Bakının məşhur iş mərkəzi fəaliyyətini dayandırır – SÜRÜŞMƏ TƏHLÜKƏSİ

OXUNUB: 844 SOSİAL
Yasamal rayonu, Nizami küçəsi- 1 ünvanında yerləşən məşhur "Nizami Palace” (keçmiş "Safir Palace”) iş mərkəzi söküləcək. 

Bu barədə BakuPost-a iş mərkəzində ofis icarə edən şirkətlərdən məlumat daxil olub. 

Həmin şirkətlərə bildirilib ki, binada çoxsaylı çatlar yaranıb, təhlükənin artdığı üçün gələn ilin aprelinə qədər iş mərkəzini tərk etməlidirlər. Eyni zamanda nəzərə çatdırılıb ki, apreldə iş mərkəzinin tamamilə sökülməsinə başlanaсaq, yerində isə yaşayış binası tikiləcək. 

BakuPost-un apardığı araşdırma zamanı məlum olub ki, həmin ərazi  sürüşmə zonasında yerləşir. Nərimanov heykəlinin ətrafında yerləşən bu ərazi 2002-ci ildən sürüşmə zonası kimi qeydə alınıb.  
 
 
İş mərkəzinin meneceri Səbinə Zeynalova BakuPost-a bildirib ki, həqiqətən şirkətlərə aprel ayına qədər iş mərkəzini tərk etməli olduqları bildirilib: "Çünki iş mərkəzi gələn ilin aprelində rekonstruksiya məqsədi ilə fəaliyyətini dayandıracaq. Yenidənqurma işlərindən sonra isə artıq iş mərkəzi kimi fəaliyyət göstərməyəcək, yaşayış binası kimi istifadəyə veriləcək”.  

S. Zeynalova "Nizami Palace”də çoxsaylı çatlar yarandığını isə təkzib edib. 

Ancaq bir çox şirkətlərin ofis icarəyə götürdüyü məşhur iş mərkəzinin rekonstruksiya işləri aparılaraq yaşayış binasına çevriləcəyi barədə açıqlama özü də bir çox suallar yaradır. Əgər sürüşmə zonasında yerləşdiyi üçün tikilidə çatlar yaranması problemi yoxdursa, böyük xərc çəkərək Bakının mərkəzində yerləşən məşhur bir iş mərkəzini yaşayış binasına çevirmək iqtisadi baxımdan nə dərəcədə səmərəli ola bilər?!

Bundan əlavə, Paytaxtda sürşmə probleminin həssas olduğu bir dövrdə, sürüşmə zonasına daxil olan  həmin mərkəzi yaşayış binası kim istismara qəbul edər. Aidiyyəti qurumlar bu məsuliyyətin altına girərlərmi?

RƏYLƏR