Bankların “sığortalanmayan əmanət” FIRILDAĞI: “Alanda qanuni olur, verəndə qanunsuz?”

OXUNUB: 922 BANK

"Bağlanan bankların bir qismində əmanət müqaviləsində əlavə yatırım imkanı nəzərdə tutulub”.


7News.Az xəbər verir ki, bu fikirləri Əmanətlərin Sığortalanması Fondunun (ƏSF) sığortalanmış əmanətləri qaytarmaqdan yayınmasının səbəblərini şərh edən iqtisadçı Əkrəm Həsənov deyib.


Əkrəm Həsənovun sözlərinə görə, ƏSF müxtəlif bəhanələrə əl ataraq, vətəndaşların əmanətlərinin guya sığortalı olmadığını bildirir:


"Bağlanmış dörd bankın sığortalanmış əmanətçilərinin xeyli hissəsinə vəsaitləri qaytarılmır. Əmanətlərin Sığortalanması Fondu bildirir ki, guya bağlanan dörd bankın bəzilərinə bank nəzarəti orqanı (Maliyyə Bazarlarına Nəzarət Palatası və ya Mərkəzi Bank) vaxtilə əmanət qəbul etməyi yasaq etmişdi.


Buna baxmayaraq, banklar əmanətlərin qəbulunu davam etdirib. İndi də Əmanətlərin Sığortalanması Fondu həmin əmanətləri qanunsuz hesab edərək, qorunan (sığortalı) statusunu tanımaq istəmir. Bu, cəfəng mövqedir.


Əvvəla, bank nəzarəti orqanının vaxtilə verilmiş qərarının nə dərəcədə qanuni olub-olmamasının özü araşdırılmalıdır. Qərar heç yerdə dərc edilməyib, buna görə də bu məsələyə qiymət verə bilmərik. Daha sonra bankın həqiqətən, həmin gizli qərarı pozub-pozmadığını araşdırmaq lazımdır.


Tutaq ki, lap bank nəzarəti orqanının qərarı qanuni olub və bank həmin qərarı pozaraq, əmanətlərin qəbulunu davam etdirib. Bu, sırf bank qanunvericiliyinin pozulması deməkdir. Yəni, publik (inzibati) hüquq çərçivəsində bankla bank nəzarəti orqanı arasında olan münasibətlərdən irəli gələn pozuntudur”.


Ekspert vurğulayıb ki, əmanətçi ilə bank arasındakı münasibətlər mülki hüquqla tənzimlənir və bu müstəvidə hər hansı pozuntu yoxdur:


"Sözügedən əmanətlər üzrə məlum dörd bank Əmanətlərin Sığortalanması Fonduna rüblük sığorta haqqı ödəyib. Necə olur, Fond əmanət üzrə sığorta haqqını ala bilir, amma sığorta ödənişini edə bilmir? Alanda, qanuni idi, vermək lazım olanda, qanunsuz olur?!


İkinci bəhanə guya qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddinin pozulmasıdır. Belə ki, ötən ilin 1 iyul tarixinədək manat üzrə həmin hədd 15 faiz, 1 iyuldan etibarən isə 10 faizdir.


Bağlanan bankların bir qismində əmanət müqaviləsində əlavə yatırım imkanı nəzərdə tutulub. Məsələn, 1 aprel 2019-cu ildə vətəndaş banka 15 faizlə 10 min manat yerləşdirib. 1 avqust tarixində 5 min manat məbləğində əlavə yatırım edib.


Fond indi deyir ki, 10 min manat sığortalıdır, 5 min manat isə yox. Çünki sonuncu 15 faizlə qəbul edilə bilməzdi. Qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddinin dəyişməsi barədə qərarı Fond özü qəbul edir.


Bu qərar qanunvericilik aktı olmadığı üçün əmanətçi onu bilməli deyil. Bunu bank bilməlidir. Çünki məhz bank sığorta sisteminin iştirakçısıdır və Fonda üzvlük haqqı ödəyir. Deməli, bank faktiki Fondun adından çıxış edir. Buna görə də Fond o məbləğləri də kompensasiya etməlidir. Əmanətçilərə tövsiyə edirəm ki, onlar pullarının qaytarılması ilə bağlı Nəsimi rayon məhkəməsində Əmanətlərin Sığortalanması Fonduna qarşı iddia qaldırsınlar”.


 

7News.Az

RƏYLƏR