Bakıda yük maşını aşdı: Sürücü təkərin altında qaldı – FOTO + YENİLƏNİB

OXUNUB: 920 HADİSƏ

Fövqəladə Hallar Nazirliyi Bakıda baş verən qəza ilə bağlı məlumat yayıb.

İcmal.Az-ın nazirliyin saytına istinadən verdiyi xəbərə görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Yasamal rayonunda "Howo” markalı yük avtomobili aşıb, kuzada olan qum ətrafa dağılıb. Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri və kinoloqları hadisə yerinə cəlb olunub. Xilasedicilər sürücü, 1983-cü il təvəllüdlü Haqverdiyev Xalid Əlirza oğlunun cəsədini deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. Qum altında insan faktorunun olması ehtimalı ilə kinoloqlar xüsusi təlim görmüş itlərlə müvafiq axtarış işləri aparıblar. Əməliyyat başa çatıb.

***

09:21

Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.

İcmal.Az Report-a istinadən xəbər verir ki, hadisə Yasamal rayonunda, Tbilisi prospektində baş verib.

Belə ki, içi qumla dolu "Howo” markalı yük avtomobili prospektdə hərəkətdə olarkən aşıb. Hadisə nəticəsində nəqliyyat vasitəsinin sürücüsü, 1982-ci il təvəllüdlü, İmişli rayon sakini Haqverdiyev Xalid Əlirza oğlu ölüb. Onun cəsədi parçalanmış formada müəyyən edilib.

Məlum olub ki, ölən sürücü hadisədən bir qədər əvvəl atası ilə telefonla danışaraq, hərəkətdə olan avtomobilini saxlaya bilmədiyini bildirib.

Hadisə şahidlərinin sözlərinə görə, əvvəlcə yük avtomobilinin təkəri sıradan çıxıb. İdarəetməni itirən sürücü avtomobili tərk etmək istəyərkən onun təkəri altında qalıb.

Qəza zamanı daha bir nəfərin öldüyü ehtimal edilir. Əraziyə ağır texnika cəlb edilib. Hadisə zamanı aşmış avtomobildən əraziyə dağılmış qumun təmizlənilməsi və ehtimal edilən ikinci cəsədin axtarışları davam etdirilir.

Qeyd edək ki, yük avtomobilinin aşması nəticəsində yola dağılmış qumun bir hissəsi təmizlənib və hərəkət nisbətən bərpa edilib. 

 

RƏYLƏR