Bavariya krallarının xəzinəsi Münhen - FOTO

OXUNUB: 1040 MƏDƏNİYYƏT

Əhalisinin sayı 1,4 milyon nəfərdən çox olan Münhen Almaniyanın böyüklüyünə görə üçüncü şəhəri və sahəsinə görə ən böyük federal əyalətinin – Bavariya Azad Dövlətinin paytaxtıdır. Şəhər turistləri möhtəşəm sarayları, qədim meydanları və böyük parkları ilə dərhal ovsunlayır. BMW konserninin vətənində məzmunlu istirahəti sevənlər üçün bütün imkanlar var. Bavariyada 800 ildən çox müddətdə hökmranlıq etmiş Vittelsbaxlar sülaləsinin xəzinəsinin saxlandığı Münhen iqamətgahına gedəndən, Nimfenburq sarayında II Lüdovikin təmtəraqlı karetlərinə tamaşa edəndən və BMW Mərkəzində yüksək texnologiyalar dünyası ilə tanış olandan sonra özümüz də buna əmin olduq. Hələ onu demirik ki, Münhenin özünə də açıq səma altında incəsənət qalereyası kimi baxılmalıdır.

Mənzil başına çatmağın incəlikləri və Mariyenplatsda şou

Hannoverdən Münhenə qatarla gəldik və şəhərin mərkəzinə düşdük. İş elə gətirib ki, Avropa ölkələrində iri şəhərlərin çoxunda əsas dəmir yolu vağzalları, demək olar, həmişə mərkəzdə yerləşir. Hannoverdən Münhenə yol təqribən 4,5 saat çəkdi. Qatara biletləri isə qabaqcadan almışdıq. Axı bütün Avropa boyu dəmir yolu daşımalarını idarə edən "Rail Europe”nin satışlar üzrə baş agentinin - "SI Travel” şirkətinin Bakıdakı ofisində Avropanın istənilən qatarına bilet almaq mümkündür. Özü də bu dəfə biz risk edib qatarlarda hərəkətin yeni üsulundan - "German Rail Pass” abonement kartından istifadə etməyi qərara aldıq. O qədər xoşumuza gəldi ki, onu hamıya tövsiyə edirik. Bu sistem çox sadədir: bu və ya digər istiqamətdə konkret qatara bilet almaq əvəzinə, siz 3-15 gün müddətinə bir növ bir və ya iki adamlıq gediş abonementi alırsınız. Daha sizin marşrut üzərində baş sındırmağa, onu incələməyə, sonra bilet aldığınız qatara çatmaq üçün tələm-tələsik hoteldən çıxmağa, - axı geciksəniz, biletiniz də batır, - ehtiyac qalmır.

"German Rail Pass” ilə vağzala gəlirsiniz və sizə lazım olan istiqamətdə gedən istənilən qatara oturursunuz. Özü də aktivləşdirildikdən sonra siz bu biletdən hər gün istifadə edib, həmin ölkədə və Avropada hərəkət edən istənilən qatar otura bilərsiniz. Sonra hər hansı şəhərdə lazımi qədər qaldıqdan sonra yolunuza davam etmək üçün yenidən bileti aktivləşdirirdiniz. Bunun üçün onun üstünə cari tarixi yazırsınız. Məsələn, 5 gün üçün 2 nəfərlik belə abonementin qiyməti 167,5 avrodur. Bu da çox sərfəli qiymətdir. Nəzərə alaq ki, Almaniyada şəhərlərarası qatarlara bir nəfərlik bir gedişhaqqı orta hesabla 50-80 avro civarındadır.

