“Baku City" və “Şans" tikinti şirkətləri sakinlərin yolunu bağladı - ŞİKAYƏT - FOTOLAR

OXUNUB: 736 SOSİAL
 Etiraz edəndə deyirblər ki, "gedin kimə istəyisiniz şikayət edin”
 Bakı şəhəri, Nərimanov rayonu, Əliəşrəf Əlizadə 36a ünvanının sakinləri binalarında yaranan təhlükəli vəziyyətdən və yollarının bağlamasından şikayət ediblər. Avtosfer.az-a ünvanlanan məktubda sakinlər bildirir ki, yaşadıqları binanın yanında köhnə tikililər sökülüb və yerində təzə bina tikilir. Binanın özülü isə elə qazılıb ki, sakinlərin yaşadığı binaya təhlükə yaranıb. Həmçinin insanların evlərinə getmək üçün istifadə etdikləri yol bina tikən şirkət tərəfindən bağlanıb. 

"Yolumuzu bağlayıblar. Sökdükləri həyət evləri ilə bizim binanın arasında 10 metrlik yol var idi. İndi bu yolu da zəbt ediblər. Demək olar ki, binanın həyəti tamamilə tutulub. Evimizə getmək üçün uzun məsafə qət etməliyik. Bütün günü və gecə səsdən yatmaq olmur. Ətrafı toz-torpaq bürüyüb.  Uşaqlar üçün təhlükəli vəziyyət yaranıb. Sakinlər etiraz edəndə də binanı tikən "Baku City" MTK və "Şans" MTK rəhbərliyi bizə deyir ki, "gedin kimə istəyisiniz şikayət edin.”

Sakinlər qeyd edir ki, tikinti standartlara uyğun aparılmır və özül onların yaşadığı binanın lap yanında qazılıb. "Sabah bizim bina uçsa, burda yaşayan yüzlərlə sakinin həyatı təhlükə altında qalar. Buna kim cavab verəcək.”

Qeyd edək ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi binanın standartlara uyğun tikilmədiyini və layihəyə yenidən baxılmalı olduğunu təsdiq edən məktubla Nərimanov rayon icra hakimiyyətinə müraciət edib. 

Sakinlər Avtosfer.az-a ərazidən çəkilmiş fotolar və yuxarıda qeyd edilən məktubun sürətini göndəriblər.

 

İcmal.Az

 






RƏYLƏR