Bakıda yol polisi başını qaşıyan jurnalistə cərimə yazdı

OXUNUB: 532 HADİSƏ
Yol Polis Xidməti ilə bağlı zaman-zaman narazılıqların olduğunu müşahidə edirik.
Bu gün Modern.az saytının əməkdaşı da haqsızlıqla qarşılaşıb. Belə ki, jurnalist Ağa Neymətulla küçəsindən  Heydər Əliyev Prospektinə  dönərkən 99-YP-269  yol patrul avtomobilində xidmət edən baş leytenant Mehti Səlimov tərəfindən saxlanılıb.

YPX əməkdaşı sürücünün telefonla danışdığını iddia edərək protokol tərtib edib. Jurnalist isə buna öz etirazını edib, başını qaşıdığını bildirib.

Ancaq inspektor sürücünün etirazını qəbul etməyərək protokolu qüvvədə saxlayıb. Ancaq o, tərtib etdiyi protokolu sürücüyə təqdim etməyib.

Əməkdaşımız baş leytenanta, telefonla danışmadığını desə də, o subut  əvəzinə, küçə danışıqları ilə danışıb.

Məsələ ilə bağlı danışan nəqliyyat üzrə ekspert Elmədddin Muradlı deyib ki, təhlükəsizlik kəmərindən və mobil telefondan istifadə biraz mücərrəd məsələdir.

"Son vaxtlar mən də eşidirəm ki, qulağını qaşıyan sərnişini telefonla danışmaq adı ilə saxlayıb cərimələyirlər.Yol Hərəkəti Haqqında Qanunda, İnzibati Xətalar Məcəlləsində bu məsələ aydın şəkildə qeyd olunub. Sükan arxasında  yalnız mobil telefonu əldə saxlamaqla ondan istifadə etdikdə cərimə yazılır. Ona görə də bu mübahisəli bir məsələyə çevrilir. O baxımdan sürücü protokala etiraz etməklə doğru addım atıb. Həmin sürücünün iştirakı ilə bu məsələyə baxılacaq. Çünki artıq şəhərimizin bir çox küçələrində, prospektlərində təhlükəsiz şəhər kameraları var. Burada qaranlıq bir məsələ qalmayacaq”.

 E. Muradlı bildirib ki, hansısa bir inspektorun səhvinə görə sürücü vaxt itkisi ilə üzləşir.

"Sürücü həmin protokol haqqında mütləq elektron şikayət etməlidir. Daha sonra bu məsələyə ətraflı baxılacaq”.
 
 7News.Az

RƏYLƏR