Münhen bizi tutqun hava və hər yerdə aparılan inşaat işləri ilə qarşıladı. Bavariyanın paytaxtı son dərəcə populyar turizm istiqamətidir. O, sakinlərin və qonaqların gözləntilərini həmişə doğrultmağa çalışır: burada nəqliyyat infrastrukturu daim təkmilləşdirilir, çoxsaylı memarlıq abidələri bərpa olunur, yeni hotellər ucaldılır. Amma Bavariya krallığının keçmiş paytaxtının imperiya möhtəşəmliyini diqqətli turistlərin gözündən heç bir inşaat taxtabəndi gizlədə bilməz. Bu vüsət şəhərin əsas meydanı Mariyenplatsda daha yaxşı görünür. 1867-1908-ci illərdə ucaldılmış Yeni Ratuşa binasının 100 metrdən uzun fasadı Bavariya hersoqlarının, Vittelsbaxlar sülaləsi krallarının və əfsanəvi personajların fiqurları ilə çox gözəl bəzədilib. Mərkəzi qüllədəki saat hər gün saat 11:00 və 12:00-da, yayda isə həm də 17:00-da zəng çalaraq, tamaşanın başlandığını elan edir: saatın pəncərə və qapıları açılır, oradan insan boyu bərabərində kuklalar çıxır və şəhər həyatından müxtəlif səhnələri təqdim edir.

Liftlə Ratuşa binasının 85 metr hündürlükdə yerləşən müşahidə meydançasına qalxmaq olar. Oradan şəhərə çox gözəl mənzərə açılır. Amma bələdçimiz başqa müşahidə meydançasından - Müqəddəs Pyotr Kilsəsinin yaxınlığında yerləşən Münhenin ən qədim prixod kilsəsinin qülləsindən şəhərə tamaşa etməyi məsləhət gördü. XI əsrdə inşa edilmiş bu kilsənin qülləsindən təkcə bütün şəhər deyil, bol çiçəkləyən ətirşahla bəzənmiş Yeni Ratuşa binasının özü də ovuc içi kimi görünür.

Mariyenplatsda həmişə canlanma hökm sürür. Axı turistlərin və biznesmenlərin, avtobusların və elektrik qatarlarının, habelə alış-veriş etmək həvəskarlarının və ağzının dadını bilənlərin yolları məhz burada kəsişir. Biz isə yolumuza davam edib, şəhərin Odeonsplats adlanan digər məşhur meydanına üz tuturuq.

İngilis parkı və Gözəllər qalereyası

Münhenin mərkəzinin, demək olar, bütün nöqtələrindən soğanaq şəkilli günbəzlərlə bəzədilmiş, suvenir və hədiyyə maqnitlərinin çoxunda təsvir olunan iki qüllə görünür. Bunlar şəhərin rəmzi sayılan, Mariyenplats və Odeonsplats meydanları arasında yerləşən Frauenkirxe kilsəsinin qüllələridir. XV əsrdə son qotika üslubunda ucaldılan kilsədə hazırda son beş yüzilliyin incəsənət şedevrləri nümayiş etdirilir.

Budur, Odeonsplatsdayıq. Bu meydana ilk dəfə gələn hər kəsdə elə təəssürat yaranır ki, sanki alman deyil, italyan meydanına düşüb. Qonaqların diqqətini son italyan barokkosu üslubunda ucaldılan tünd sarı rəngli Teatinerkirxe kilsəsi və Sərkərdələr Arkadası deyilən tağ sırası cəlb edir. Bu tağ sırası Florensiyada Sinyoriya meydanındakı Lansa Lociyasının dəqiq surətidir. Sərkərdələr Arkadasının bir neçə pilləsini qalxıb Lüdviqştrasse küçəsinə açılan gözəl mənzərədən zövq almaq olar. Bavariya ordusunun xidmətləri şərəfinə salınan bu küçədə daşdan yonulmuş iki böyük şir sanki sərkərdələr Qraf Tillinin və Knyaz Vredenin tunc heykəllərini, habelə Bavariya ordusunun abidəsini qoruyur.

Elə buradaca – Odeonsplats meydanında italyan üslubunda daha bir yer – Münhenin ən qocaman qəhvəxanası "Tambozi” yerləşir. Burada münasib qiymətlərlə italyan mətbəxinin yeməklərinin dadına baxmaq olar. Düz Hofqarten parkının qabağında yerləşən qəhvəxana İmperator II Maksimilianın kamerdineri Luice Tambozinin şərəfinə belə adlandırılıb.

