Başımıza uçan məktəb tavanları...

OXUNUB: 427 Özəl GÜNDƏM HADİSƏ
Dünən mətbuatda Cəlilabad rayonunun Musalı kənd orta məktəbinin döşəməsi və tavanının uçması ilə bağlı xəbər yayıldı. Xəbərdə rayon Təhsil Şöbəsinə istinadən bildirilib ki, yaxın vaxtlarda yeni məktəb binası tikiləcək. Yaxın vaxtlar deyəndə Təhsil şöbəsi çox ehtimal ki, 2019–2023-cü illərdə regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramını nəzərdə tutur.

Mən də tənbəllik etmədən məlum Dövlət Proqramına bir daha göz gəzdirdim. Proqramda Musalı kənd orta məktəbinin adı yoxdur. Yəni musalılar çox da sevinməsin. Niyəsini də yazım ki, həvəslərini qıssınlar.

Deməli, 2012-ci ildən təhsil aldığım Təzəkənd kənd 1 saylı orta məktəbin əsaslı təmiri və ya tikintisi ilə bağlı müraciətlərimə təxminən 10 ildir eyni cavabı verirlər. Belə ki, 2012-ci ilin noyabrında Misir Mərdanova, 2017-ci ilin 5 oktyabr tarixində dövrün təhsil naziri Mikayıl Cabbarova (hazırda iqtisadiyyat naziri), 26 sentyabr 2018-ci ildə Ceyhun Bayramova (hazırda xarici işlər naziri) və nəhayət 29.09.2021-ci ildə Emin Əmirullayevə müraciətlərim olub.


2019-cu ilin martında xahişim və müraciətim əsasında Təhsil nazirinin sabiq müavini Məhəbbət Vəliyeva Təzəkənd kənd məktəbində olub və o da təsdiq edib ki, məktəbin əsaslı təmiri 29 yanvarda (2019) imzalanan Dövlət Proqramına daxil edilib, sadəcə gözləmək lazımdır. Bu barədə mətbuatda kifayət qədər məlumat var.

Yenə də oxuculara qaranlıq qalmaması üçün Fərmanın məhz Cəlilabad məktəblərinə aid olan hissəsini diqqətə çatıdırıram:

Belə ki, 29 yanvar 2019-cu ildə Prezident İlham Əliyev "Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Fərman imzalayıb.

Fərmanın 7.3.43.16. bəndində göstərilir ki, bu illərdə Cəlilabad rayonunda təhsil müəssisələrinin əsaslı təmiri və tikintisi sahəsində işlər davam etdirilməlidir.


Təmiri və tikintisi nəzərdə tutulan məktəblərin siyahısı isə aşağıdakı kimidir:

- Cəlilabad şəhərinin Yeni Yaşayış Massivində 624 şagird yerlik tam orta məktəbin tikintisi;
- Cəlilabad Peşə Liseyinin əsaslı təmiri;
- Cəlilabad şəhər 8 saylı liseyin əsaslı təmiri;
- Şabanlı kənd tam orta məktəbinin əsaslı təmiri;
- Təzəkənd kənd 1 saylı tam orta məktəbinin əsaslı təmiri;
- Kazımabad kənd tam orta məktəbinin əsaslı təmiri;
- Sərhədabad kənd tam orta məktəbinin tikintisi;
- Kovuzbulaq kənd tam orta məktəbinin tikintisi;
- Çəmənli kənd modul tipli ümumi orta məktəbinin tikintisi;
- Söyüdlü kənd modul tipli ibtidai məktəbinin tikintisi;
- Axtaxana kənd modul tipli ibtidai məktəbinin tikintisi;
- Badamağac kənd modul tipli ibtidai məktəbinin tikintisi;
- Vənlik kənd modul tipli ümumi orta məktəbinin tikintisi;
- Edişə kənd modul tipli ümumi orta məktəbinin tikintisi;
- Moranlı kənd modul tipli ümumi orta məktəbinin tikintisi;
- Qarğılı kənd modul tipli ümumi orta məktəbinin tikintisi;
- Albalan kənd modul tipli ümumi orta məktəbinin tikintisi;
- Əliabad kənd modul tipli ümumi orta məktəbinin tikintisi;
- Həsənli kənd modul tipli ümumi orta məktəbinin tikintisi;
- Novruzallı kənd modul tipli ibtidai məktəbinin tikintisi;
- Qamışlıgöl kənd modul tipli tam orta məktəbinin tikintisi.


Göründüyü kimi, Dövlət Proqramına 21 şəhər və kənd məktəbləri daxil edilib. Bu məktəblərin 13-ü modul tipli olacaq, 5 məktəb əsaslı təmir olunacaq, 3 məktəb isə yenidən tikiləcək.

Artıq Proqramın icrasına başlanmasından 3 ildən çox vaxt keçir, bitməsinə də 2 ildən də az vaxt qalır.

Ümid var ki, bu yay tətilində əsaslı təmir olunsun.

Biz hələ də gözləyirik...XəzərNews.az

RƏYLƏR