayan Eldar Baxışovun sözlərinə görə, o, bu cinayətlərin birbaşa iştirakçısı olmayıb.

 

Eldar Baxışov - saxlanılan şəxs: "Mən bir yerdə olmuşam. Taksi kimi aparmışam. Sürdürüblər, bir yerdə gözləmişəm, sonra da qayıtmışam. Apardığımın pulunu veriblər".

Polis İdarəsindən verilən məlumata görə, ümumilikdə vətəndaşlara 7-8 min manata yaxın ziyan dəyib.

Faktla bağlı cinayət işi başlanıb, istintaq davam edir.

İcmal.Az

Videonu izləmək üçün şəklə klikləyin:

RƏYLƏR