Madam ki, söhbət parklardan düşdü, Hovqartenin yanında 343 hektar sahədə yerləşən dünyanın ən iri parklarından birini - İngilis bağını xatırlatmamaq olmaz. Parkın təkcə cənub hissəsində eyni vaxtda təqribən 20 min adam yerləşə bilər. İngilis parkı XVIII əsrin sonlarından etibarən münhenlilər və şəhərin qonaqları üçün əsl istirahət vahəsidir. Burada yamyaşıl çəmənlikdə günəş vannası qəbul etmək, Aysbax çayında çimmək, idmanla məşğul olmaq, yaxud sadəcə, kafedə oturub dincəlmək olar. Bir şərtlə: bunun üçün Münhenə daha uzun müddətə gəlməlisiniz. Amma əgər cəmi iki gününüz varsa, onda yaxşısı budur, növbəti görməli məkana baxmağa tələsəsiniz.

Hər bir turist mütləq gedib Nimfenburq saray-park ansamblını görməlidir, çünki bu, Almaniyada barokko üslubunda ən böyük saraydır. 1664-1674-cü illərdə inşa edilmiş, eni 500 metr olan bu dəbdəbəli kompleks mükəmməl bağı və muzeyləri ilə sizi bir göz qırpımında Bavariya monarxiyasının hakimiyyətdə olduğu dövrə aparacaq. Əvvəllər Nimfenburq Vittersbaxlar sülaləsinin iqamətgahı olub. Kral I Lüdviqin Gözəllər qalereyası çox populyar yerdir. Otağın divarları Kralın zövqündə olan 36 ən gözəl Avropa xanımının saray rəssamı Yozef Ştiler tərəfindən 1827-1850-ci illər arasında çəkilmiş portretləri ilə bəzədilib. Birinci Lüdviqin nəvəsinin, Vittelsbaxlar sülaləsinin ən məşhur nümayəndələrindən birinin - Bavariya kralı II Lüdviqin dünyaya göz açdığı çarpayının yerləşdiyi otaq da maraq doğurur. Maraqlıdır ki, həmin dövrdə əyanların doğuş prosesini izləməsinə icazə verilirdi. Amma çarpayının qabağından pərdə asıldığı üçün birbaşa deyil, divara söykədilmiş güzgünün əks etdirdiyinə tamaşa etməklə.

Ay kralı və günəş enerjisi

Bavariya kralları arasında ekssentrikliyi ilə seçilən, 1864-1886-cı illərdə hökmranlıq etmiş II Lüdviq siyasətdən çox incəsənətlə maraqlanırdı. O, xəyallar dünyasında yaşayır və sənaye inqilabı dövründə cəngavərlərə layiq dəbdəbəli qəsrlər inşa etdirirdi. Fransanın Günəş Kralı XIV Lüdovik II Lüdviq üçün ideal monarx idi. O, hətta Herremkimzedəki tikintisi yarımçıq qalmış qəsrlərindən birini Versal sarayının tam surətinə çevirməyi planlaşdırırdı. Qızıl suyuna çəkilmiş divar və mebellər, çox incə çinidən çilçıraqlar, divar və tavanlarda epik mövzuda naxışlar: biz bu möhtəşəm kompleksdə olduq və onun barəsində sizə növbəti reportajımızda danışacağıq.

Nimfenburq sarayında biz Kral Karetləri və Kirşələri Muzeyində olduq. Burada Vittelsbaxlar sülaləsinin dəbdəbəli karetlərinin böyük kolleksiyası nümayiş etdirilir. Şəksiz ki, II Lüdviqin karetləri və kirşələri təmtərağı və gözəlliyi ilə xüsusi seçilir. Kralın imperatriçə Avstriyalı Yelizavetanın bacısı, şahzadə Sofiya ilə toyu münasibətilə hazırlanmış orijinal karet diqqəti dərhal cəlb edir. Doğrudur, nikah mərasimi baş tutmur və bu möhtəşəm karetdən istifadə olunmur. Bələdçimiz dedi ki, II Lüdviq qış gecələrində at qoşulmuş kirşələrdə gəzməyi sevirmiş. Buna görə də onu "Ay kralı” adlandırıblar. Bundan əlavə, saray kompleksində şəlalələri, kiçik gölləri, köşkləri olan barokko üslubunda park və qədim çini qablar kolleksiyası xüsusi maraq doğurur.

