Bakıda vəkil polis bölməsində döyülüb - DİN-dən hadisə ilə bağlı açıqlama

OXUNUB: 471 HADİSƏ
Bakıda polis bölməsində vəkilin zorakılığa məruz qalmasıyla bağlı məlumat yayılıb.


7News.Az xəbər verir ki, iddiaya görə, müvəkkilinin hüquqlarının müdafiəsi üçün Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Bölməsinə gedən Vəkillər Kollegiyasının gənc üzvü Orxan Kəngərliyə qarşı fiziki zor tətbiq edilib.

Bu barədə onun həmkarları da fikir bildirərək hadisəni pisləyib və həmin polis əməkdaşlarının qanun qarşısında cəzalandırılmasını tələb ediblər.

VK Rəyasət Heyətinin sədri Anar Bağırov da məsələyə münasibət bildirib: "İstənilən vəkilə qarşı təcavüzü şəxsən özümə qarşı təcavüz kimi qiymətləndirirəm! Məsələ tam araşdırılmalı və təqsirkar şəxslər qanunda nəzərdə tutulan ən ciddi cəzaya məruz qalmalıdırlar. Bunun üçün bütün zəruri tədbirlər tərəfimizdən görülür və görüləcək!”

***

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini, polis polkovniki Orxan Mansurzadə ONA-ya bildirib ki, vəkilin şöbədə döyülməsi ilə bağlı yayılan iddialar əsassızdır, qərəzlidir və özünü müdafiə xarakteri daşıyır: "Məsələyə səbəb budur ki, Binəqədi qəsəbə sakini olan qadın mənzilindən oğurluq olması ilə bağlı Binəqədi rayon Polis İdarəsinin 4-cü polis şöbəsinə müraciət edib. Şöbə əməkdaşlarının isti-izlərlə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən həmin qadının qohumu olan bir şəxs şübhəli şəxs qismində saxlanılıb. Bununla bağlı Binəqədi rayon Polis İdarəsinin İstintaq şöbəsində cinayət işi başlanılıb. Saxlanılan şəxs oğurluq əməli törətdiyini etiraf edib. Oğurladığı pulun bir qismini maddi sübut kimi istintaqa təhvil verib.

Həmin gün oğurluq törətməkdə şübhəli bilinən şəxsin tanışı olan, özünü və müvafiq orderi təqdim etməyən vəkil araşdırmanın gedişatına, nəticələrinə əsassız və qanunsuz olaraq müdaxilə etməyə cəhd edib. Bu zaman qanuni xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlədib, onları təhqir edib və şöbənin normal iş rejimini pozub”.

Rəis müavini deyib ki, şöbədə vəkilin qanunsuz əməlləri nəzərinə çatdırılıb: "Araşdırma zamanı onun vəkil Orxan Kəngərli olduğu məlum olub. Onun hərəkətlərinin yolverilməz olduğu özünə bildirilib. Əməli ilə bağlı hadisə İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsi ilə sənədləşdirilib. Barəsində həmin maddəyə uyğun inzibati protokol tərtib olunaraq baxılması üçün rayon məhkəməsinə göndərilib”.

O.Mansurzadə qeyd edib ki, vəkil törətdiyi hüquqazidd əməllərini ört-basdır etmək və özünü sığortalamaq üçün bu cür qərəzli məlumatlar yayıb: "Məsələylə bağlı Orxan Kəngərli rayon prokurorluğuna müraciət edib”. 
 
 
İcmal.Az

RƏYLƏR