“Baku BMX 2018”in yayım çəkilişini Bakı Media Mərkəzi təşkil edəcək

OXUNUB: 1168 İDMAN

Bakı Media Mərkəzi bu ilin iyun ayında velosiped idmanının BMX növü üzrə Azərbaycanda təşkil olunacaq dünya çempionatının canlı yayım çəkilişini həyata keçirəcək. Bu da bütün dünyadakı idman həvəskarlarına "Baku BMX 2018” yarışını aparıcı idman kanalları vasitəsilə birbaşa izləmək imkanı verəcək.

İcmal.Az xəbər verir ki, Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) və Azərbaycan Velosiped İdmanı Federasiyasının (AzVİF) təşkilatçılığı ilə keçiriləcək çempionat iyun ayının 5-9 tarixlərində Bakı BMX Veloparkında baş tutacaq. 

Çempionatda planetin 50-dən artıq ölkəsindən təxminən iki min velosipedçinin iştirakı gözlənilir.

Bakı Media Mərkəzi bu mötəbər beynəlxalq yarışın video və foto çəkilişlərini həyata keçirməklə yanaşı, DÇ-yə hazırlıq mərhələsində tanıtım çarxının çəkilişini və dünyanın aparıcı idman  kanallarında yerləşdirilməsini təmin edəcək.

Əsas çəkilişlər 16 kameralı Səyyar Televiziya Kompleksi vasitəsilə aparılacaq. Bundan başqa, yarış zamanı daha keyfiyyətli çəkilişlər aparmaq məqsədilə Mərkəzin yeni texniki qurğularından istifadə olunacaq.

Qeyd edək ki, Bakı Media Mərkəzi Azərbaycanın audiovizual məhsulların istehsalı ilə məşğul olan aparıcı və innovativ media şirkətidir. Şirkət bir sıra yerli və beynəlxalq əhəmiyyətli tədbirlərin yayımının təşkil olunmasında geniş təcrübəyə malikdir.

Buna qədər Mərkəz "Tour d’Azerbaidjan” velosiped turunun Bakıdan və bölgələrdən canlı yayımlarını təşkil edərək dünyanın idman həvəskarlarına bu mötəbər yarışı "Eurosport” kanalında  birbaşa izləmək imkanı verib.

Mərkəz haqqında daha ətraflı məlumatı şirkətin www.bakumediacenter.azrəsmi internet saytından, "Facebook”, "Youtube”, "LinkedIn”, "İnstagram” və "Twitter” sosial şəbəkələrindəki səhifələrindən əldə etmək mümkündür.

İcmal.Az

RƏYLƏR