II Lüdviqin həyatı bizdə böyük maraq oyatdığına görə Bavariyanın imperiya keçmişi ilə tanışlığı davam etdirməyi qərara aldıq və şəhərin mərkəzində yerləşən Münhen iqamətgahına getdik. Bu iqamətgah 500 il ərzində inşa edilib, burada daim yenidənqurma və tamamlanma işləri aparılıb. Hazırda iqamətgah Almaniyanın ən böyük saraylarından biridir. Keçmiş zamanlarda o, Bavariya hersoqlarının, kurfüstlərinin və krallarının şəhər iqamətgahı olub. Möhtəşəm fasadı binaya əzəmətli görkəm verir, sarayın daxili bər-bəzəyi ondan heç də geri qalmır. İqamətgahın muzeyinin ekspozisiyası 130 salonda yerləşir və onların hamısına tamaşa etmək üçün bir gün kifayət deyil. Odur ki, ilk dəfə ekskursiyaya gələnlər sarayın ən maraqlı məkanlarını, məsələn, Antikvariumu, Köhnə Saray Kapellasını, Mağaralı həyəti, İmperatorun otaqlarını, I Lüdviqin yaşadığı otaqları görməyə çalışırlar. İqamətgahın ən qocaman və dəbdəbəli salonlarından biri olan Antikvariumda, həqiqətən də, qibtəediləcək heykəllər kolleksiyası yerləşir, Mağaralı həyət isə dəniz balıqqulağılarından yaradılmış gözəl mağarası ilə böyük maraq kəsb edir. Küvilye Saray Teatrına getmək fürsətini əldən verməyin. 1751-1755-ci illərdə tikilmiş bu teatr dünyanın rokoko üslubunda ən gözəl teatrıdır. Vaxtilə bu teatrda çox gözəl tamaşalar oynanılıb. Məsələn, 1781-ci ildə Motsartın "İdomeney” operasının premyerası müəllifin öz iştirakı ilə məhz bu teatrda olub.

Hər tərəfində tarixin nəfəsi duyulan məkanlardan uzaqlaşıb, müasir dövrümüzə qayıtmaq üçün BMW Dünyasına yollanırıq. Burada Bavariyanın maşınqayırma zavodlarının istehsal etdikləri avtomobillərin kapotunu açıb baxmaq olar. Münhendə BMW qərargahının bilavasitə yaxınlığında yerləşən çoxfunksiyalı sərgi mərkəzində konsernin yeni məhsullarının təqdimatı keçirilir. Yaxınlıqda yerləşən BMW Muzeyindən fərqli olaraq, BMW Dünyasında bütün eksponatlara əllə toxunmaq, xoşa gələn modelin sükanı arxasına keçmək, gələcəyin maşınları sayılan yeni elektromobillərin iş prinsipi ilə tanış olmaq və hətta pavilyon ərazisində maşınların drayv testini keçirmək olar. Maraqlıdır ki, BMW Dünyası sistemlərinin fəaliyyət göstərməsi üçün bütün enerji kompleksin düz damında yerləşən günəş elektrik stansiyasından daxil olur. Bax, bu, həqiqətən də, konsernin parlaq ideyalarının ardıcıl təcəssümünün nümunəsidir.

Son söz yerinə

Bavariyaya səyahətimiz yenicə başlayır. Münhendə iki unudulmaz gün keçirdikdən sonra biz Bad Ayblinq kurort şəhərciyinə yola düşürük. Burada bizi orijinal sağlamlaşdırma metodikası - Knaypın kontrast vannaları ilə tanışlıq gözləyir. Sonra çox gözəl gölü və adası ilə şöhrət qazanan qonşu Prin-am-Kimze şəhərinə səfərimiz var. Qeyd edək ki, Bavariya kralı II Lüdviqin ən bahalı və dəbdəbəli qəsrlərindən biri bu adada yerləşir. Mütləq bizi izləyin!

 

RƏYLƏR