Bakının ən aktiv nənələri bir arada - FOTO

OXUNUB: 611 SOSİAL

"Ailələrin inkişafı üzrə maarifləndirmə ictimai birliyi”nin nəzdində fəaliyyət göstərən "Active Grandmas Club” nənələr birliyi yeni mövsümün ilk tədbirini keçirdi. Sərin noyabr ab-havasında "Səfalı axşamlar” layihəsi adı altında toplanan nənələr bir-birilə tanış oldular. Müxtəlif peşə sahibləri olan xanımların enerji dolu söhbətlərindən yaranan təbəssümlər sayəsində olduqca səmimi gecə yaşandı. Həmçinin tədbir nənələrdən birinin 77 illik yubileyinə təsadüf etdiyindən daha da əyləncəli ab-hava yarandı.

İcmal.Az xəbər verir ki, hər zaman qlobal və aktual məsələləri gündəmə gətirən klub əməkdaşlarının bu dəfə nənələri yığmaqda məqsədi "Ahıl insanların asudə vaxtının təşkilinin problemi” mövzusunu müzakirə etmək idi. Bu gecədə nənələr mövsüm sonuna qədər faydalı və əyləncəli görüşlərin təməlini qoymuş oldu. Belə ki, klub əməkdaşları aktiv nənələrə müraciət edərək gələcəkdə keçiriləcək tədbirlərin necə və hansı şəkildə görmək istədikləri ilə bağlı təkliflərini dinləməyə hazır olduqlarını bildirdilər. Bununla da müzakirələr başladı. Bir-birinin ardınca gələn maraqlı təkliflər qeyd olundu. Gecədə səsləndirilən təkliflər səbəbi ilə deyə bilərik ki, mövsüm olduqca əyləncəli və faydalı keçəcək. Tədbirdə həmçinin klub əməkdaşları tərəfindən nənələr klubunun sədri seçilməsi ilə bağlı təklif də irəli sürüldü. Hər ayın ilk üç gününə təsadüf edəcək "Səfalı axşamlar” layihəsi nənələrin təklif etdiyi maraqlı mövzu ilə artıq növbəti tədbir üçün tam hazırdır.

Xatırladaq ki, "Ailələrin inkişafı üzrə maarifləndirmə ictimai birliyi”nin nəzdində fəaliyyət göstərən "Active Grandmas Club” nənələr birliyi cari ilin mart ayında möhtəşəm açılışa imza atmışdı. Həmin gecədə sevimli nənələrimizə həsr edilmiş "Nənələr sağ olsun!” sosial fotolayihənin təqdimatı baş tutmuşdu. Nənə təkcə həyatı, ev işləri və qayğıları ilə məhdudlaşan ailə üzvü deyil, ətrafdakılar tərəfindən hörmət edilən insandır, onun xidmətləri ilə uşaqları və nəvələri fəxr edə bilərlər. Bakının ən aktiv nənələri kluba dəvətlidir.

Qeyd edək ki, "Active Grandmas Club”nənələr birliyinin gələcək tarixlərdə təşkil olunacağı layihələrdən xəbərdar olmaq üçün rəsmi "Facebook” səhifələrini  (https://www.facebook.com/Active-Grandmas-Club-Baku-124422311579388/https://www.facebook.com/groups/activegrandmasclub/) izləyə və yaxud (050) 365 45 71 əlaqə nömrəsindən qeydiyyatdan keçə bilərsiniz. 

 

RƏYLƏR